|
|
|
|
Fransa parlamentinin qatı ermənipərəst mövqeyi ilə tanınan üzvü Fransua Roşbluanın təşəbbüsü ilə Azərbaycana qarşı həyata keçirilən təxribat, qarayaxma cəhdinin qarşısı alınıb.
Məlumat üçün qeyd edək ki, hələ 2016-cı ildə deputat Fransua Roşbluan Azərbaycan - Fransa siyasi-iqtisadi əlaqələrinə yenidən baxılması haqqında Xarici İşlər Komissiyası qarşısında məsələ qaldırmışdı.
Komissiyanın müzakirəsi zamanı deputatın “təşəbbüsü” qəbul olunmamışdı. Buna baxmayaraq, deputat Roşbluanın təkidi ilə Fransa parlamentinin Xarici İşlər Komissiyası nəzdində Fransa və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrə dair Məlumatlandırma Missiyası yaradılmış, Azərbaycanda demokratiya, söz azadlığı, vətəndaş cəmiyyətinin inkişafı haqqqında vəziyyətin öyrənilməsi və bu barədə hesabat məruzəsinin hazırlanıb Xarici işlər Komissiyasına təqdim edilməsi bu Missiyaya həvalə olunmuşdu. Bu günlərdə isə sözügedən missiyanın yekun məruzəsi Xarici İşlər Komissiyasına təqdim olunub.
Bu barədə redaksiyamıza məlumat verən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, Fransa parlamentindəki ermənipərəst qüvvələrin bu yolla Azərbaycana qarşı başlatdığı qarayaxma kampaniyası tam iflasa uğrayıb: “Bir ilə yaxın keçən dövr ərzində Fransua Roşbluanın təşəbbüsü ilə Məlumatlandırma Missiyasının çoxsaylı iclasları keçirilib. Fransanın siyasi, diplomatik dairələrinin, eləcə də Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını tədqiq edən qeyri-hökümət təşkilatlarının nümayəndələri, Azərbaycan-Fransa iqtisadi əlaqələri sahəsində çalışan ekspertlər və Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinin təmsilçiləri, Azərbaycanda müxtəlif dinləri təmsil edən icmaların nümayəndələri, iş adamları, səfirlər və diplomatlar missiyanın toplantılarına dəvət olunmuş və missiya üzvləri tərəfindən sorğu-sual olunublar. Keçən müddət ərzində 35 belə dinləmə keçirilib və missiyanın təşəbbüskarı olan Roşbluanın bu dinləmələrdən Azərbaycan əleyhinə təbliğat aparmaq cəhdləri uğursuzluqla nəticələnib. Belə ki, dəvət olunan mütəxəssislər ölkəmizin regiondakı mövqeyi və Azərbaycan dövləti tərəfindən aparılan hərtərəfli geniş islahatlar barəsində ətraflı məlumatlar verib, Azərbaycanın Fransa üçün geostrateji əhəmiyyətini vurğulayıblar. Nəticədə Roşbluanın gözləntilərinin əksinə olaraq, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinin zəruri olduğu qənaətinə gəlinib”.
Həmçinin, qeyd edək ki, məsələ ilə bağlı Fransa parlamentinin üzvü, “Azərbaycanın dostları” Assossiasiyasının prezidenti Jan-Fransua Mansel başda olmaqla bir sıra fransalı deputatlar Məlumatlandırma Missiyasının yekun məruzəsi barədə birgə bəyanat yayıblar.
Bəyanatda qeyd edilib ki, yalnız bir məqsədlə - Azərbaycana qara yaxmaq məramı ilə fəaliyyətə başlayan Fransa və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr barədə Parlament nümayəndələrinin Məlumatlandırma Missiyasınin fəaliyyəti tam uğursuzluqla nədicələnib.
Bildirilib ki, Azərbaycana qarşı çox yersiz bir araşdırma komissiyası yaratmaq təşəbbüsü Xarici İşlər Komissiyası qarşısında uğursuzluğa düçar olduqdan sonra Demokrat və Müstəqillərin İttifaqı partiyasının bir deputatı mənsub olduğu parlament qrupunun adından təkid edərək, Fransa və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr barədə Parlament nümayəndələrinin Məlumatlandırma Missiyasının yaradılmasına nail olmuşdu ki, bunun da əsas məramı təqdim olunan qətnamənin motivlərindən də aydın göründüyü kimi, Fransa-Azərbaycan münasibətlərinə kölgə salmaqdan ibarət idi”.