Basketbol, futbol, sörfinq və tennis idman növlərində Türkiyəni ölkə daxilində və xaricdə uğurla təmsil edən Haluk Yıldırım (Qalatasaray), Kerem Tunçeri ( Anadolu Efes), İbrahim Toraman (Beşiktaş), Semih Şentürk ( Fenerbahçe), Bora Kozanoğlu ve İpek Şenoğlunun həyat hekayələrinin yer aldığı “Röyasını Gerçəkləşdirənlər Klubu” kitabında bu idmançıların duyğuları, düşüncələri, xəyalları, uşaqlıq dövrləri, həyat mübarizələri, idmana necə gəlmələri, çalışdıqları məşqçilər, oynadıqları klublar və uğurlarından bəhs olunur.
“Röyasını Gerçəkləşdirənlər Klubu” kitabı xoşbəxt bir həyat sürə bilmənin, uğur qazanmanın yollarını aydınlaşdırır. Anadolu Efesində uzun illər basketbol oynamış kitabın yazarı Murat Bayer, bu dəyərli idmançılarla oxucuları tanış edərkən onların şəxsiyyətlərini hər kəsə, xüsusilə də gənclərə örnək göstərir.
Yalnız idmansevərlərin deyil, hər kəsin sevərək zövqlə oxuyacağı bu kitabla bağlı Murat Bayer ilə söhbət etdik.
– “Röyasını Gerçəkləşdirənlər Klubu” adında kitab yazmaq ideyası hardan ağlınıza gəldi?
– Efes Pilsen, yəni indiki Anadolu Efesdə basketbol təhsili aldım, basketbolu sevdim və onun sirlərinə yiyələndim. Ufuk Sarıca, Naumoski, Tamer Oyguç, Conrad Mc Rae kimi simvol idmançıları məşqlərdə yaxından görmək və tanımaq mənim üçün fərqli bir motivasiya qaynağı oldu. Onların uğurları ölkəmizdə basketbola olan sevgi və marağı artırdı, təvazökarlıqlarıyla da gənclərə həmişə nümunə oldular. Bizlər də həmişə onlardan nümunə götürməyə çalışırdıq. Bu gün hələ də onların məşqdən sonrakı əlavə zərbələrini xatırlayıram.
Meydanda ya da küçədə oynayan uşaqların çoxu öz adlarının yerinə ləqəb kimi tanınmış, bacarıqlı idmançıların adını işlədir. Bu səbəbdən kitabda adları hallanan ölkəmizi uğurla təmsil edən Haluk Yıldırım, Kerem Tunçeri, İbrahim Toraman, Semih Şentürk, Bora Kozanoğlu və İpek Şenoğlunun həyat hekayələrində yetişməkdə olan nəsilə əzmlə çalışmağın bir vəzifə olmasını deyil, zəfərə gedən yolun açarı olduğu anladılır. Bu idmançıları tanıya bilərik, lakin onların həyatındakı bəlkə də kiçik, amma önəmli böyük detalları öyrənməyin dünyagörüşümüzdə də dəyişikliklər yaradacağını düşündüm.
– İdmana marağınız necə yarandı?
– İdmana babamın ölkə xaricindən aldığı qapıçı əlcəkləriylə başladım. Məktəbdə qapıçı olurdum, bu əlcəkləri kimsəyə verməməkdən ötəri. Daha sonra ailəmin yönləndirməsiylə Efes Pilsen, indiki Anadolu Efesin klubunda basketbol oynamağa başladım. Olduqca bacarıqlıydım. O vaxtda həm öz klubumuzun, həm böyük klublardan birinin məşqlərinə qatılır, öz komandamızda hücumçu, o birində isə isə oyun qurucusu olaraq oyunlara çıxırdım. Dörd medalı qazanmışdım. Həftədə 5 gün, gündə 1,5 saat məşqlərimiz olurdu. Bu səbəbdən böyük klublara yüksəldiyim zaman bir seçim etmək məcburiyyətində qaldım. Təhsil, yaxud basketbol! Avstriya Litseyinə girdikdən sonra basketbolu buraxdım. Bir ara həftə sonları tennis oynamağa başladım, son 5-6 ildir şörfinqlə məşğulam. Amma təbii ki, basketbola olan marağım və sevgim heç bir idman növündən üstün deyildi.
