28 saylı Laçın orta məktəbinin kollektivi 25 ilə yaxındır ki, məcburi köçkün həyatı yaşayır.
Buna baxmayaraq, 1992-ci ildən həmin məktəbə direktor təyin edilmiş Nofəl İsmayılovun rəhbəri olduğu kollektiv hər ili yüksək təhsil nailiyyətlərilə başa vurur.
Məktəbin təcrübəli müəllimi Fatma Əmiraslanova "Tərəqqi" medalı ilə təltif olunub. 2015-ci ildə 26 nəfər məzundan 16 nəfər yüksək bal toplayaraq ali və orta təhsil ocaqlarına daxil olmuşdular. 9 nəfər məzun Ali Hərbi Məktəbə daxil olub və 5 nəfər hazırda ordumuzda zabit kimi xidmət edir.
2015-ci ildə Ədəbiyyat Biliciləri Olimpiadasından 1 nəfər şagird 3-cü yerə layiq görülmüş, Təhsil Nazirliyinin diplomu ilə qiymətləndirilmişdi.
Məktəbdə müntəzəm olaraq mədəni-kütləvi tədbirlər təşkil edilir.
Şair Nazim Əhmədli elinin-obasının, doğulub boya-başa çatdığı Laçın rayonunun Əhmədli kəndinin adamlarının, onu əhatə edən dağların, meşələrin, soyuq bulaqların, füsunkar yaylaqların vurğunudur. 9 kitab müəllifi Nazim Əhmədli bugünlərdə məktəb kollektivinin görüşünə gəlmişdi.
Görüşü məktəbin müəllimi Sevinc Əliyeva açıb, qonaqları salamladı. Füsunkar Laçının təbiəti, tarixi keçmişi haqqında danışan publisist Nemət İsbəndiyarov N.Əhmədlinin yaradıcılığından da söz açdı.
Sonra söz şair Nazim Əhmədliyə verildi. O, öz tərcümeyi-halı, yaradıcılığındakı yeniliklər barədə görüş iştirakçılarını məlumatlandırdı. Vətənə, elə-obaya, təbiətə həsr etdiyi şeirlərini oxudu.
Məktəbin şagirdləri söylədikləri şeirlərlə şairi sevindirdilər. Onların ifasında "Qarabağ şikəstəsi", "Şuşanın dağları", "Laçınım", "Arazbarı", "Dağlar" və başqa musiqilərimiz səsləndi.
Görüşün sonunda şair öz şəxsi kitabxanasından 100 nüsxəni məktəbə hədiyyə verdi.
Nemət BƏXTİYAR