Aprelin 5-6-sı tarixlərində Bakıda keçiriləcək Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasında iştirak etmək üçün Azərbaycana səfər etmiş xarici qonaqlar dünən Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu öndərin məzarı önünə çiçəklər düzən çox sayda xarici ölkədən gəlmiş məktəblilər daha sonra görkəmli aftolmoloq, akademik Zərifə Əliyevanın da məzarını ziyarət ediblər.
Ziyarət zamanı adıçəkilən olimpiadanın təşkilatçısı olan “Çağ Öyrətim” İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən qısa çıxış etdi. Bildirdi ki, bu gün dünyada ekologiya sahəsində mövcud olan problemlər və onların həlli ciddi müzakirə obyektinə çevrilib. Bu məsələdə isə insanların təhsilli, dünyagörüşlü olması böyük rol oynayır. Ə.Özərən çıxışında ulu öndərin Azərbaycan təhsilinin inkişafında oynadığı roldan da söz açdı. Bildirdi ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqının yüksək təhsilli olması üçün çalışıb. Məhz onun fəaliyyəti dövründə çox sayda gənclər ali təhsil almaq üçün xarici ölkələrə göndərilib. O cümlədən «Çağ»ın özü də məhz bu dahi şəxsiyyətin hakimiyyəti illərində Azərbaycana gəlib.
Ə.Özərən olimpiadanın mahiyyətindən söz açaraq artıq yeddi ildir bu cür layihələr həyata keçirildiyini dedi. Bildirdi ki, hazırda Azərbaycanda ekoloji təmizlik və ətraf mühiti yaxşılaşdırma istiqamətində böyük işlər görür. Bunun nəticəsidir ki, bu gün Bakıda və ölkənin digər bölgələrində yaşıllaşdırma işləri aparılır, meşə massivləri, yeni park və bağlar salınır. O, bir daha xatırlatdı ki, keçiriləcək olimpiada Azərbaycanın malik olduğu yüksək dəyərlərin dünyaya çatdırılması üçün vasitədir. Onun fikrincə, məhz bunun bariz nümunəsidir ki, aprelin 5-də beynəlxalq olimpiadanın açılışını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva özü edəcək.