Zemfira Səfərovanın 2000-ci ildə kiril əlifbasıyla nəşr olunmuş “Ardı yaşanılır” adlı xatirələr kitabı bu cümləylə bitir: “İndi isə...bu yazıya nöqtə qoyuram və daha doğrusu üç nöqtə qoyuram... və yazıram ki, ardı var... Ardı yaşanılır”.
Zemfira xanım - mənim həyat yoldaşımdır, bu il yanvarın 27-də toy günümüzün 55 ili tamam olur. Tanışlığımızın tarixi isə 73 ili aşıb, yəni yeddi yaşımızdan musiqi məktəbinin birinci sinfinə getdiyimiz günlərdən bir ömür keçib... Zemfiranın xatirələr kitabına üç nöqtə qoyduğu gündən isə 17 il keçir. “Ardı yaşanılır” kitabında yazılanları birgə yaşadığımız kimi, ondan sonrakı on yeddi ildə sevinclərimiz, fərəhlərimiz, uğurlarımız da birgə olub. Əfsus ki, kədərlərimiz, itkilərimiz, çətin günlərimiz də...
İndi Zemfira o kitabının davamı olaraq bu son on yeddi ilin tarixini də yazıb və “Ardı yaşanılır” kitabını yeni əlavəylə ilk dəfə latın əlifbasıyla nəşr etdirir. Kitaba Ön söz yazmaq təklifi alanda əlyazmasını tam halında yenidən oxudum və sanki ötən illərimizi bir də yenidən yaşadım. Bu yazıda mənim Zemfiranın musiqişünas alim kimi xidmətlərindən danışmağım yersiz olardı. Elə bu kitabda da elm sahəsində gördüyü müstəsna işlər və bu işlərə ən nüfuzlu ziyalılarımız - bəstəkarlar, alimlər, yazıçılar tərəfindən layiqincə verilən yüksək dəyər haqqında səhifələr var. Amma hələ çox illər əvvəl “Ardı yaşanılır” kitabının əlyazmasıyla tanış olanda və indi təzə hissəni əlavəsiylə yenidən oxuyanda onun yazıçı qələmini qiymətləndirməyə bilmərəm. Bəlkə də birgə həyatımızın böyük bir qismini əhatə edən belə bir kitabı mən yazmalıydım. Amma Zemfira olanları elə ətraflı, qeyri-adi yaddaşının ehtiyatlarından bəhrələnərək, canlı, əyani və təsirli şəkildə təsvir edib ki, oxuduqca ötüb keçən günlərimizçün nostalji, qəribsəmə hissləri məni riqqətləndirir, kövrəldirdi.
Yazı, özəlliklə memuar xarakterli yazı qəribədir, sanki real həyatı bir daha kağız üzərində yaşayırsan və bu kağızda yaşanılan həyat də elə ötüb keçmiş ömür qədər diri, gerçək və təsirlidir. Mənimçün bu bir növ təsəllidir, sanki itirdiyin ən əziz adamların, ən yaxın dostların haqqında xatirələr yazıda canlandıqca onların özləri də yenidən dirilir, sənə yanaşır, səninlə danışırlar. Gah qayğılı, gah nəşəli günləri görürsən, şux zarafatlara gülürsən, səmimi etiraflara inanırsan, hıçqırıqları və qəhqəhələri eşidirsən. Sanki paralel bir həyat müstəvisi yaranır və bu müstəvidə hamı sağdır - indi yaşayanlar da, dünyasını dəyişənlər də... Zemfiranın kitabını oxuduğum zaman aldığım ən böyük təəssürat da bəlkə elə budur - hamımızın - yaxınlarımızın, əzizlərimizin, dostlarımızın bir arada olduqları əbədi gerçəklik... Ölümsüz, itkisiz bir dünya.