– İdmanın hər növünün idmançıya bir çox şey verdiyi bu gün hər kəs tərəfindən bilinən bir həqiqət. Ailələrə verəcəyiniz bir ismarıc nə olardı?
–Ailələrə uşaqlarını fərqli idman növlərinə yönləndirmələrini təklif edərdim. Uşaqlarını idmanın tək bir növüylə məşğul olmağa məcbur etməsinlər. Komandada oynamaq insana paylaşma duyğusu aşılayır. İş həyatında bunun çox önəmi vardır. Fərdi qaydada olan idman isə özünəgüvənmə, özü-özünə dayaq olmağı öyrədir.
– Siz basketbol oynadınız. Sonradan inşaat mühəndisi olmağı qərar verdiniz. Basketbolun iş həyatınıza təsirini görürsünüzmü?
– Basketbolun mənə öyrətdiyi komanda ruhunu bugün inşaat mühəndisi kimi tikinti meydanında tətbiq edirəm.
– İdmanla məşğul olmağın başqa nə kimi xeyrini gördünüz?
– Öncəliklə idman etməklə sağlam bir bədənə və sağlam ruha sahib olursunuz. İdmanın ortaq bir özəlliyi var: İnsanları pis alışqanlıqlardan uzaq saxlayır. Bunun xaricində uğur vəuğursuzluqla uşaq yaşlarında tanışlığın insanı daha tez təkmilləşdirməsinə inanıram.
– Kitabda adları keçən idmançıları seçərkən nələrə diqqət etdiniz?
– Bu kitaba həyat verən 6 milli idmançımız – Haluk Yıldırım, Kerem Tunçeri, İbrahim Toraman, Semih Şentürk, Bora Kozanoğlu və İpek Şenoğlunun meydana çıxdıqları zaman bizə eyni hissləri yaşatdıqlarına baxmayaraq, hər birinin həyat hekayəsi bir-birindən çox fərqlidir. Həm meydanda, həm də meydan xaricində həyatlarının düzgün olması diqqətimi çəkdi. Fərqlı klublardan idmançıları seçərək əlimdən gəldiyi qədər bütün klublarımıza bərabər məsafədə olmaq istədim. Həyatlarında bu idmançıları fərqləndirən, çalışmaq əzmləriylə bərabər örnək xarakterlərə sahib olmalarıdır.
Haluk Yıldırım, əzmi, hörmət bəslənməli şəxsiyyəti, oyun zəkası, oyunlardakı ildırım kimi müdafiəsi, hücumda paylaşma özəlliyi ilə mübarizədə lider basketbolçudur. Ölkəmizdə ən uzun müddətli basketbol oynayanların başında o gəlir. Üstəlik xərçəngi məğlub edib yenidən basketbol oynayacaq qədər ehtiraslıdır. Yüksək şəxsiyyətdi.
Kerem Tunçeri, həm Milli Klubumuzda, həm də oynadığı klublarda oyunun taleyinə imza atan “Bay Son Salise”. 2007 ilində İspaniyada Real Madrid komandasıyla İspaniya Ligi Çempionluğu ve ULEB Cup Çempionluğunu qazanan ilk türk idmançısıdır. Milli Basketbol Klubunun tarixi uğurunun baş memarıdır.
İbrahim Toraman, ehtiraslı, qabiliyyətli, intizamlı, fədakar, çalışqan, gənclərdən ibarət milli komandada oynadığı oyundan sonra bir gün ara verməklə A Milli komanda formasını geyən nadir futbolçulardandır, Beşiktaş klubunun 14 ildir sabitlik abidəsidir.
Semih Şentürk, hansı oyun olursa olsun, meydanda olduğu hər saniyə tərafdarına atdığı, atacağı qollarla ümid aşılayan, Avrupa Çempionunda ən geç atılan qol rekordunu qıran duyğulu hücumçumuzdur. Bizlərə nələrə qadir olacağımızı göstərən mübariz şəxsiyyətdir.
Bora Kozanoğlu, Türkiyədə Windsörf Çempionu, Dünya Çempionu ikincisi, ölkəmizdə bu idmanın tanınmasında öncül olan eyni zamanda inşaat mühəndisidir.
İpek Şenoğlu, dünya statistikasında ilk yüzlüyə girən türk qadın tennisçi və ölkəmizdə tennisin tanınmasında böyük rola malik ilk qadın...
