|
|
|
|
Aprelin son günləri Azərbaycan-Gürcüstan musiqi əlaqələri tarixinə gözəl, yaddaqalan bir səhifə ilə yazıldı. Gürcüstan Bəstəkarlar İttifaqının dəvəti və təşkilati dəstəyi ilə Tbilisi şəhərində bəstəkar, Əməkdar müəllim, professor Adilə xanım Yusifovanın müəllif gecəsi keçirildi.
Sirr deyil ki, Doğma Kürün sahilində, möhtəşəm dağların qoynunda yerləşən, tarixi yaddaşımızda bizlərə çox mətləbləri anladan Qədim Tiflis özünəməxsus, dolğun mədəniyyət və incəsənət mühiti ilə həmişə diqqət çəkib. Elə onu xatırlamaq kifayətdir ki, bu mühit dahi dramaturqumuz Mirzə Fətəli Axundovun, bənzərsiz müğənnimiz Rəşid Behbudovun yaradıcılıq şəxsiyyətinin formalaşmasında mühüm rol oynayıb. İndinin özündə də, müxtəlif səpkili iqtisadi, siyasi çətinliklərə baxmayaraq, Tbilisidə fəaliyyət göstərən irili-xırdalı çoxsaylı teatr səhnələri, qeyri-adi dizaynı ilə diqqətçəkən konsert salonları daima orijinal layihələrə ev sahibliyi edir. Məhz belə bir münbit yaradıcılıq atmosferi son illər bəstəkar Adilə xanım Yusifovanın gürcü həmkarları ilə sıx əlaqələrinin yaranmasını şərtləndirib. Yazışmalar, birgə əməkdaşlıq niyyətləri, tez-tez baş tutan görüşlər, nəhayət, Gürcüstan Bəstəkarlar İttifaqının sədri, bəstəkar Kaxa Sabadzenin təşəbbüsü ilə sanballı bir müəllif gecəsi ilə nəticələndi. Müəllif gecəsinin keçirildiyi məkan da Tbilisinin mərkəzi küçələrinin birində yerləşən Bəstəkarlar İttifaqının qədim binasında öz məxsusi dəbdəbəsi ilə göz oxşayan xudmani konsert salonu oldu.
Gecənin proqramı elə qurulmuşdu ki, dinləyicilərdə Adilə Yusifovanın yaradıcılıq siması, axtarışlarının istiqaməti, musiqisinin janr və obrazlar dairəsi barədə mümkün qədər dolğun təəssürat yarana bilsin. Əvvəla onu vurğulayaq ki, Adilə Yusifova bu il 100 illik yubileyini qeyd etdiyimiz qüdrətli bəstəkarımız Cövdət Hacıyevin layiqli yetirmələrindən biridir.O, peşəkar musiqi təhsilinin bütün pillələrini layiqincə adlayıb: 7 illik musiqi məktəbini bitirdikdən sonra təhsilini Asəf Zeynallı adına Bakı Musiqi texnikumunda davam etdirib və pianoçu kimi əla qiymətlərlə bitirib. Lakin bəstəkarlığa güclü meyl onu Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə gətirib və tələbkar müəlliminin rəhbərliyi altında o, musiqi kompozisiyasının müasir texniki vasitələrini, üslub və formalarını dərindən mənimsəyib. Diplom işi kimi təqdim etdiyi Piano ilə orkestr üçün konserti Dövlət İmtahan komissiyasının ən yüksək qiymətini alıb. Beləcə, Adilə Yusifova keçən əsrin 80-ci illərində müstəqil yaradıcıllıq yoluna ən müxtəlif musiqi-ifadə vasitələri ilə “silahlanmış” bir bəstəkar kimi qədəm qoyub.
Hər zaman böyük müəlliminin xatirəsini əziz tutan Adilə xanım Tbilisi konsertini də Cövdət Hacıyevin bu il qeyd olunan 100-illik yubileyinə həsr etmişdi. Gürcü həmkarları həm də onun müəllifi və tərtibçisi olduğu “Cövdət Hacıyev: Həyat xronikası.Məqalələr.Düşüncələr” adlı kitabı ilə tanış olmaq imkanı da qazandılar. Bu sanballı nəşrlə yanaşı bəstəkar ona həyatda ilk yol göstərəni olmuş, yüksək amallar ilə yaşayıb-yaratmaq mücəssəməsi kimi daim qürur duyduğu bir şəxsin də - təhsil illəri Tiflislə bağlı olan mətin musiqiçi, musiqişünas və publisist, ilk peşəkar hərbi dirijorumuz olan atası Niyazi Kərimovun keçdiyi şərəfli və ağır ömür yolunu işıqlandıran yenicə çapdan çıxmış “Mən bu dünyaya mübarizə üçün gəldim” kitabının sevincini də gürcü həmkarları ilə bölüşdü. Hər iki nəşr maraqla qarşılandı və Adilə xanımı nəinki bəstəkar, habelə istedadlı alim-tədqiqatçı, müəllimlərinə konkret əməlləri ilə sadiq olan tələbə-övlad kimi də səciyyələndirdi.
