Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMİB) və Türkiyə Müharib Qazilər Dərnəyi İstanbul şöbəsinin təşkilatçılığı ilə Azərbaycandan bir qrup Qarabağ müharibəsi əlili və veteranının, Aprel döyüşləri iştirakçılarının Türkiyəyə səfəri İstanbulda keçirdikləri növbəti maraqlı görüşlərlə davam edib.
Mayın 20-də səfər iştirakçıları Türkiyə Müharib Qazilər Dərnəyi İstanbul şöbəsi rəhbərliyinin müşayiətilə məşhur hərb və dövlət xadimi general Kazım Karabekirin ev-muzeyini ziyarət ediblər. Məlumdur ki, Karabekir paşanın Türkiyə və Azərbaycan tarixində özünəməxsus yeri var və o, Qazi Mustafa Kamal Atatürkün ən yaxın silahdaşlarından biri kimi Qurtuluş Savaşında mühüm rol oynayıb. Üç övladının ən kiçiyi olan Timsal xanımın himayəsi altında fəaliyyət göstərən ev-muzeyi Kazım Karabekirin həyat və xidmət yolunu əks etdirən qiymətli eksponatlarla zəngindir. Muzey bələdçisi qonaqları eksponatlarla tanış edərək, generalın muzeydə sərgilənən şəxsi əşyaları barədə ətraflı məlumat verib.
Sonra muzeyin yaxınlığındakı Kazım Karabekir Mədəniyyət Mərkəzində tədbir keçirilib. Ehtiyatda olan general-leytenant Cumhur Evcil, Türkiyə Müharib Qazilər Dərnəyi İstanbul şöbəsinin başqanı Ahmet Kendigel, Anadolu Aydınlar Ocağının başqanı İbrahim Öztek, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxış ediblər.
E.Həsənli K.Karabekirin Azərbaycan torpaqlarının, xüsusən Naxçıvanın erməni zülm və işğalından qurtulmasındakı önəmli rolunu vurğulayıb.
Bu tədbirin ardınca A.Kendigelin təşəbbüsü və Dərnəyin idarə heyəti üzvlərinin müşayiətilə azərbaycanlı qonaqların İstanbulun qədim məkanlarında, tarixi və görməli yerlərində gəzintisi təşkil edilib.
Günün sonunda isə Azərbaycan nümayəndə heyəti türkiyəli tərəfdaşları ilə birgə Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Rüşat Aydoğanla görüşüblər. R.Aydoğan Azərbaycan qazilərini Türkiyədə görməkdən məmnun olduqlarını ifadə edərək qardaş millətlər arasında münasibətlərin inkişafında QHT-lərin əməkdaşlığının xüsusi önəm daşıdığını bildirib.
TOHGMİB sədri E.Həsənli Azərbaycan dövlətinin Şimali Kiprə dostluq və qardaşlıq dəstəyinin nümayiş etdirən önəmli məqamlara diqqət çəkib.
Görüşün yekununda qarşılıqlı şəkildə simvolik hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, sözügedən səfər Türkiyə Müharib Qazilər Dərnəyi və Əməkli Subaylar (Ehtiyatda olan Zabitlər) Dərnəyinin dəvətilə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin də iştirakı ilə gerçəkləşib. Həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu səfəri dəstəkləyib.
CAVİD