Siyasətin təlxəyi Vladimir Jirinovski yenə də “gül ağzını” açıb, müstəqil Azərbaycan Respublikasının çar imperiyası dövründəki kimi Rusiyanın Bakı quberniyası olacağı barədə sərsəmləyib.
Doğrudur, Ermənistanı da Rusiyanın Yerevan quberniyası kimi görür, amma “müstəqil” Ermənstançün bunun bir o qədər fərqi yoxdur, forpost olmasın quberniya olsun... Qəbullarıdır! Ermənistanın indiki statusunda nə dəyişəcək ki? Satellit elə satellit də qalacaq.
Amma jirinovskilər və onları fitləyənlər nə çərənləyir çərənləsin, Azərbaycan bir daha müstəqilliyini heç vaxt əldən verməyəcək.
Simasını tez-tez dəyişən insanlar görmüşəm, amma onların arasında belə Jirinovski kimi ayda bir sifətə düşəni nadir olur.
Hələ sovet dövründə Türkiyədə tərcüməçi işləyərkən Leninin şəkli olan nişanları paylayaraq kommunist təbliğatı apardığı üçün Vladimir Volvoviç Türkiyə məhbəslərinin “ləzzətini” çəkib. Sovet rejimi çezəndən sonra isə Jirinovski dərhal dönüb oldu alovlu antikommunist, Lenin babanın barışmaz düşməni.
Yenidənqurma avantürası başlananda Jirinovski Yeltsinin siyasi rəqibi idi. Hələ 1991-ci ilin 9 sentyabrında Moskvanın “Literaturnaya qəzeta”sında çap etdirdiyim məqalə belə adlanırdı: “Müstəqilliyiyin şirin xülyaları və yaxud cənab Jirinovski Boris Nikolayeviçin şərəfinə tost deyəcəkmi ?” O vaxtkı bəyanatlarına əsasən güman etmək olardı ki, Jirinovskinin ulduzu heç vaxt Yeltsinlə barışmayacaq.
Amma bu yazım qəzetdə dərc olunandan üç il sonra Moskva mətbuatında başqa bir məlumata rast gəldim: Kremldə tədbirdə iştirak edən Jirinovski əsgi rus (!) adəti üzrə Yeltsinə (Yeltsin artıq Prezident idi) “Jirinqovski” arağını hədiyyə edib. Bunun tost deməkdən nəyi əskikdir ki?
Daima antitürk mövqeyindən donquldanan Jirinovski Rusiyayla Turkiyənin arası dəyən kimi fürsəti fövtə vermədi. Nə az,nə çox, İstanbula atom bombası atmağı təklif etdi. Bir müddət sonra iki ölkənin rəhbərləri anlaşdılar, razılığa gəldilər və Suriyada birgə hərəkət etməyə başladılar. Onda da Jirinovski ayrı mahnılar oxumağa başladı, əbədi rus-türk dostluğundan atəşin nitqlər söylədi.
Mənə elə gəlir ki, Jirinovskinin ən böyük düşməni Rusiya və rus xalqıdır. Ona görə ki, ancaq bu ölkəyə, bu xalqa nifrət edən şəxs bu xalqa, bu ölkəyə hər sözü, hər hərəkətiylə addım başı düşmən qazandırmağa canfəşanlıq edər. Moskvanın NTV kanalıyla zəvzəkləyib deyir ki, Rusiya yalnız keçmiş SSRİ sərhədlərində yox, Çar İmperiyasının hüdudları içində bərpa edilməlidir, yəni Polşa və Finlandiya da zəbt olunmalıdır. Beləliklə, Sovet İttifaqı dağılandan sonra müstəqilliyini qazanmış xalqlardan başqa bir əsrdən artıq müstəqil yaşayan finləri və polyakları da təhrik və təhqir edir. Sonra da deyirlər NATO niyə bu ölkələrdə müdafiə gücünü artırır. Deyə bilərlər, nə olsun, Jirinovski partiya rəhbəri və Dumanın deputatı olsa da, dövlət, ya hökümət rəsmisi deyil. Çox əcəb, bəs onda niyə hansısa dövlət ya hökümət rəsmisi bu təxribatçı çərənləmələrə etiraz etmir, Jirinovskinin ipini çəkib ağzından vurmur, yerində oturtmur, “boş-boş, danışma, həddini bil” demir. Əksinə media,TV kanalları onun bu sayaq yava-yava danışmasına gen-bol yer verir, şərait yaradır. Məzələnmək üçün? Bəs kimsənin ağlına gəlmir ki, bu cür “məzələnmələr” neçə-neçə millətin heysiyyətinə, şərəfinə toxunur və belə siyasət bu cür sayaqlamalara şərait yaradanlara baha başa gələ bilər?
