Azərbaycan ictimaiyyəti Sara xanım Aşurbəylini (1906-2001) dünya şöhrətli tarixçi alim kimi tanıyır.
Məşhur Aşurbəylilər nəslinin nümayəndəsi olan, bütün fəaliyyəti boyu Azərbaycan tarix elmini zənginləşdirən və xalqımızın uzaq-yaxın şanlı keçmişinə işıq salan "Şirvanşahlar dövləti" və "Bakı şəhərinin tarixi" kimi fundamental əsərlər yaratmış Sara xanım həm də incə duyumlu gözəl rəssam olub. Elmi fəaliyyətinə görə respublika Dövlət mükafatına layiq görülən alim həm də Azərbaycan Rəssamlar İttifaqının üzvü idi...
Dövrünün tanınmış ziyalılarından sayılan Balabəy Aşurbəylinin ailəsində dünyaya göz açan Sara xanımın bir çox sahələr üzrə təhsil alması ona işıqlı gələcək vəd etsə də, kommunist rejiminin çox vaxt ağı qaradan seçməkdə çətinlik çəkən siyasəti bu nəslin xalqımız üçün sayagəlməz xeyirxahlıqlarını insafsızcasına görməməzliyə vurmaqla, onların bütün mənalarda təqibinə başlamışdı. Müxtəlif formalı bu təpkilər gənc Sara xanımdan da yan keçmədi. Başqa sözlə desək, sonrakı taleyi onu çox sınaqlara çəkməli oldu...
Atasının və həyat yoldaşının repressiyaya uğraması onun başı üzərində təhlükəli və əbədi "Domokl qılıncı"na çevrilsə də, təzadlarla dolu həyat yolu və çoxsaylı sınaqlar onu sındıra bilmədi. Müasirlərinin çoxunun vurğuladığı kimi, Sara xanımın qeyri-adi inadkarlığı zaman-zaman rastlaşdığı maddi-mənəvi çətinliklərə sinə gərməkdə ona kömək etdi. Onun ərsəyə gətirdiyi sanballı tədqiqatlar və təsviri sənət əsərləri də bunu təsdiqləyir. Bu zərif xanımın başına gələnləri bir başqası yaşasaydı, yəqin ki, çəkdiyi rəsm əsərləri yalnız pessimist notlara köklənərdi. Amma tarixçi alim, musiqiçi və xarici dillər mütəxəssisi kimi molbert qarşısında dayanan Sara xanımın palitrasında və kətanda gerçəkləşən əsərlərində yaşananlara ittihamedici "işarə"dən uzaq bir nikbinlik hakimdir. Hər halda onun bizim günlərə gəlib çatmış müxtəlif janrda əsərləri bunun söyləməyə əsas verir...
Uşaq vaxtı İstanbulda Janna d'Ark adına fransız kollecində aldığı ilkin rəsm dərsləri, sonra isə Bakı Rəssamlıq Texnikumunu bitirməsi (1941) ona ruhunda gəzdirdiyi gözəlliyi duymaq və başqaları üçün estetik qaynağa çevirmək, bununla da yaratmaq missiyasını gerçəkləşdirməyə imkan verib.
Öncə qeyd edək ki, Sara xanımın bədii irsi o qədər də zəngin deyil. Bunu əsasən tarixçi alimin əhatəli elmi yaradıcılığı ilə əlaqələndirmək olar. Onun ilkin fəaliyyəti nüfuzlu mədəniyyət ocağımız sayılan Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olub. 1941-1945-ci illərdə burada çalışan Sara xanım teatrın baş rəssamı Nüsrət Fətullayevlə birlikdə müxtəlif tərtibat işlərində yaxından iştirak edib, əsasən dekorator kimi fəaliyyət göstərib. Həmin dövr müharibə illərinə təsadüf etdiyi və teatrda yeni əsərlər, demək olar ki, hazırlanmadığı üçün əsas diqqət arxa cəbhədə çalışanların düşmən üzərində qələbəyə inamını möhkəmləndirmək məqsədilə təbliğat xarakterli bədii vasitələrin geniş tətbiqinə yönəldilmişdi. Buna görə də gənc rəssamın sənət bioqrafiyasında yaradıcılıq baxımından duyulası nə isə baş verməyib.
