|
|
|
|
"Ölkə başçısı hər zaman Azərbaycanın müdafiə qüdrətinin və təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması üçün ən vacib tədbirləri görür və lazımi tapşırıqlarını verir. Azərbaycan prezidenti hər zaman olduğu kimi ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqin də bildirdi ki, 2017-ci ildə hərbi potensialımızın gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək".
Bunu millət vəkili Elman Məmmədov deyib. O əlavə edib ki, dövlətimizin mövcudluğu və müstəqilliyimizin qorunub saxlanması üçün bizim hərbi qüdrətimiz lazımi səviyyədə olmalıdır: "Bu gün Azərbaycanın Ermənistan adlanan cinayətkar qurumla müharibə vəziyyətində olduğunu xatırladan millət vəkili bildirib ki, belə bir şəraitdə dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi, eyni zamanda torpaqlarımızın işğaldan azad olunması, təhlükəsizliyimizin və ərazi bütövlüyümüzün təmin olunması üçün müdafiə qüdrətimizi ən yüksək səviyyədə saxlamalıyıq. Hərbi qüdrətimiz daha da inkişaf etməlidir. Bu gün güclü olan Azərbaycan ordusu hər gün daha da güclənməli, dünyada mövcud olan ən müasir silahlarla silahlanmalıdır. Azərbaycan əsgəri özünün fiziki, siyasi, hərbi hazırlığına görə ən yüksək səviyyədə durmalıdır. Bu çox vacib məsələdir. Bu baxımdan Azərbaycan prezidenti hər zaman olduğu kimi bunu bir nömrəli məsələ kimi hər zaman diqqətlə saxlayır və ordumuz, əsgərlərimizi nə lazımdırsa, onların həyata keçirilməsi üçün tapşırıqlarını verir". Millət vəkili qeyd edib ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları içərisində yer tutur: "Hər bir azərbaycanlı bununla fəxr etməlidir. Bunu biz demirik, beynəlxalq hesabatlarda öz əksini tapır. Ordumuz öz üzərinə düşən ağır vəzifəni şərəflə yerinə yetirmək üçün daha da güclənməlidir. Bu işlər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilməkdədir".
Politoloq Qabil Hüseynli isə deyib ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ilə bağlı çox maraqlı nümunələr göstərdi. O bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvüdür, eyni zamanda müsəlman alyansına da maraq göstərir: "Müsəlman alyansı aparıcı müsəlman dövlərlətini birləşdirən bir siyasi təşkilat kimi formalaşmaqdadır. Azərbaycanın gələcəkdə bu təşkilata qoşulmasını istisna etmirəm". Politoloq vurğulayıb ki, dövlət başçısının da qeyd etdiyi kimi Dağlıq Qarabağ məsələsində obyektiv mövqe tutanların sayı xeyli artıb: "Hətta Prezident buna misal kimi KTMT-nin daxilində Azərbaycanın mövqeyini müdafiə edənlərin az olmadığını göstərdi. Söhbət Qazaxıstandan, Belarusdan, hətta Qırğızıstandan gedir. Dövlət başçısı əlavə etdi ki, əgər Ermənistanı müdafiə edənlər olmasa, işğalçı dövlət bizim qarşımızda bir həftə də dayana bilməz. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllində kifayət qədər nikbindir, bu məsələ xarici siyasətmizdə əsas yer tutur və onun beynəlxalq ictimai rəydə əks olunması üçün səylər davam edir. Bu il bir qədər ağır il olsa da, Ermənistan danışıqlardan imtina etsə də, Azərbaycan hansı yolla olursa olsun öz torpaqlarını azad edəcək, ərazi bütövlüyünün təmininə nail olacaq".
Siyasi şərhçi Azər Həsrət isə vurğulayıb ki, dövlət başçısının "illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi" fikri mübaliğəsiz qəbul edilməlidir və edilir də. Çünki bu bir gerçəkdir ki, Ermənistan yalnız onun-bunun əlinə baxmaqla ayaqda durur. Onun sözlərinə görə, əgər xarici dəstək olmasa, yardımlar gəlməsə Ermənistan doğrudan da bir həftə içində çökər: "Prezident İlham Əliyev bu fikri səsləndirməklə həm erməni xalqına bir daha onların hansı durumda olduğunu xatırladır, həm də illərdir Ermənistanı dəstəkləyən xarici qüvvələrə bir ismarıc göndərir. Bu isə o deməkdir ki, erməni xalqı nəhayət ki, ayılıb düşdüyü acınacaqlı durumun əsl səbəbini anlasın və Ermənistanı dəstəkləyən xarici qüvvələr bu bəd əməllərindən əl çəksin".
PƏRVANƏ