Təhsil naziri Misir Mərdanov son günlər məktəblilərin itkin düşməsi faktına münasibət bildirib.
Lent.az-ın məlumatına görə, Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, bu hallara münasibəti çox mənfidir.
Belə halların baş verməsinə görə təəssüf etdiyini deyən nazir qeyd edib ki, əvvəlki illərdə də bu cür faktlar olub: “Əksər hallarda onlar sağ-salamat tapılaraq öz evlərinə qaytarılıblar. İnanıram və arzu edirəm ki, bu dəfə də uşaqlar sağ-salamat öz evlərinə qayıtsın. Əlbəttə, səbəblər müxtəlif ola bilər. Uşaqların uşaq və gənclik yaşlarında müxtəlif hallarda belə işlər verir. Biz hamımız çalışmalıyıq ki, bu cür hallar olmasın”.
Təhsil naziri qeyd edib ki, belə halların baş verməməsi üçün əsas məsuliyyət valideynlərin üzərinə düşür. Onun sözlərinə görə, ikinci məsuliyyət isə əlbəttə ki, məktəb və müəllimindir.
Qeyd edək ki, son günlərdə Bakıda 3 məktəbli itkin düşüb. Onlar məktəbə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıblar. Artıq onlardan 2-si tapılsa da, birinin axtarışı istiqamətində axtarışlar davam edir.