Kağız üzərində yaşanılan ömrün başqa bir özəlliyi və gözəlliyi də var. 71 ildən bəri tanıdığım, 55 ildən bəri həyat yoldaşım Zemfiranı da sanki hansı cəhətləriyləsə yenidən tanıyıram. Özü də etiraf etdiyi kimi qapalı adam olan Zemfiranın bu kitabda mənim haqqımda yazdığı xoş sözləri real həyatda çox nadir hallarda eşitmişəm və bu da ürəyimcədir. Kəlməbaşı “qadan alım, ağrın alım” deyənlərin çox vaxt duyduqları yalnız elə dillərində olur. Real davranışda hisslərini biruzə verməyə tələsməyən adam duyduqlarını səmimi şəkildə yazısında izhar edirsə, bu əbədiyyətə ünvanlanan ismarışdır.
Rus dilində çap etdirdiyim üçcildlik LİK (Literatura, İskusstvo, Kultura Azerbaydjana) esselər kitabının Elm bölümündə Zemfira haqqında da yazım var. Bu yazı bölümün sonunda verilir o səbəbdən ki, həyat yoldaşım haqqında yazını yaşlı alimlərimiz barəsində esselərdən qabağa salmaq düz olmazdı. Amma yazını sonda verməyimin bir izahı da var ki, onu elə həmin mətnin axırında bəyan etmişdim. İzah edirdim ki, alimlər haqqında yazıları onların yaşlarına uyğun sıralayıram, Zemfira isə doğum ilindən asılı olmayaraq onların hamısından cavandır. Hər halda mənimçün.
... Və bu gün 80 yaşımız ərəfəsində yetmiş illik sevgim, 55 illik həyat yoldaşım, balalarımızın anası, nəvələmizin nənəsi və 2017-ci ilin yanvarında dünyaya gəlmiş nəticəmiz Muradın hər ikimizi ulu baba, ulu nənə etməyinə rəğmən Zemfira mənimçün hər zaman 45-ci ilin sentyabrında gördüyüm hörüklü gözəldir. Həmişə də belə olacaq.
Kitabının yeni nəşrini də müəllif yenə “Ardı var…ardı yaşanılır...” sözləriylə bitirir.
Arzum budur ki, ardı hələ çox-çox illər yaşanılsın və kitabın yeni nəşrlərində yaşanılan ömrün yeni səhifələri beləcə təsirli və canlı əks olunsun.
2012-ci ildə toy günümuzun əlli illiyini - Qızıl toyumuzu qeyd edərkən Günelin təşəbbüsü və tərtibiylə “Əlli illik nağıl” adlı çox nəfis bir kitab-albom nəşr olundu. Kitab-albomda yaxınlarımızın, qohumlarımızın, dostlarımızın xoş sözləri, təbrikləri, çoxlu şəkillər yer almışdı. Kitabın sonunda mənim də yığcam bir yazım verilmişdi:
“Hər halda əlli il bundan əvvəl biz yanılmamışıq, elə deyilmi Zemfira? Nazım Hikmət toyumuza göndərdiyi təbrikdə yazırdı: “Cavanlara dünyada ən çətin şey olan səadət arzulayıram”. Ömrümüzün ən böyük səadəti balalarımızın - Turalın, Günelin dünyaya gəlməsi oldu.
Nağıl davam edir. Nağıllarımız adətən belə başlayır: Biri vardı, biri yoxdu... Qoy bizim nağılımızda heç vaxt biri vardı, biri yoxdu deməsinlər. Həmişə - biri var, o biri də var - desinlər”.
Bu arzuma Zemfira da yalnız bircə kəlmə əlavə etmişdi:
“Amin”!
“Ardı yaşanılır” kitabını xüsusiylə gənclərə oxumağı tövsiyə edirəm. Səni isə təbrik edirəm Zemfira! Həm toyumuzun 55 illiyiylə, həm də yeni kitabınla!
Köhnə məktəb yoldaşın, Həyat yoldaşın ANAR
22 yanvar 2017