Xəbər verdiyimiz kimi, noyabrın 28-də Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri həyata keçirilib.
A.Lukaşenko Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək və geniş nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirib. Daha sonra tərəflər arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı bir sıra sənədlər imzalanıb.
Bundan başqa prezidentlər təşkil olunan mətbuat konfransında bəyanatlar veriblər. İki ölkə başçısının çıxışlarından məlum olub ki, tərəflər arasında aparılan danışıqlar müsbət məzmunludur. Bunu Belarus-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi ilə bağlı sosial-iqtisadi, təhsil, informasiya və digər sahələrdə sənədlərin imzalanması da sübut edir.
Lakin prezident İlham Əliyevin mətbuat konfransında çıxışı zamanı bildirdiyi kimi, Azərbaycan üçün vacib olan əsas məsələlərdən biri də beynəlxalq müstəvidə iki ölkənin bir-birinə verdiyi dəstəkdir. Dövlət başçısı belaruslu həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizə verdiyi dəstəyə görə təşəkkür etməklə bu məsələnin rəsmi Bakı üçün prioritet təşkil etdiyini onun diqqətinə çatdırıb.
Ölkə başçısı qeyd edib ki, Belarus həmişə qanunun aliliyinin, beynəlxalq hüququn və beynəlxalq təşkilatların qərar və qətnamələrinin yerinə yetirilməsinin tərəfdarıdır: "Biz qətiyyətlə əməkdaşlıq potensialının gücləndirilməsi niyyətindəyik. Biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ölkələrimiz arasında qarşılıqlı dəstək artıq reallıqdır və sanki avtomatik rejimdə həyata keçirilir. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik".
Öz növbəsində A.Lukaşenko qeyd edib ki, Azərbaycanla Belarus arasındakı mövcud münasibətlər nümunəvi səciyyə daşıyır: "Belə münasibətlər qurmaq asan məsələ deyil. Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bizim kimi münasibətləri olan dövlətlər çox deyil... Biz prezidentlər olaraq nə qədər mürəkkəb olsa da, ən xoş münasibətlər yaratmağa borcluyuq. Bəzən bu, çətin başa gəlir, insan çox gərginlik hiss edir. Amma dostumla Belarusda, Minskdə və ya burada, Bakıda görüşəndə həmişə xoş ümidlər, xoş arzular yaranır. Praktiki olaraq bütün məsələlər üzrə bizim mövqelərimiz tamamilə üst-üstə düşür. Biz çox səmimiyik və bunu gizlətmirik. Beynəlxalq gündəliklə bağlı praktiki olaraq fikir ayrılığımız yoxdur. Biz bütün beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. Burada çox düzgün deyildi ki, biz həmişə bir-birimizi dəstəkləyir və müdafiə edirik".
Ermənistanla birlikdə Rusiyanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında təmsil olunan Belarusdan Azərbaycanın istəyi öz mövqeyini qoruması, rəsmi Bakının ziyanına hər hansı bir qərarın qəbul olunmasına mane olmasıdır. Bu Azərbaycanın işğalçı Ermənistana qarşı yürütdüyü təcridetmə siyasətinə tam uyğundur və Belarus tərəfindən dəstəklənməsi demək olacaq.
Məsələ ilə bağlı fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli hesab edir ki, Belarus-Azərbaycan münasibətləri hər zaman normal müstəvidə olub: "Bu əməkdaşlığın tarixi də bunu sübuta yetirir. İki ölkənin qarşılıqlı olaraq bir-birilərini ayrı-ayrı beynəlxalq təşkilatlarda müdafiə edirlər. Bu baxımdan da Belarus-Azərbaycan münasibətlərinin normal müstəvidə inkişafı təbii qəbul olunmalıdır. Ancaq məsələnin bilavasitə Dağlıq Qarabağ münaqişəsinə bağlanılması mümkün deyil. Şübhəsiz ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Lakin rəsmi Minskin hər hansı bir məsələyə müdaxilə imkanları və təsir vasitələri yoxdur. Çünki Rusiya bu proseslərdə dominant rol oynayır. Ona görə də nə qədər ki, rəsmi Moskva Ermənistanı himayə etməkdən əl çəkməyib və bunu öz dövlət siyasətinin tərkib hissəsi kimi qəbul edəcəksə, prosesdə hər hansı bir irəliləyişin gözlənilməsi mümkün olmayacaq".
Politoloq hesab edir ki, Belarus müəyyən məsələlərdə vasitəçi missiyasını yerinə yetirə və yaxud münasibətlərin yumşaldılmasına cəhd göstərə bilər: "Lakin bu prioritet mövqe hesab oluna bilməz. Çünki Belarus bütövlükdə prosesə təsir göstərə bilən ölkə deyil. Bu mənada, Azərbaycan-Belarus əməkdaşlığını sadəcə iqtisadi əlaqələrin inkişafı müstəvisindən dəyərləndirmək mümkündür".
Siyasi şərhçi Arzu Nağıyev isə qeyd edib ki, Azərbaycanla Belarus arasında münasibətlər doğrudan yüksək səviyyədə inkişaf edir. O "Azadinform"a bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Belarusun atdığı addımlar da təqdirəlayiqdir: "Belarus KTMT-nin üzvü olsa da, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim Azərbaycanı dəstəkləyib".
A.Nağıyev qeyd edib ki, bir sıra toplantılarda Ermənistan prezidenti Serj Sarkisyan aprel hadisələri barədə qeyri-adekvat çıxışlar edəndə Belarus və Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyib: "Belarusun Avropa meylli, müxtəlif inanclı dövlət olmasına baxmayaraq heç vaxt Azərbaycanla xristian-müsəlman söhbəti etməyib. İki dövlət arasında hərbi, iqtisadi sahədə əməkdaşlıq mövcuddur. Siyasi sahədə də Azərbaycan və Belarus dövlətləri bir-birinə dəstək olur".
Siyasi şərhçinin sözlərinə görə, Belarus geosiyasi vəziyyətinə uyğun olaraq Avropaya açılan pəncərə rolunu oynaya bilər: "Azərbaycan gələcəkdə bu imkandan istifadə edə bilər. Hesab edirəm ki, gələcəkdə də iki dövlət arasındakı münasibətlər inkişaf edəcək. Həm Belarus, həm də Azərbaycan müxtəlif bloklardan, eləcə də istər Rusiya, istərsə də Avropa tərəfdən gələn təzyiqlərə baxmayaraq müstəqil siyasət yürüdür. Ən vacib məsələ odur ki, Belarus Azərbaycanın suverenliyini dəstəkləyir. Rəsmi Minskin mövqeyi odur ki, Ermənistan işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır".
Ceyhun ABASOV