|
|
|
|
“Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma qurumu heç bir dövlət tanımır. Bu, dövlət deyil, qondarma bir qurumdur. Ona görə də onların indiyə qədər keçirdiyi “seçkilər”, o cümlədən, indiki “referendum” da qondarmadır”.
Bunu jurnalistlərlə söhbətində Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Z.Əsgərov bildirib ki, bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri də bəyanat veriblər: “Belə “seçkilər”in heç bir hüquqi əhəmiyyəti və nəticəsi yoxdur. Sadəcə, onlar “referendum”u keçirməklə “biz də varıq” demək istəyirlər. Lakin dünya dövlətlərinin onları tanımadığını unudurlar”. Z.Əsgərov deyib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və orada edilən bütün hüquqi prosedurlar yalnız Azərbaycanın icazəsi ilə baş verə bilər.
Birinci vitse-spiker həmçinin, Xocalı soyqırımının 25 illiyinə toxunaraq deyib ki, hər il olduğu kimi, bu il də MM dünya ölkələrinin parlamentlərinə bu soyqırımla bağlı müraciət edəcək. Z.Əsgərov bildirib ki, artıq neçə illərdir Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciətlər edilir: “Bildiyiniz kimi, Milli Məclis Xocalı soyqırımının 10, 15, 20 illiyi ilə bağlı qərarlar qəbul edib. Eyni zamanda, Milli Məclis hər il Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edir. Bu il də bəyanat qəbul olunacaq. Biz dünya dövlətlərinə müraciət edəcəyik”.
Z. Əsgərov eyni zamanda, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun Bakıda görüşməsinə münasibət bildirərək qeyd edib ki, bu, Azərbaycanın artan nüfuzundan xəbər verir. Z.Əsgərov bildirib ki, Azərbaycanın Rusiya və ABŞ-la münasibətləri kontekstindən çıxış edəndə Bakının görüş yeri kimi seçilməsi təbiidir:
“Eyni zamanda, Azərbaycan bir sıra regional və dünya əhəmiyyətli layihələrin müəllifidir. Bura “Bakı-Tbilisi-Qars” dəmir yolunun, neft-qaz kəmərlərinin çəkilməsini aid etmək olar. Bu layihələrdə ABŞ Azərbaycana hər zaman dəstək olub. Bundan başqa, Azərbaycan Cənubi Qafqazın ən güclü və stabil dövlətidir. Bu meyarlardan çıxış edən ABŞ və Rusiya belə bir görüşün Bakıda keçirilməsinə qərar veriblər”.
Vitse-spiker qeyd edib ki, generalların Bakı görüşü Azərbaycana çox böyük siyasi dividentlər gətirəcək: “Bunu etiraf etmək lazımdır. ABŞ və Rusiya dünyanın böyük dövlətləridir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləridir. Bu dövlətlərin baş qərargah rəislərinin paytaxtımızda görüşü rəsmi Bakının artan nüfuzundan xəbər verir və bizə əlavə nüfuz gətirəcək”.
Kamil HƏMZƏOĞLU