Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə qardaşlıq və dostluq əlaqələri gündən-günə inkişaf etməkdədir.
Elm, ədəbiyyat və incəsənət xadimlərinin ardıcıl olaraq görüşməsi, sənət mübadiləsi aparması artıq ənənə halı alıb. Belə görüşlərdən biri də bu günlərdə İstanbulun Üsküdar Bağlarbaşı mədəniyyət sarayında keçirilən "Bir millət - iki dövlət" adlı tədbir idi. Bu tədbirin təşkilatçısı İstanbuldakı Özəl Pendik Xəstəxanasının baş həkimi professor-doktor Turqut Göksoyun ədəbiyyat və incəsənətə sonsuz ehtiramının şahidi olduq. Məhz onun təşəbbüsü və təşkilatçılığı ilə reallaşan dostluq və qardaşlıq görüşü əsl bayrama çevrildi.
Tədbiri Türkiyənin tanınmış və sayılan sənətçilərindən Pınar Dilək Yılmazın bədii rəhbəri və dirijoru olduğu Kopella müşayiət edirdi. Onu da deyək ki, repertuara yalnız Azərbaycan mahnıları daxil idi. Azərbaycan bəstəkarlarından Səid Rüstəmovun, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Emin Sabitoğlunun, Ələkbər Tağıyevin, Qulu Əsgərovun, Əlibaba Məmmədovun bəstələrilə yanaşı, proqramda xalq mahnıları da vardı. Türkiyəli sənətçilərin ifasında Azərbaycan dilində səslənən bu mahnılar öz şirinliyilə məclisə xüsusi rövnəq verdi. Kapellanın bədii rəhbəri Pınar Dilək Yılmazın soprano səsi mahnıların ifasına son dərəcə şuxluq gətirirdi.
Bu görüşdə fəxri qonaqlar kimi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və nasir Rəşad Məcid, yazıçı Seyran Səxavət və şair Xəyal Rza da iştirak edirdilər. Onlar çıxışlarında Azərbaycan-Türkiyə dostluq və qardaşlığından, iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin inkişaf etdirilməsindən söz açdılar, şeirlər söylədilər.
Son zamanlar ədəbi əlaqələr yönündə ciddi işlər görmüş İLESAM-ın sədri Mehmet Nuri Barmaqsız da çıxış edərək təşkilatlarının Azərbaycanla bağlı fəaliyyəti, eləcə də ölkələrimiz arasındakı səmimi qardaşlıq münasibətlərindən danışdı. M.N.Barmaqsız öz fikirlərini gözəl bir şeirlə bitirdikdən sonra türkiyəli müğənni Mehmet Özqaya Xəyal Rzanın sözlərinə bəstələdiyi 2 mahnını ifa etdi.
Tədbirin ikinci hissəsində əvvəlcə azərbaycanlı müğənnilər Elza və Rasimə Seyidcahanlar öz ifalarını nümayiş etdirdilər. Elza Seyidcahan iki qardaş ölkənin mədəni bağlılığından danışaraq, müəllimi, dünya şöhrətli bəstəkar Arif Məlikovla böyük şair Nazim Hikmətin yaradıcılığının bəhrəsi olan "Məhəbbət əfsanəsi" baletini xatırlatdı. Sonra o, özünün bəstələdiyi gözəl mahnıları səsləndirdi.
Saatlarla davam edən bu möhtəşəm tədbir əvvəldən axıradək böyük coşqu ilə keçdi.
Aydın AĞAZADƏ
İstanbul