"Azərbaycan-Gürcüstan-Türkiyə arasında keçirilən biznes forumlarda İran tərəfinin iştirakında maraqlıyıq".
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-İran əlaqələrinə həsr olunan mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, İrana səfər çərçivəsində qarşı tərəfə Azərbaycan-İran-Türkiyə formatında görüşlərin təşkil olunması təklif olunub.
"Bilirsiniz ki, Azərbaycan-Gürcüstan-Türkiyə arasında keçirilən sonuncu, yəni V biznes forum İstanbulda baş tutub. Növbəti biznes forum Azərbaycanda keçiriləcək. Biz bu foruma İranın da qatılmasını istəyirik. Dördtərəfli forumun da keçirilməsi məsələsi gündəmdədir", - deyə Ş. Mustafayev qeyd edib.
Nazir əlavə edib ki, İran bu cür forumların keçirilməsinə xüsusilə diqqət və hörmətlə yanaşır:
"Ümid edirəm ki, bu kimi forumların yaxşı nəticələri olacaq".