Harda aşdı, Jrinovski orda başdı. TV kanallarında elə bir siyasi veriliş yoxdu ki, Jirinovski orda ağız-burnunu əyə-əyə sərək bir çıxış etməsin. Elə həmin NTV kanalında V.V. coşaraq deyirdi ki, Rusiya imperiyası bərpa olandan sonra bütün əhali - müsəlmanlar da, katoliklər də pravoslav dinini qəbul edəcəklər. Heç yan-yörələrindəki özgə torpaqlarını qamarlamağa hazır olan rus çarları da bu qələti eləməmişdilər. Deyin görək, belə təxribata Rusiyanın qatı düşmənindən başqa kim əl atar?
O verilişin aparıcısı, özünü aparıcı kimi yox, həyasız müstəntiq kimi aparan Vladimr Solovyov da az aşın duzu deyil. Jirinovskinin bu xülyasına istehzayla yanaşan yəhudi əsilli V. Solovyev “bəs biz yəhudilərin aqibəti necə olacaq?” deyə soruşanda Jirinovski bu sualı cavabsız qoydu.
Dəfələrlə xalqımız haqqında təhqiramiz ifadələr işlədən Jirinovski günlərin bir günündə gözlənilməz halda Bakıya təşrif buyurdu. Kabab iyinə gəlmişdi, ya cibini doldurmağa, bilmirəm, hər halda burdan razı getdi və bir iki dəfə ağızucu bizi təriflədi də...
Onu da xatırladım ki, Jirinovskinin bu real səfərindən neçə il öncə 1999-cu ilin sentyabrında “Cənab Jirinovskiovski Bakıda” adlı satirik fantaziya səpkisində bir yazı yazmışdım, azərbaycanca və rusca çap etdirmişdim. Jirinovskinin Bakıda riyakar davranışı dolayısıyla rüsvay olunduğunu xəyalən təsəvvür və təsvir etmişdim. Real Bakı səfərindən bir müddət keçdi, görünür kabab iyi burnundan çəkiləndən sonra yenə əvvəki kimi Azərbaycanı aşağılayan ariyaları oxumağa başladı. Jirinovskinin xam xəyallarında Azərbaycan müstəqilliyini itirib Rusiyanın əyalətinə çevriləndən sonra hər şey rus dilində olacaq, rus dilinə çevriləcək və “hamı öz yazıçılarını unudacaq”. Jirinovskinin bu fikrini oxuyanda barmağımı dişlədim. Bu ovqat, bu istək mənə çox tanış gəldi. Elə bil bu sözləri rus siyasətinin təlxəyi yox, “sapı özümüzdənlərdən” biri deyir - yazıçılıq, şairlik iddiasına düşüb, ola bilməyən qrafomanlardan biri. Axı belələrinin də qəlblərinin ən kövrək nisgili odur ki, Azərbaycanda hamı öz ədəbiyyatını unutsun, həqiqi ədəbiyyat yaddaşlardan silinsin, meydan cızmaqaraçılara qalsın.
Elə son həftələrin bəzi saytlarından xəbər tutmaq, ya bəzi qəzetlərə göz atmaq yetər ki, bu yazdıqlarım təsdiq olunsun.
