Bu gün Bakı-Böyük Kəsik dəmir yolunun Ucar-Bərgüşad mənzilində 10, 6 km yolun əsaslı təmirinə start verilib.
Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun sökülməsi prosesi başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 208 km dəmir yolu əsaslı təmir olunub.