“Azərbaycanda keçiriləcək istənilən referendum yalnız milli qanunvericilik çərçivəsində baş tutmalıdır”.
Bu barədə APA-ya Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
Səfirlik nəzərə çatdırıb ki, Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini prezident Pyotr Poroşenko 13-14 iyul 2016-cı ildə rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi birgə mətbuat konfransı zamanı bir daha ifadə edib:
“Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində daima Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanda keçiriləcək istənilən referendum yalnız Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində baş tutmalıdır”.
Qeyd edək ki, fevralın 20-də işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejim “Konstitusiya referendumu” keçirməyə hazırlaşır.