|
|
|
|
Aprelin 19-dan 21-dək muzey mərkəzinin incəsənət qalereyası Baku Creativ Center mərkəzi ilə birlikdə “EKO ART” sərgisi keçirəcəkdir.
525.az-ın məlumatına görə, “Baku Galleries Festival 2013” incəsənət qalereyaları festivalları çərçivəsində təşkil edilən bu sərgi Ətraf Mühitin Mühafizəsi gününə həsr edilmişdir. Qalereyadan verilən məlumata görə bu layihənin məqsədi yaradıcı şəxsiyyətləri ümumi məkanda birləşdirmək, sənət sərrafları üçün yaradıcılıq bayramı təşkil etməkdir.
Sərginin mövzusu bir sıra rəssamların böyük marağına səbəb olmuş və onları ekologiya mövzusunda yeni əsərlər yaratmağa sövq etmişdir. Rəssamların çoxu məxsusi bu sərgi üçün yeni işlər yaradıblar.
Sərginin ekspozisiyasında Sabir Çopuroğlunun “Qarabağ” seriyasından olan rəsmləri, İlham Mirzəyevin “Molekullar”, Vüqar Əlinin “Təbiətin arzusu”, İsa Məmmədovun “Bakının bağ evləri”, Etibar Məmiyevin “Tənha ev”, Sənan Səmədovun “Qara günəş”, Natiq Fərəcullazadənin “Unudulmuş ev”, İrina Eldarovanın “let s cleanc up” silsiləsindən “Hamama get”, Fərhad Fərzəliyevin “Odlu ölüm”, Olqa Elin “Oğul”, Elşən Sərxanoğlunun “Körpülər”, Səlim İsmayılovun “Tuatara”, Əmrulla İsrafilovun “Panorama” və b. əsərləri, Mehriban Əfəndinin “Zülmətdə işıq” adlı qrafik əsəri, Faiq Hacıyevin “Küləyi gözləyən”, Vadim Knyazixinin “Körfəz üzərində uçuş” adlı heykəltəraşlıq nümunələri, Fərid Xayrulinin “Abşeronun ekologiyası” silsiləsindən “Neftin haqqı”, Ruslan Məmmədovun “Azərbaycan planeti”, Tatyana Ağababayevanın “Gəliş-gediş” batikası, Eldar İbadullayevin “Balıqlar” installyasiyası, habelə şəhərimizin qonağı, Rusiyanın tanınmış teatr rəssamı, Sankt-Peterburqdan olan art-mexanika mütəxəssisi Viktor Qriqoryevin məxsusi bu layihə üçün hazırladığı “Balıq-quş” adlı iri art-obyekt nümayiş etdiriləcək.
GÜNEL