|
|
|
|
(Əvvəli ötən şənbə sayımızda)
Parisin digər mühüm kilsəsi Monmartr təpəsində yerləşən Sakra-Kyor (“Müqəddəs Ürək”) kilsəsidir.
Limona bənzər qübbələri ilə seçilən və yüksəklikdə yerləşdiyindən hər tərəfdən görünən bu bina da şəhəri bəzəyən incilərdən biridir. Monmartr təpəsində bir əsrdən çox müddətdə yaradıcı ziyalılar - yerli və əcnəbi bohema yığışmağa başlamışdı. XIX əsrin sonunun, XX əsrin əvvəllərinin görkəmli ədəbiyyat və incəsənət xadimləri buradakı kafeyə yığışıb, öz yaradıcılıq problemlərini müzakirə edirdilər. O vaxtlar Paris iri ətirli çiçək kimi arı timsallı yaradıcı insanları özünə cəlb edirdi. Görkəmli amerikan rejissoru Vudi Alenin öz ssenarisi əsasında 2011-ci ildə çəkdiyi və Oskar mükafatına layiq görülən “Parisdə gecə yarısı” filmində 1920-ci illərdə Parisə axışıb gələn və yeni ilhama yiyələnən yazıçıları və rəssamları realistik qaydada təsvir edir. Onların arasında ispan rəssamı Pablo Pikasso, amerikan yazıçıları Frensis Fitscerald və Ernest Heminquey də vardır. Şəhər haqqında deyilən məşhur kəlam da: “Paris daim səninlə olan bayramdır” məhz Heminqueyə məxsusdur.
Notr-Damın yerləşdiyi Site adası Parisin ana hüceyrəsi rolunu oynayır. Əsrlər keçdikcə şəhər bu nöqtənin ətrafında dövrələrlə böyümüş, inkişaf etmişdir. İki min ilə yaxın bundan əvvəl burada qall və Roma allahlarına sitayiş edirdilər. Bizim eranın I əsrində isə Paris qayıqçıları burada Yupiterə mehrab həsr etmişdilər. Notr-Dam min il sonra tikilsə də, onun qədim bütpərəst əcdadları olmuşdur.
Parisin iftixarı həm də onun muzeyləridir. Zənginliyi şübhə doğurmayan Luvr və d`Orse muzeyləri qiymətli eksponatlarına görə dünyanın ən mötəbər sənət məbədlərinə çevrilmişdir. Sankt-Peterburqun Ermitaj muzeyinin pərəstişkarı olan səfər yoldaşım Luvrda olana qədər, onun Rusiyanın məşhur muzeyinə uduzduğunu bildirirdi. Luvrda gördüklərinin təsiri altında isə fikrini əsaslı sürətdə dəyişməli oldu. Digər səfər yoldaşımız isə hər bir eksponata xüsusi diqqət verir, hətta detalları da yaddaşına həkk etmək istəyirdi. Bu, bir qədər müəmmalı təsir bağışlayırdı. Lakin tezliklə hər şey məlum oldu. Axşamlar oteldən mobil telefon vasitəsilə xaricdə yaşayan oğluna səsli messaj göndərir, nə gördükləri barədə hesabat verirmiş. Yüksək intellekt sahibi olan oğlunun yanında öz nüfuzunu aşağı salmamağa, səhvə yol verməməyə cəhd etdiyindən, ətraflı məlumatları ilə oğlunu da təəccübləndirirmiş.
Luvr elə bir dağa bənzəyir ki, onun təkcə zirvəsini müşahidə etməklə fikir yürütmək, dağı tanıdığını bildirmək naşılıq əlaməti sayıla bilər. Luvrun çox qiymətli eksponatlarına diqqətlə tamaşa etmək, onları sevmək muzeyə yalnız az da olsa, bələd olmaq barədə fikir yürütməyə əsas verə bilər. Girişdə Misir abidələri, heroqlif yazı lövhələri nümayiş etdirilir. Böyük Sfinksin heykəli Gizadakı Xeops (Xufu) piramidasının mühafizəçisi rolunu oynayan Sfinksi yada salır. Qədim Yunanıstan zalında Parfenonun maketi ilə yanaşı, Britaniya muzeyindəki çox sayda olan frizlər kimi, barelyeflər nümayiş etdirilir.
