|
|
|
|
Xocalı soyqırımından xəbər tutan kimi Yazıçılar Birliyi adından müraciətimizi Moskva mətbuatına göndərdik.
Azərbaycan yazıçılarının həmkarlarına "İzvestiya" qəzetində dərc olunmuş müraciətində deyilirdi:
“Minlərlə əhalisi olan şəhəri yerlə-yeksan etdilər, minlərlə insan həlak oldu, itkin düşdü, yaralandı, ömürləri boyu şikəst qaldılar, evlərindən qovuldular. Heç evləri də artıq yoxdur, darmadağındır. Erməni yaraqlıları tərəfindən yandırılmış Azərbaycan kəndlərini Litiseylə, Xatınla, Sonqmiylə müqayisə edirdilərsə Xocalı faciəsini ancaq Hirosima müsibətiylə yanaşı qoymaq olar. Çoxmilyonluq Yaponiya üçün 200 min əhalisi olan Hirosimanın yer üzündən silinməsi nə idisə, yeddi milyonluq Azərbaycanın neçə mindən artıq əhalisi olan şəhərinin məhv edilməsi heç bir vaxt sağalmayacaq yaradır”.
“İzvestiya” 4 mart 1992.
Xocalı qətliamından 25 il keçir, 25 il, necə deyərlər, bir igid ömrüdür. Xocalı fəlakəti baş verən il dünyaya göz açmış uşaqlar indi yeniyetməlik yaşını adlayıb gəncliklərini yaşayırlar, oxuyurlar, işləyirlər, sevirlər, sevilirlər... Çoxusu bir peşə sahibi, ailə başçısı, valideyn olub.
Xocalıda məhv edilənlər isə əbədi olaraq beş, yeddi səkkiz, on,hətta bir, iki yaşında qalıb. Bir il bundan qabaq dünyasını dəyişmiş görkəmli tənqidçi, publisist Gülrux Əlibəyli “Üzeyir ömrü” filminə həsr etdiyi və 1992-ci ilin aprelində dərc olunmuş məqaləsində yazırdı:
“Mən bu gün televizor qarşısında əyləşib Xocalının ölü balaları oxuduğu nəğmələri dinləyirəm. Anlayıram ki, on il əvvəl çəkilən, milli operamızın banisi Üzeyir Hacıbəyovun böyük hünərinə həsr olunmuş filmə baxıram... Buna baxmayaraq bu düşüncələrdən ayrıla bilmirəm ki, səs-səsə verən məhz güllələnmiş, əzilmiş, parçalanmış, amma yenə də ilahi, möcüzəvi qüdrətlə həyata qaytarılmış Xocalı uşaqlarıdır ki, vicdanımıza, insaniyyətimizə üz tutub fəryad qoparırlar: unutmayın! Xocalıda qətlə yetirilən yalnız biz deyilik,mələk səsli günahsız balalar deyil, burada xalqın qəlbini, musiqisini vəhşicəsinə məhv etməyə cəhd göstərmişlər”.
Hər bir insan ömrü - sinnindən, qoca-cavan yaşından asılı olmayaraq dünyanın ən böyük neməti və möcüzəsidir. Hər bir insan elə dünyanın özüdür və hər ölüm bir təkrarsız dünyanın sonudur. Ernest Heminquey ingilis şairi Con Donnun misralarını “Çan kiminçün çalınır” romanına epiqraf qoyub: “Hər bir insanı əbədiyyətə yola salanda soruşma ki, bu ölüm zəngi, bu çan kiminçün çalınır. Çan səninçün çalınır”.
Bu, əlbəttə belədir, amma başqa bir şeirdə o da deyilir ki, qoca adam dünyadan gedəndə Keçmişi qalır, cavan adam isə özüylə Gələcəyini aparır.
Bu ilin yanvar ayında Yazıçılar Birliyinin Natəvan klubunda İlkin Şükürbəyli və Nəsimi Faiqoğlunun tərtib etdikləri “Qətl edilmiş uşaqlar” kitabının təqdimatını keçirdik. Kitabla tanış olandan sonra bir neçə gün özümə gələ bilmədim. İki ayağı, iki əli, iki gözü, başı və bədəni olan insan qiyafəsində bir məxluq uşaqlara qarşı heç bir yırtıcı heyvanın edə bilməyəcəyi qəddarlığı edə bilərmiş. Lap düşmən olsun, körpə uşağın gözlərinə közərən siqaretin odunu basıb kor eləyən “insan” öz uşaqlarının,-əgər uşaqları varsa - üzünə necə baxa bilər, körpə qanına batmış əlləriylə övladlarının başlarını necə sığallaya bilər?