Konsert boyu Adilə xanımın müxtəlif mövzulu əsərləri Azərbaycan və gürcü ifaçılarının məharətli təfsirində səslənirdi. Qeyd edək ki, simfoniya janrının böyük ustadı kimi tanınmış Cövdət Hacıyevin tələbəsi olmasına baxmayaraq, Adilə Yusifova 40 illik yaradıcılıq yolunda əsas diqqətini kamera janrlarına, həm də xüsusi zövq aldığı uşaqlar üçün teatr musiqisinə verib. Bu janrlar həm yaradıcılıq laboratoriyası rolunu oynayıb, həm də bəstəkarın düşüncə və təəssüratlarını daha qabarıq açmağa imkan verib.
Adilə xanımın təşkil etdiyi bütün müəllif konsertləri kimi bu axşamın da məxsusi məna yükü var idi. Tarzən Elnur Cəfərovun “Bakıdan bahar salamları” adlı ilhamlı ifası ilə başlanan konsert elə tar sədalarının üzvi daxil olduğu bir nömrə ilə də çərçivələnmişdi. Muğam ruhundan qidalanan bəstəkar üçün bundan gözəl milli mənsubiyyət rəmzi nə ola bilərdi ki? Səslənən bütün nömrələrdə müəllif həyatının ən duyğulu, məhrəm anları canlanırdı. Əsərlərin adlarına diqqət yetirək: “Meh gətirdi”, “Uşaqlara məhəbbətlə”, “Yeddi çinar”, “İthaf”, “Çərçivədə çiçəklər”, “Milli naxışlar” piano silsiləsindən “Qarabağ xalçası”, “Parçaların əlvan şıltaqlığı”, “Əbədi yaşar səslər”... Bəstəkar sanki bir rəssam təki musiqi boyaları ilə yaşadığı anların təsvirini verib. Əlbəttə, bu tərz musiqi ilk növbədə onu duymağı, hətta “görməyi” bacaran həssas ifaçıları tələb edirdi. Zənnimcə, həmin axşam bu duyğulu musiqi bayramının bütün iştirakçıları Adilə xanımın musiqi dünyasına baş vura bildilər. Respublikanın əməkdar artisti, gözəl vokalçımız Gülnaz İsmayılova, istedadlı gənc pianoçu, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli, mahir tarzən Elnur Cəfərov, B.Saracişvili adına Qürcüstan Konservatoriyasının çox ümidverici I kurs tələbəsi Eteri Skipurişvili əsərlərin öhdəsindən ürəkdən gələn səmimilik və şövqlə gəldilər. Konsertin sonunda tanınmış gürcü həmkarları - qocaman bəstəkar Vaja Azaraşvili, Kaxa Sabadze, Qeorqi Şaverzaşvili, musiqişünaslar Tamara Sulukidze, Rima Biçikuri, Lela Makaraşvilinin, Lika Çxeidzenin xoş təəssüratları konsertin uğuruna heç bir şübhə oyatmadı. Bu ovqat konsertdən sonra Bəstəkarlar İttifaqında zövqlə açılmış dost süfrəsində daha canlı və səmimi xarakter aldı . Bu zaman Qeorqi Şaverzaşvilinin piano arxasına keçərək tam dəqiqliklə Azərbaycan Himnini səsləndirməsi, əlbəttə bizləri məmnun etməyə bilməzdi. Bunun təbii davamı kimi isə pianoda, tarda, Gülnaz İsmayılovanın ifasında gözəl xalq havalarının sədaları bir-birinə qarışdı. Tarzənimizin məharətli, virtuoz çalğısı görüşdə iştirak edən Konservatoriya müəllimlərini elə təsirləndirdi ki, onu Tbilisiyə ustad dərslərinə çağırmaq təklifi də yarandı. Yada düşən çoxlu xatirələr, təəssüratlar bizləri vaxtilə iştirakçısı olduğumuz Gənc Zaqafqaziya Bəstəkarlarının Festivallarına da apardı... Beləcə, bəstəkar Adilə xanım Yusifovanın Tbilisidə keçirilmiş müəllif gecəsi dostluq və yaradıcılıq ünsiyyətinin gözəl bir nümunəsi kimi yaddaşımıza həkk olundu.