Yanvar ayının 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən İctimai Nəzarət Şurası 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının monitorinqini keçirib.
Monitorinqdə Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, “Cəmiyyət və Vətəndaş Münasibətləri” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, Şəmsi Əsədullayev Xeyriyyə İctimai Birliyinin icraçı direktoru Cəsarət Hüseynzadə, ADPU-dan İctimai Nəzarət Şurasının üzvü, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdiyev, Fizikanın tədrisi metodikası kafedrasının müdiri, dosent Rasim Abdulrazaqov, təhsil ekspertləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Monitorinqin keçirilməsində məqsəd ictimaiyyəti ADPU-da payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı geniş və ətraflı məlumatlandırmaq olub.
Qeyd edək ki, həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biri olan ictimai iştirakçılığın miqyasının genişləndirilməsinə və bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən bu monitorinqlərin ADPU-da ardıcıl keçirilməsi nəzərdə tutulur.
ADPU-da “2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq barədə” müvafiq əmr imzalanıb. Həmin əmrə əsasən payız semestrinin imtahan sessiyasında yazılı və VTS-TEST sistemi üzrə tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətləri araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə 8 nəfərdən ibarət Apelyasiya Komissiyası, həmçinin fakültələr, Magistratura və doktorantura şöbəsi üzrə münaqişə komissiyaları yaradılıb, fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin həyata keçirəcəkləri vəzifələr müəyyən edilib. İmtahan sessiyasını normal mənəvi-psixoloji şəraitdə, obyektiv başa çatdırmaq üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb, imtahanların keçirilməsi üçün lazımi sənədlər tələblərə uyğun hazırlanıb. Digər müvafiq əmrlə universitetdə 7 nəfərdən ibarət İmtahan qərargahı yaradılıb. İmtahan qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə çevik araşdırılıb təmin edilməsi, imtahanların təşkilində və gedişində mənfi hallara yol vermiş şəxslər barədə universitetin rəhbərliyinə mütəmadi məlumat verilməsi tapşırılıb. Fakültələr, eləcə də Magistratura və doktorantura şöbəsi üzrə imtahanların gedişinə nəzarət edəcək imtahan rəhbərlərinin, nəzarətçi-müəllimlərin, münaqişə komissiyalarının tərkibi müəyyən edilib. İmtahan rəhbərləri və nəzarətçi-müəllimlər qeyri-ixtisas sahibləridir.İmtahan zallarında yanaşı oturan müxtəlif fakültələrin tələbələri ayrı-ayrı fənlərdən imtahan verirlər. Bu da onların bir-birinə kömək etmələrinin qarşısını alır. İmtahanların nəticələrinin təlimata müvafiq olaraq tələbələrə çatdırılması təmin edilir. İmtahanların keçirildiyi binalarda qayda-qanunlara riayət olunmasını təmin etmək üçün professor-müəllim heyətinin tərkibindən fakültələr üzrə növbətçilər müəyyənləşdirilib. ADPU-nun filialları, həmçinin ADPU-nun nəzdində ADPK imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinə və rektorluğa məlumat verirlər.
Builki tədris ilində ADPU-ya qəbul olmuş I kurs tələbələrinin və arzu edən digər kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılır. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektvliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin formalaşmasına kömək etməkdir. Digər kurslar isə VTS-TEST sistemi üzrə Kompüter Mərkəzində imtahan verirlər. Gün ərzində 1800 nəfər tələbə yazılı qaydada, 1200 nəfər tələbə isə VTS-TEST sistemi üzrə Kompüter Mərkəzində imtahan verirlər. Yazılı imtahanların yoxlanılması üçün xüsusi otaq ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə bütün imtahanlarının nəticələri ADPU-nun İnternet saytına yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr fakültələr və universitet üzrə yaradılmış münaqişə komissiyalarına, həmçinin İmtahan qərargahına müraciət edirlər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov hər gün imtahan zallarında olaraq imtahan prosesini müşahidə edir, imtahanların çevik, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verir. Bütövlükdə Redaqoji Universitetdə imtahan sessiyasının normal mənəvi-psixoloji şəraitdə və obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir.
S.QARAYEVA