“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün tərəflərlə iş aparılması siyasətinə əvvəlki tək sadiqdir”.
Dünən bu fikirləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Patrik Ventrell keçirdiyi brifinqdə səsləndirib. ABŞ rəsmisi qeyd edib ki, güc tətbiqi münaqişəni həll etməyəcək və bütün tərəfləri güc tətbiqindən və yaxud güc tətbiqi ilə hədələməkdən çəkinməyə çağırırlar.
Bu məsələ ilə əlaqədar “525”in müxbirinə münasibətini bildirən BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı qeyd edib ki, ABŞ Dövlət Departamentinin nümayəndəsinin bu açıqlaması birbaşa Azərbaycana yönəlik çağırışdır: “Çünki ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Azərbaycanın ərazi bütövlüyünün müharibə yolu ilə bərpa olunmasına qarşıdırlar. Onlar bu cür bəyanatlar verməklə Azərbaycan xalqının müharibə etmək imkanlarına kölgə salmaq istəyirlər. 20 ildir ki, ermənilər sülh yolu ilə Azərbaycan ərazisini geri qaytarmaq istəmir, bəs, onda biz hansı yolla torpağımızı geri qaytarmalıyıq?! Prosesin bu qədər uzanması birbaşa Ermənistanın milli maraqlarına xidmət edir. Hamıya yaxşı məlumdur ki, Azərbaycan son illərdə həddindən artıq güclənib və ən müasir hərbi texnika ilə təhciz olunub. Hər il Ermənistanın ümumi büdcəsinə uyğun Azərbaycan hərbiyə vəsait ayırır. Bu hərbi texnika işə düşsə Ermənistan hansı vəziyyətlə üzləşəcəyini yaxşı bilməlidir. Bu baxımdan da beynəlxalq təşkilatlar narahatlıqlarını bildirirlər”.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, ABŞ Dövlət Departamentinin bu cür çıxışı təəssüfdoğurucudur. O, hesab edir ki, İraqda, Əfqanıstanda, Liviyada müharibələr aparan ölkə necə olur ki, müharibənin regionun sabitliyi baxımından yolverilməz olmasından danışır: “ABŞ dünyanın super dövləti olmaqla yanaşı, BMT Təhlükəszilik şurasının 5 daimi üzvündən biri və ATƏT-in Minsk qrupunda həmsədrlik edən dövlətdir. Onun rəhbərliyi altında alınan qərarlar necə olur ki, icra olunmur. Dünyada ikili standartlar təəssüflər olsun ki, bu gün də davam etməkdədir. ABŞ dövlət Departamenti məgər bilmir ki, Qərbi Azərbaycan ərazisində Ermənistan boyda dövlət yaradılıb və ardınca Zəngəzur 20-ci əsrin əvvəllərində işğal edilib. Və 20-ci əsrin sonunda da Qarabağ işğal edilərək düşmən nəzarəti altına alınıb. Bunu ABŞ Dövlət Departamenti hər kəsdən yaxşı bilir. Niyə ABŞ Xocalı soyqırımına, dünya azərbaycanlılarının hüquqlarının tapdalanmasına, ermənilərin daimi terror hadisələri törətməsinə münasibət bildirmir? Yalnız güc tətbiq edilməməsi barədə xəbərdarlıq edir”.
Hərbi ekspert hesab edir ki, ABŞ güc tətbiq edilməsini istəmirsə, Ermənistana sanksiyalar tətbiq etməlidir: “Biz də güc tətbiq etmək istəmirik. Bizim ermənilərə ən böyük güzəştimiz də danışıqlar prosesində sadiq mövqe nümayiş etdirməyimizdir. Ancaq ABŞ elə bir addım atmayıb ki, bizdə əminlik yaratsın. Rəsmi Vaşınqton 20 ildir Minsk qrupunun həmsədri kimi apardığı danışıqlar nəticəsində bir kəndimizi boşalda bilibmi ki, bizdə də ATƏT-in ədalətli danışıqlar apardığına əminlik olsun. Heç də ədalətli danışıqlar aparılmır, ikili standartlar var və buna görə də güc tətbiq olunmalıdır. Bunun başqa yolu yoxdur. Regionda vəziyyət xeyli dəyişib. Azərbaycan daha 20-30 il gözləməyəcək ki, onun torpaqları azad ediləcək. Ona görə də ABŞ güc tətbiq olunmasını istəmirsə, vaxt itirmədən torpaqlarımızın azad olunması üçün konkret addımlar atmalıdır”.
Ceyhun ABASOV