Ötən il Fransanın “Energysquare” startapı eyni vaxtda bir neçə qurğunu enerji ilə doldurmağa imkan verən simsiz enerji doldurma qurğusunu təqdim edib.
AzərTAc “4pda.ru” saytına istinadən xəbər verir ki, yaxın vaxtlarda satışa çıxarılacaq “Energysquare” cihazının qiyməti 89 dollar təşkil edəcək. Yükləmə sahəsi və 5 ədəd stiker tədarük dəstinə daxildir.
“Kickstarter” platformasında yerləşdirilmiş layihə 100 min avro toplaya bilib. İndi isə “Energysquare” şirkəti öz enerji doldurma qurğusunun işlək prototipini “CES 2017” sərgisində nümayiş etdirib.
Həmin qurğu istənilən smartfon və planşeti dəstəkləyir. Simsiz enerji doldurmanı dəstəkləməyən qurğuların arxa hissəsinə yapışdırılan stiker “microUSB”, “USB Type-C” və ya “Lightning” konnektorları vasitəsilə cihazın batareyasını enerji ilə doldurur.