Azərbaycanın müstəqilliyini gözü götüməyən birdir,ikidir bəyəm?Bir prezidentlik müddətində ən aşağı reytinqi “qazanmış” və ikinci dəfə seçkilərə getməyə ürək etməyən Fransa Prezidenti Fransua Olland buyurub ki, Dağlıq Qarabağın müqəddaratı orda yaşayanların iradəsiylə, yəni ermənilərin istəyincə həll olunmalıdır. Görəsən, korsikalılar Fransadan ayrılmaq istəyəndə niyə bu prinsip Olland kimi siyasətçilərin yadına düşmürdü? Nədən Kataloniya Parlamentinin İspaniyadan ayrılmaq qərarını mərkəzi Madrid höküməti qətiyyətlə ləğv etdi, daha əvvəllərdə isə müstəqillik uğrunda mübarizə aparan baskları terrorçu kimi damğaladı. Niyə Britaniya Şotlandiyanın ayrılmasına razı olmur, iki İrlandiyanı birləşdirmək istəyənləri silahla qan içində boğur? Yaxud Kanadanın fransızca danışan bölgəsi Kvebek...Vaxtilə Kanadada nitqinə “Yaşasın müstəqil Kvebek” sözləriylə başlayan Prezident De Qollun çağdaş həmkarı bu gün bu şüarı təkrar edə bilərmi? Nə vaxta qədər demokratik dəyərləriylə qürrələnən sivil dünya ikili standartlarla yaşayacaq?
Azərbaycanın bəxti elə gətirib ki, bir çox məsələlərdə İLK olmuşuq. Şərqdə ilk teatr və ilk opera, Rusiyada ilk müsəlman qəzeti və nəhayət İslam aləmində ilk demokratik Cümhuriyyət! XX əsrin sonlarında Azərbaycan bir məsələdə də birinci oldu. Xaricdən fitvalanan separtçılar ilk dəfə müstəqil ölkənin -Azərbaycanın - ərazi bütövlüyünə təcavüz etdilər. Bu səpkili bütün hərəkətlər bu örnəkdən, bu pretsidentdən başladı. Rusiyanın özündə Çeçenistan ayrılmaq istədi. Gürcüstanda əhalisinin altmış faizi ermənilərdən ibarət olan Abxazstan, habelə Cənubi Osetiya, Moldovada Prednestrovye, Ukraynada Donbas, Krım, Serbiyada Kosova... Əgər bir dövlətin ərazisində yaşayan hər hansı azlıq təzyiqə, hətta soyqırıma məruz qalıb xilas olmaqçün öz dövlətini qurursa - Şimali Kipr Türk Respublikası kimi - Türkiyədən başqa heç bir ölkə onu tanımır. Bəs xalqın öz müqəddəratını həll etmək prinsipi harda qaldı? Yaxşı, tutalım, Dağlıq Qarabağın erməni əhalisi bir şey istəyir, amma Şuşanın sakinləri, Dağlıq Qarabağdakı başqa Azərbaycan kəndlərinin əhalisi ayrı şey istəyirlərsə, niyə məhz ermənilərin istəklərinə üstunlük verilməlidir?
Vahid ölkəmizin bir hissəsi - Dağlıq Qarabağ Azərbaycandan ayrılmaq istəyirsə, onda inzibati cəhətdən bu vilayətə daxil olan Şuşa da Dağlıq Qarabağdan ayrılmaq istəyəcək. Hər vilayətə, hər şəhərə,hər kəndə bütövdən ayrılıb öz müqəddəratını həll etmək hüququ verilsə, dünyada bu xaosun, belə Dərəbəyliyin qarşısını necə almaq olar?
Nəhayət, keçmiş İrəvan xanlığı - çağdaş Ermənistan ərazisində əsrlər boyu yaşamış və qəddarcasına qovulmuş Azərbaycan türklərinin öz əzəli torpaqlarında öz müqəddəratını öz iradələrinə uyğun şəkildə həll etmək hüquqları yoxdurmu? Ya yava-yava danışan cənab Olland bütün bunlardan bixəbərdir? Nə qədər uydurma soyqırımı kabusuyla xristan dünyasının qılığına girmək, bu dövlətlərin şıltaq ərköyünü rolunda çıxış edib haqqı və hüququ tapdamaq olar?