Bir erməni yazarının etirafı çağdaş erməni ədəbiyyatı üçün müstəsna sözlərdir: “Türk balalarının başını kəsən erməni balalarının da başını kəsə bilər”. Doğrudur, könüllü cəlladların milləti yoxdur.
Xocalıda insanlığa qənim kəsilmiş yırtıcıları heç erməni də adlandırmaq istəmirəm. Çünki belə vəhşilərin ümumiyyətlə insan cinsinə, insan növünə dəxli yoxdur.
Acımasız və amansızcasına məhv edilən uşaqların arasında bir, iki yaşlı, hətta bir neçə aylıq olanlar da var. Məktəblilər də var və bu məktəblilərin çoxusu dərs əlaçılarıdır. Hər vaxtsız solan və vaxtsız sönən çoçuq ömrü -xalqın, millətin Gələcəyindən nə isə aparır. Kim bilir Tarix bu erkən məhv olmuşlara hansı yeri ayırıbmış. Kim bilir bəlkə bu qətl edilən körpələrin arasında gələcəyin böyük dahiləri varmış - Üzeyir bəyləri, Bülbülləri, Füzuliləri...
Ermənilər özlərini həm ən əzabkeş, həm də ən mədəni millət kimi qələmə verməyi xoşlayırlar.Tifilləri diri-diri oda atanlar, bədənlərini parça-parça doğrayıb tamaşa etməkdən zövq alanlar, neçə uşağı bir borunun içinə tıxadıb ağzını bağlayanlar özlərini hansı millətə mənsub edirlər görəsən? Hansı din - xristianlıq, yəhudilik, müsəlmanlıq bu ağlasığmaz qəddarlığa bəraət qazandıra bilər?
Guya ki yüz il bundan əvvəl baş vermiş “soyqırımı” həyat proqramlarına çevirənlər nədən arxivlərin açılmasına, həqiqətin üzə çıxmasına razı olmurlar? Ona görə ki, onda bu yüz ildən artıq dünyanı inandırmaq istədikləri mif dağılar və körpə uşaqlara qarşı cinayətlərə qisasçılıqla belə “haqq” qazandırmaq olmaz. Dediyim kitaba ön söz yazmış Xalq şairi Fikrət Qoca yazısına çox doğru bir başlıq vermişdir: “Bu kitab intiqam üçün deyil, yaddaş üçündür”.
Ordumuzun şücaətiylə yağı tapdağından azad olunmuş kənd Cocuq Mərcanlı adlanır. Yaxın günlərdə yazıçılar bu kəndə səfər edəcək. Bu qədim ad indi hardasa rəmzi mənada səslənir, elə bil Qarabağda, Xocalıda məhv edilmiş cocuqlarımızın şərəfinə qoyulub...
Cocuqlarımızın da, yaşlılarımızın da başlarına gətirilənləri heç bir vaxt unutmamalıyıq, amma insanlıq sifətini itirərək düşmənlərimiiz kimi hərəkət də edə bilmərik. Döyüşdə əsgərlərin həlak olması ağır olsa da, real gerçəklikdir. Amma “Xocalıda biz azərbaycanlılara göstərdik ki, dinc əhalini qırmaqdan belə çəkinməyəcəyik” sözlərini dilinə gətirən adamyeyən bugünki Ermənistanın uzurpator rəhbəridir. Və Qarabağ avantürasıyla bütün Ermənistanı ələ keçirənlər onu da unutmamalıdır ki, bu gün də olmasa, sabah bəşər ədliyyəsi, ya Allah məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Günahsız körpələrin Gələcəklərini əllərindən almaq olar. Amma xalqın Gələcəyini heç kəs onun əlindən ala bilməz. Tarix boyu həqiqətən də böyük iztirablardan, sınaqlardan, haqsızlıqlardan, müsibətlərdən keçib qürurunu, mənliyni, heysiyyətini, doğma dilini qoruyub saxlamış Azərbaycan xalqının da parlaq Gələcəyini heç kəs heç kəsə arxalanıb qətl edə bilməz.
24 fevral 2017