Qədim Roma şöbəsində Miloslu Veneranın - gözəllik və məhəbbət ilahəsinin ecazkar heykəlinin ətrafında çoxlu tamaşaçılar toplaşır. Mifologiyada olduğu kimi, heykəldə də bu qadın füsunkar gözəllik simvolu kimi çıxış edir. Ermitajdakı Tavridalı Veneraya valeh olan kişi cinsindən olanlar ehtirasın və ya ona yaxınlığın sehrinə bələd olmaq üçün mərmər heykəli qucaqlayırlarmış. Yaxşı ki, Ermitajdakı bu ağılsız ənənə Luvra yol tapa bilməmişdir. Venera mifdə əri ola-ola məşuqu ilə intim yaxınlıq etdiyi, hətta ondan oğul doğduğu halda, heykəldə təsvir olunan qadından isə ətrafa bəkarət dalğası yayılır. Venera təkcə gözəl deyildir, həm də məhəbbət, ehtiras daşıyıcısıdır, heykəldə qadının məxsus olduğu bədən ləyaqətləri özünü qabarıq şəkildə büruzə verir. Amerikan aktrisası Elizabet Teylor özünün də bu ləyaqətlərdən xali olmadığını yaxşı başa düşdüyündən, qadın bədəninin gözə çarpan cəhətlərinin gizlədilməsi əleyhinə çıxırdı. “Kleopatra” filmində onun ifasında Misir çariçası bu üstünlüklərini çəkinmədən Roma sərkərdələrinə göstərir. Füsunkar Yelenaya Paris aşiq olub, ərli qadını götürüb qaçdığı və bununla vətəni Troyanı məhvə aparan müharibənin başlanmasına səbəb oldusa, Kleopatranın gözəlliyi böyük Roma sərkərdələri Yuli Sezarı və Mark Antonini başdan çıxardı və onlar bu gənc qadına Misir taxt-tacını hədiyyə verdilər.
Sonrakı otaqlarda adamlar Leonardo da Vinçinin “Cokonda” (“Mona Liza”) portretinə böyük maraqla, əsərin sirrinə bələd olmağa can atmaq yolu ilə tamaşa edirlər. Bu tabloda müəmmalar, sirlər isə çoxdur, onlardan ən başlıcası Mona Lizanın təbəssümüdür. Bu təbəssüm öləri insan məxluqundan daha çox ilahələrə məxsus olduğunu vurğulayır. Portret elə ustalıqla çəkilmişdir ki, istənilən böyük rəssamı titrəməyə və utanmağa məcbur edə bilər. Tablodakı peyzaj fonu isə dünyanın böyüklüyü təəssüratını daha da gücləndirir. İşıq-kölgə effektindən istifadə formaları əsərə xüsusi yumşaqlıq verir. Bu, Leonardonun rəngkarlıqda icad etdiyi “sfumato”dur, hərfi mənada bu söz “tüstü” deməkdir.
Leonardo da Vinçi böyük italyan rəssamı, mühəndisi, ixtiraçısı olsa da, Fransaya da yad deyildi. O, 1516-cı ildən üç il sonrakı vəfatına qədər Fransa kralı I Fransiskin rəssamı və arxitektoru kimi fəaliyyət göstərmişdir. “Mona Liza” isə onun yaradıcılığında xüsusi yer tutur. Onun nail olduğu bu zirvədə rəssamın böyük yaradıcı olan təbiətin özü ilə yarışı başlanır.
Romadakı Panteonda yerləşən Rafael Santinin qəbri üzərində də onun təbiətlə yarışa girdiyi və çox hallarda ona qalib gəldiyi bildirilir. Luvrda Rafaelin “Əjdahanı öldürən Müqəddəs Georgi” tablosu nümayiş etdirilir. Onun şah əsəri sayılan “Sikstin madonnası” tablosu isə Drezden qalereyasını bəzəyir. Əsərdə təsvir olunan Məryəm ana ilə qucağında gözləri geniş açılmış körpə İisusdan bəşər övladlarından daha çox, mələk əlçatmazlığı hissi yaranır.
Luvrda Titsianın, Tintorettonun, Veronezenin fırçalarından çıxan gözəl tablolar, portretlər vardır. Titsianın “Güzgüyə baxan qadın” əsərində dolu bədənli yaraşıqlı qadın təsvir olunmuşdur. Karavacconun “Fala baxan qız” tablosunda gənc rəssam özünü də təsvir etmişdir. Axı o da az yaşamış, Rafael kimi həyatdan 37 yaşında getmişdi.
Luvrda fransız rəssamları Jan Kluenin, Nikola Pussenin, Antuan Vattonun, Onore Fraqonarın lirik mövzularda çəkilmiş tabloları əks etdirilir. Jak-Lui Davidin “Horatsilərin andı” əsərində qədim Roma tarixinin mühüm bir səhnəsi - qoca Horatsinin üç əkiz oğluna qılıncı təqdim edib, Roma naminə and içdirib ölümcül vuruşa göndərməsidir. Qardaşlardan ikisi həlak olsa da, üçüncüsü ağlı və cəsarəti hesabına Kruatsinin üç əkiz oğlunu öldürüb, Romanı asılılığa düşmək təhlükəsindən xilas edir. Davidin digər bir tablosu 1804-cü ildə Napoleona imperator tacı qoyulması təntənəsini təsvir edir. Napoleon qaydanı pozaraq Notr-Damda keçirilən bu mərasimdə iştirak edən Roma papasının əlindən tacı qapıb, özü öz başına qoyur və sonra arvadı Jozefinanı taclandırır. Rəssam dəqiqsizliyə də yol vermişdir. Napoleonun anası Letitsiya orada iştirak etmədiyi halda, onu iştirakçıların arasında təsvir etmişdi.
(Ardı var)