|
|
|
|
Günlərin birində dostumuz Mahəddin Əsgərin verilişdə səsləndirməkçün oxuduğu şeirlər diqqətimi çəkdi.
Müəllifini soruşdum, Vüqar Əlisoy olduğunu, dedi. Özündən əvvəl Sözüylə tanış oldum, Sözündən tanıdım Vüqarı.
SÖZ
“Sözəm,
sözsüz gərəksizəm...”
“Sözəm,
canım məhbəsdə...”
Darıxan, sözdən başqa üz tutmağa yeri olmayan bir adamın yazılarıdı, deyə düşündüm. Onun üçün qurtuluş sözdədi...Ağrısı sözə çevrilincə məhbəsdən qurtulur...
Müqəddəs söz!
Qələmimə, kağızıma xoş gəldin! - deyir. Və hərdən sözü elə gözəl deyir ki:
Əllərimi
soyuq-sazaq
kəsə-kəsə,
kol dibində bənövşəni
dərib tələsə-tələsə
dəstələyib birnəfəsə,
ovcumda yaz nübarı
yüyürürəm yaza sarı...
Bənövşəni “yaz nübarı” kimi əzizləyən bu adam üçün söz o qədər ucadadı ki, sevdiyi qadına olan duyğuları-aşiqliyi də, qısqanclığı da “Təkcə mənə deyiləcək söz” qədərdi...
ETİRAF
Yalanlarıma inandın
yalan danışacağıma
inanmadığın üçün...
Bir qadına etiraf, vicdan əzabı, təəssüf var bu şeirdə, amma bunların heç biri sevgi deyil... “Təkcə mənə deyiləcək söz” kimi Qadın uzaqlardadı...
TƏNHA QADIN
Nə çox divarı var
bu evin belə...
Bu evdə gecələr
zindan qoxuyur,
divarlar səssizcə
verib əl-ələ,
bir tənha gözələ
meydan oxuyur...
Ədəbiyyatın, poeziyanın bəlli mövzularından biri tənha qadınlardı. Onları tənhalıqdan qurtarmaq istəyən gerçək aşiqlər az olsa da, haqqında söz deməyə həmişə kimsə var...Çünki tənha qadnlar deyəsən elə öz tənhalığıyla maraqlıdı hər kəsə. Onların həyat hekayəsini hərə öz bildiyi, öz istədiyi kimi uydurur. Anlamağa çalışansa az olur. O qədər az ki, “Nə çox divarı var bu evin belə” deyən adamın duyumuna heyrətlənməyə bilmirsən... Amma yazılarını oxuduqca mən bu duyğusal adamın səssiz üsyanını da eşitdim...
SƏSSİZ ÜSYAN
Bu necə doğrudu,
yalana oxşayır,
bu necə yoldu,
dalana oxşayır,
bu necə sözdü,
ilana oxşayır,
yoğrulub
qıvrılıb
içimdə qalacaq...
dillənsəm, bilirəm,
dilimi çalacaq...
Kimlərinsə bağıra-bağıra dediyi həqiqətləri o, öz-özünə, bir də ağ kağıza pıçıldayır...Amma “bu necə doğrudu, yalana oxşayır” pıçıltısı gözümüzün önündə baş alıb gedən bütün yalanlara ən böyük üsyandı...
Bu nə dünya,
nə ünvandı?...
Burda düzlük
vasitədir,-
biclik edənlər üçündür.
Burda halallıq da sanki
yalnız ölənlər üçündü...
Və halallığın yalnız ölülər üçün olduğu bu yerdə
Qarayaylıqlı ağbirçək
göydələnin altındakı
bankomata boylanacaq
- deyən söz adamının səssiz üsyanı kimi xoşbəxtlik haqqında düşüncələri də fərqlidi.
XOŞBƏXTLİK
“Daş üzərində yazı”sında deyir:
Anladım ki,
siz
xoşbəxtliyə israrlı olduğunuz üçün
bədbəxtsiniz...
Bəlkə Vüqarın xoşbəxtlik haqqında təsəvvürləri toplumun bəlli ölçüləriylə üst-üstə düşmədiyindəndi. Bütün ailələri, insanları xoşbəxt eləyən nəsnələr Vüqarı xoşbəxt eləməkdə acizdi. Çünki onun bu dünyadan öz gözləntiləri, öz gerçəkləri var. Sanki müharibədə bütün vasitələr keçərlidi prinsipiylə sərvətə, şöhrətə doğru can atanların arasında o, həmişə tənhadı...
GERÇƏK
Gəlmə bu dünyaya, adam,
gəlmə,
gəlsən,
sən də bu dünyadan
azadlıq umacaq, xəyallara dalacaqsan...
Ayaqların yerdən,
əllərinsə göydən üzüləcək...
arzuların
gözlərinin önündə
çiliklənib töküləcək...
öləcək sonuncu ümidin də,
susacaqsan...
cınqırın içində boğulacaqsan,
susmaqdan dilin quruyacaq..
Bu gerçəklərlə yaşamaq nə qədər çətin olsa da, həmişə özündə düz yaşamağa güc tapan biriləri var:
Mən düz olmazdım,
indi düzdə qalmazdım.
Atam məni aldatdı,
alışdığı yanlışları
düz yol bilib anlatdı.
Düz yol
atama od vurdu,
düz yol
anamı ağlatdı.
İndi o, ölməyə hazırlaşır,
mənsə
yerə girməyə,
qonşudan borc alıb
atamı dəfn etməyə....
Peşmanlıq deyil bu. Olanlara təbəssümlə baxmaq bacarığıdı... Doğru-düzgün yaşamağı bacaran insanlara, yaxşılara bir ehtiram, minnətdarlıq, dəyər vermək cəhdidi... Vüqarı tanıyanlar bilir ki, onun özü də Sözə olan sevgisiylə, qüruru, duyumu, insanı anlamaq istedadıyla bu yaxşıların sırasındadı.
Dişimi dişimə qıcıyım
durum...
Bir az da yaşayım,
ölümün gələn vaxtıdı,
gəlib diri görsün məni, deyir.
Hər nadanın əməlindən, hər dost bildiyi kəslərin soyuq baxışından yaralana bilən bu adamı diri saxlayan da elə sözdü. Diriliyin Sözdən uca məqamı varmı?..
Nəcibə BAĞIRZADƏ