“Axı, Eldar Namazov və Rüstəm İbrahimbəyov kimi “siyasətçilər” Ziyalılar Forumunda iştirakları ilə nəyə nail olub, bu cəmiyyətə hansı yeniliklər, dəyişikliklər gətirdilər, fayda verdilər ki, indidə “El”, Milli Şura yaratmaq ideyasını irəli sürürlər?..”
525.az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Tahir Rzayev dilə gətirib.
Millət vəkilinin qeyd etdiyinə görə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə yaxından bələd olmayan, bu ölkənin bir-iki şəhərində və rayonundan başqa digər regionlarını tanımayan, sadə xalqın içində olub unun ağrı-acısını duymayan R. İbrahimbəyovun bu xalqı aldatmaq, saxta vədlərlə özünə xal yığmaq cəhdləri əbəsdir. T.Rzayev qeyd edib ki, R.İbrahimbəyov bir dramaturq, kinorejissor kimi öz ideyalarını yazdığı əsərlərin, çəkdiyi filmlərin canına hopdura bilər, sintezləşdirməyi bacarar, ancaq antiazərbaycan ideyalarını, yad meylləri bu dövlətin vətəndaşlarına qəbul etdirməyi heç zaman bacarmaz.
“Eldar Namazov da xalqın qəlbinə yol tapmaqda acizdir. Çünki, cəmiyyətimiz onu yaxşı tanıyır, keçdiyi yola bələddir, əməllərini, məqsədini yaxşı bilir. Bu adamların ideyaları reallığa uyğunlaşmadığı, mayasında məkr, şəxsi qərəzçilik, xüsusi mənafelər olduğu üçün bətində boğulan uşaq kimidir və onların doğulub ayaq açmasına ümid yoxdur.
Çünki bu ideyalar və fikirlər Azərbaycan xalqının əleyhinədir. Hər bir ideyanın təməlində onu irəli sürənin şəxsiyyəti, əməli, keçmişi və gələcək məqsədi durur. Məqsəd məkrli, keçmiş bəlli, əməl çirklidirsə, bu ideyalar qəbuledilməzdir. Rüstəm İbrahimbəyovun, Eldar Namazovun və onların havadarlarının buna görə də xalqın adından danışmağa haqları yoxdur.
Onlar özlərinə nahaq yerə əziyyət verirlər. Bələd olduqları işdən yapışsalar daha yaxşı olar. Siyasət hər adamın meydanı deyil...”-deyə, millət vəkili sözlərinə əlavə edib.
K.Həmzəoğlu