– Ən çox hansı idmançının həyatı diqqətinizi çəkdi?
– Kitabı yazarkən bir pərəstişkardan çox onların hər birini dostum olaraq gördüm. Elə olmasaydı onların həyat hekayələrini incələmək yerinə bir pərəstişkar kimi sevgi və hörmət dolu məktubla bunu anlada da bilərdim. Hər idmançının bir-birindən fərqli və maraqlı həyatında ortaq bir xüsusiyyət var. Hamsı xəyallarının arxasıyla gedərkən özlərinə bir hədəf seçmişlər və ürəklərindəki istəyin həyata keçəcəyinə inanaraq uğura çatmışlar.
Tanınmış yazarımız Peyami Sefa belə demiş:
“İnsanın istəyi şəxsiyyətini ortaya qoyar:
Nə istədiyinizi söyləyin, nə olduğunuzu xəbər verim.
Bir darı dənəsimi istəyirsiniz? Siz bir sərçəsiniz.
Bir quzumu istəyirsiniz? Siz bir qurdsunuz.
Bir zəfərmi istəyirsiniz? Siz bir qəhrəmansınız.”
Haluk, Kerem, İbrahim, Semih, Bora ve İpek xəyallarının qəhrəmanı oldular.
Arzu edirik ki, hər kəs öz xəyallarının qəhrəmanı olmağı bacarsın. Uğur, nə pul nə də gücdür. Uğur bizim qurduğumuz xəyallarda gizlənmişdi. Xəyallarımızın arxasıyla gedib onları gerçəkləşdirə bildiyimiz halda bacarıqlıyıq.
– Yazdığınız kitabın təqdimatı oldumu?
– Kitabın Türkiyə Basketbol Federasiyası tərəfindən təqdimatı keçirildi. Türkiyədə basketbolu dünyanın ən yaxşılarından biri halına gətirən Türkiyə Basketbol Federasiyasının çox dəyərli rəhbəri sayın Turgay Demirəl və əməkdaşlarına, həm əldə etdikləri uğurlar həm də şəxsiyyətləriylə Türkiyənin yetişdirdiyi ən istedadlı idmançılarından, mənim də ideallarımdan biri olan və bu gün milli komanda meneceri Harun Erdenaya kitabımın təqdimatına verdikləri dəstəyə görə və eyni zamanda kitaba sponsor olan SAP Türkiyəyə buradan bir daha təşəkkür edirəm.
– Kitabla bağlı oxucuların nə kimi bir reaksiyası oldu?
– Sadəcə Türkiyədən deyil, Azərbaycan və Almaniyadakı oxuculardan gözəl reaksiyalar oldu. Kitabın içində Mevlana da var Konfüçyus, Albert Einstein, Bernhard Shaw da var, Cenap Şahabettin, Yahya Kemal Beyatlı da... Hər yaşdakı oxucuya mesajlar var bu həyat hekayələrində... Bütün idmançılar səmimiyyətlə hər şeyi anladırlar. Kitabda idmançıların uşaqlıqdan günümüzə qədər heç bir yerdə yayımlanmamış fotoqraflarının yer almasını oxucular maraqla qarşlamışlar. Ümumilikdə qarşılaşdığım sualsa belə bir proyektin hardan ağlıma gəlməsi və nədən idmanı davam etdirməməyimdir.
– Kitabı oxucular hardan əldə edə bilərlər?
– Kitabı İdefix ve D&R’ların web sitələrində, D&R mağazalarından əldə edə bilərsiniz. Ayrıca kitabın adını daşıyan bir Facebook qrup səhifəsi də var.
– Bu cür kitablar yazmağa davam etməyi düşünürsünüzmü?
– Deyərdim ki, bəli. Yetişməkdə olan yeni nəslin həyatlarında rol oynayacaq idealları seçməsi böyük rola malikdi və bu seçim duzgün olarsa uğura olan ehtiras, özünəgüvənmə duyğusu o dərəcədə artar. İdmançılarımızı ölümsüzləşdirərkən, gənclərimizin özlərinə seçdiyi idealların yaşam biçimlərini, duyğularını, düşüncələrini nə dərəcə aydınlaşdıra bilsək, o dərəcədə uğura olan inam artar.
T. Teymurov