Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin sərgi qalereyasında Almaniyada yaşayan azərbaycanlı rəssam, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi İbrahim Əhrarinin 75 illiyi münasibətilə görkəmli fırça ustasının yubiley sərgisi açılıb.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, İbrahim Əhrari Azərbaycanı qəlbən sevən, onunla bağlı olan, ölkəmizi Avropada çox zəngin çalarları ilə tanıdan rəssamdır. Nazir müavini rəssamın 2007-ci ildə əsası qoyulmuş “Berlin-Bakı” Qalereyasının rəhbərlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, o, 2011-ci il mayın 30-da Berlində məşhur Qotfrid-Benn kitabxanasının həyətində ucaldılmış “Xocalı” abidəsinin təşəbbüskarı və müəlliflərindəndir.
Nəzərə çatdırılıb ki, tanınmış rəssam 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına və Əməkdar İncəsənət Xadimi adına layiq görülüb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev rəssamla görüşlərindən danışmış, onu Azərbaycan mədəniyyətinin Almaniyada irsi adlandırıb.
İbrahim Əhrarinin öz dəsti-xətti, öz üslubu olduğunu vurğulayan rektor yubilyara universitetin təbrik ünvanını təqdim edib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov və Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov İbrahim Əhrarinin böyük vətənpərvər rəssam olduğunu bildirib, Bakıda sərgisinin açılması münasibətilə səbəbkarı təbrik ediblər.
Tədbirdə iştirak edən Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle rəssamın Azərbaycan mədəniyyətini Almaniyada, Almaniya mədəniyyətini isə ölkəmizdə təbliğ etdiyini, iki dövlət arasında körpü rolunu oynadığını bildirib.
Sonra sərgiyə baxış keçirilib. Sərgidə rəssamın 172 ədəd rəngkarlıq və qrafika əsərləri nümayiş olunur. Sərgi aprelin 8-dək davam edəcək.