Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) QHT, KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.
Bu il ilk dəfə olaraq "Açıq qapı"-da UNEC rektoru, professor Ədalət Muradov tələbə, valideyn və digər vətəndaşların müraciətlərini QHT, KİV, ictimaiyyət nümayəndələri ilə birgə dinləyib.
Müraciətlər əsasən imtahan nəticələrindən güzəştlərin edilməsi, doktoranturaya qəbul, təhsil haqlarının ödənilməsində möhlət hüququnun əldə edilməsi və digər məsələlərlə bağlı olub. Universitetdə çalışmaq istəyən, xüsusən də pedaqoji fəaliyyətlə məşğul olmaq niyyətində olanlar qəbula gələnlər arasında çoxluq təşkil edib. Bütün müraciətlər yerindəcə araşdırılaraq, vaxtında və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə struktur bölmələrə tapşırıqlar verilib.
UNEC-də “Açıq qapı” günləri imtahan sessiyasının sonuna kimi davam edəcək. Görüşlər hər həftənin şənbə günü saat 10:00-12:00-da keçiriləcək. Yanvarın 14, 21, 28-də keçiriləcək növbəti “Açıq qapı”da da QHT, ictimaiyyət nümayəndəsi və jurnalistin iştirakı tam sərbəstdir.
Ə.Muradov KİV və QHT nümayəndələrini “Açıq qapı” günlərində, həm də imtahan sessiyasında yaxından iştirak etməyə dəvət edib: “Universitetdə təhsilin keyfiyyətinin davamlı təkmilləşdirilməsi üçün sizin rəyiniz bizim üçün çox əhəmiyyətlidir”.
Qeyd edək ki, sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə UNEC-də bir sıra yeniliklər tədbiq edilib. Bu yeniliklərdən biri də “Qaynar xətt” (146-1-3) xidmətinin QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilməsidir. Xidmətə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır.
Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyini əsas tutaraq bu il jurnalistlər “nəzarətçi” qismində imtahanlara cəlb olunub. İmtahan sessiyası ictimaiyyətə açıq keçirildiyindən jurnalistlər sərbəst şəkildə imtahanları izləyə bilərlər. Bu da UNEC-də imtahanların şəffaf və düzgün keçirilməsində xəbər verir.
Sessiya dövründə ilk dəfə olaraq QHT nümayəndələri tələbələr arasında sessiya ilə bağlı anonim sorğu keçirəcəklər. Sorğunun nəticələri imtahanların təşkili və tələbə biliyinin qiymətləndirilməsi ilə bağlı real vəziyyəti ortaya çıxaracaq. Qarşıya çıxan problemlərin həlli üçün müvafiq addımlar atılacaq.
S.QARAYEVA