Azərbaycan dövlətinin israrlı tələbləri və Belarus hökümətinin beynəlxalq hüquqa hörmətinin əlaməti olaraq Qarabağa oğru kimi qapıdan yox, bacadan girmiş, sonra da haqqımızda böhtan və yalan ifraz edən bir blogger cinayət işlətdiyi ölkəyə təhvil verildi. Məsələ tək bir cılız adamın ədalətə təslim edilməsində deyil, məsələ ondadır ki bundan sonra belə əyri yollarla vətənimizin müvəqqəti işğal edilmiş topraqlarına işğalçılar tərəfindən dəvət olunanlar, yəqin ki, səfər qabağı əməlli başlı düşünüb, daşınıb bu təxribatdan imtina edərlər... Bu bədxahımızın Azərbaycana iadə olunmasını vətəninin qeyrətini çəkən hər kəsi məmnun etdi, amma...
Amma axı pasportda bu xalqdan olub dövlətimizin hər uğurundan sancılananlar da var. Boynuna “yumoristliyi” götürmüş bir biçarə bu ciddidən ciddi mövzuya irişə-irişə, hırıldaya-hırıljaya girişir. Ağzını Allah yoluna qoyub axvayı-axvayı danışır (daha doğrusu yazır): “Belarus Prezidenti Lukaşenko müəllimə dərin minnətdarlığımızı bildiririk. Kəlbəcər qaçqınları adından bütün işıq pulu limitini toplayıb ona təzədən 200 milyon dollar faizsiz kredit verməyə səsləyirəm!.. Hətta mən təklif edirəm Anar müəllim Lukaşenko haqqında şeir yazsın və onu AYB-nin Fəxri üzvlüyünə qəbul etsin. İşləmək lazımdı. Sizə dövlət büdcəsindən hər il 4-5 milyon manat “Tələsmə Zaur” melodramatik temalar üçün ayrılmır. Bir az da vətənpərvər olmaq lazımdır”.
Bu son cümlə belə birisinin dilində parodiya kimi səslənir. Yəqin bu da növbəti şit “zarafatlarındandır”. Yoxsa vətənpərvərlik hara, belə tapşırıqla vətənə çirkab atan hara? Yuva saldığı qəzetin siyasi dişləri çıxarılandan sonra ancaq Yazıçılar Birliyinə sataşmağa rüsxət verilib. Hırıldıyan adam da nədən yazır-yazsın Yazıçılar Birliyinin ünvanına bir ağız... deməlidir, axı yavanlığı yava-yava danışmaqdan çıxır. Necə deyərlər, Allah bərəkət versin! Hər yazısında güclü yaradıcı fantaziyası eyni bir çağrışı təkrarlamaqdan bir qarış o yana gedə bilmir: “Tələsmə Zaur”. Ömrünün devizinə çevrilimiş bu təklif görünür uzaq gənclik xatirələrinin nostalji hisslərini oyadır, nəyisə dönə-dönə yada salıb KAYFINI yaşadır.
Yava-yava danışanlar içimizdə də az deyil, sərhədlərimizdən uzaqlarda da yetərincədir. Başı havalanmış bir erməni cüvəllağı bizi Mincəçevir bəndini partladacağıyla hədələyir.
Əlbəttə, heç kəs qanlı müharibə istəmir, insanlarımızın tələf olmasını, şəhərlərimizin, yollarımızın, körpülərimizin dağılmasını istəmir... Amma işdi şayəd son həddə çatsaq - müharibə başlasa, əlbəttə, Azərbaycanımız da çox zədə ala bilər, Ermənistan isə ümumiyətlə yer üzündən silinər. Mingəçevirdən dəm vuran ağlı kəmlər bunu başa düşürmü? Bir əlcə ərazisində atom stansiyası olan ölkənin məsuliyyətsiz siyasətbazları şüşə evdə oturub ona buna daş atmasınlar, onu da unutmasınlar ki, havadarlarından biri - Rusiyanın siyasi şüurunda müəyyən təmayülləri nəzərdə tutaraq vaxtilə belə demişdi: “bizə ermənilərsiz Ermənistan lazımdır”.
Hərə öz evində oturub özgə evinə tamah salmasa, dünyanın işləri daha yaxşı olar.
Yava-yava danışanlar isə həmişə olub və təəssüf ki, həmişə də olacaq.