İndiki məqamda biz Sara xanımın rəssamlıq potensialını cəmi beş əsərin timsalında dəyərləndirməyə məcburuq. Onun 1941-ci ildə diplom işi olaraq çəkdiyi "Natürmort"unu rəssamın bədii irsinin yaddaqalan nümunələrindən saymaq mümkündür. İriölçülü bu əsərin kompozisiyasını Azərbaycan torpağının payız nemətləri təşkil edir. Güllü parça önündə müxtəlif meyvələri bir araya gətirən, onları qədim mis və çini qablarla əlaqələndirən müəllif bütünlükdə əsərin həm diqqətçəkənliyinə, həm də təsvirin mənəvi-estetik qaynağa çevrilməsinə nail olub. Əsərin incə keçidlərlə yaradılmış rəng çalarlarının ümumi ahəngi çox cəlbedicidir. Realist ifadə vasitələrindən bəhrələnən Sara xanımın nümayiş etdirdiyi yüksək sənətkarlıq "Natürmort" əsərinin bu janrda yaradılan ən yaxşı nümunələrdən biri olmasını şərtləndirib.
Rəssamın digər üç əsəri isə mənzərə janrına aiddir. Bunlar "Xan sarayı", "Şəki mənzərəsi" və "Göygöl" adlı lövhələrdir. Sara xanım bu əsərlərin hər birinə tarixilik bəxş edib. Nikbin ovqat yaradan boyalarla işlənmiş həmin tablolarda təbiətin gözəlliyi qabarıq və yaddaqalan bədii görkəm alıb. Göygölü əhatə edən cəlbedici landşaftın mavi sularda əksinin bədiiləşdirməsinə üstünlük verən rəssam bütünlükdə təbiətin möcüzələrindən sayılan bu gözəllik qaynağının heyranedici görkəm almasına nail olub. Bu mənzərə hazırda uzaq Meksika muzeylərinin birinin eksponatıdır.
Qırmızı kirəmitli evlərin sıralandığı Şəki küçəsində keçmişdən bu günümüzə uzanan tarixi-etnoqrafik auranın ("Şəki mənzərəsi") gözoxşayan estetik qaynağa çevrilməsi bilavasitə Sara xanımın nümayiş etdirdiyi yüksək professionallıq sayəsində baş tutub. Lirik tutumlu bu əsərdə mavi-zümrüdü rənglərin müxtəlif çalarlarının şəkəri tonda verilmiş yer və divarla vəhdətdə yaratdığı ovqat cəlbedici və təsirlidir. Yeri gəlmişkən deyək ki, bu əsər hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındadır.
Onun "Xan sarayı" lövhəsində də mənzərənin inandırıcılığı və ovqat daşıyıcılığı kifayət qədər qabarıq görkəm alıb. Sarayın fasadını iri planda verən müəllif arxada şəbəkəli pəncərələri, tağlı eyvanı və ora qalxan kərpic pillələri təsvir etməklə həyətin yaşıllığı üzərində qərarlaşan müxtəlif atributların diqqətçəkənliyinə nail olub. İlıq-nikbin rənglərin zərif çalarları bütünlükdə tablonun lirik xarakterini şərtləndirib...
Rəssamın Bakı muzeyində saxlanan digər lövhəsi isə "Üzüm yığımı" adlanır. Bu çoxfiqurlu süjet kompozisiyasında Abşeronda üzüm yığımı təsvir olunub. Bir neçə qadın və yaşlı kişi toplanmış məhsulu iri ağacın kölgəsində yeşiklərə doldurmaqla məşğuldur. Bu kompozisiyada da Sara xanım rənglərin ovqat yaratmaq gücündən istifadə etməklə, əməyin təntənəsinə həsr olunmuş lövhəni yaddaqalan edib. Əsərin incə rənglərdən "hörülmüş" nikbin koloriti gözoxşayan və duyğulandırıcıdır...
Beləliklə, Sara xanım Aşurbəylinin rəssamlıq irsi sayca az olsa da, onları yüksək sənətkarlıq nümunəsi və milli təsviri sənətimizin inkişaf tarixinə layiqli töhfə kimi dəyərləndirmək mümkündür.