https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

Bakı IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi etdi

AZƏRBAYCAN MÖTƏBƏR TƏDBİR VASİTƏSİLƏ İDMAN ÖLKƏSİ OLDUĞUNU BİR DAHA TƏSDİQLƏDİ

Bakı IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi etdi

Azərbaycan daha bir beynəlxalq idman tədbirinə uğurla evsahibliyi etdi.

Mayın 12-də rəsmi açılış mərasimi ilə dünyanın 4 qitəsindən ölkəmizə gələn idmançıları dərin hörmətlə qarşılayan, onlara böyük qonaqpərvərlik göstərən Azərbaycan 10 gün sonra, mayın 22-də möhtəşəm bağlaşın mərasimi ilə IV İslam Həmrəyliyi Oyunlarına yekun vurdu.

Bakı Olimpiya Statidonunda təşkil olunan bağlanış mərasimində prezident İlham Əliyev, birinci vitse-prezident, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasseri, ictimaiyyət nümayəndələri, idman həvəskarları və xarici qonaqlar iştirak edirdi. AZƏRTAC-ın məlumatına görə, Mehriban Əliyeva tədbirdə çıxış edərək qeyd edib ki, Azərbaycan növbəti tarixi qələbəyə imza atdı: "Dördüncü İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları Azərbaycanla bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar. Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin, hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy, Allah bütün müsəlmanları qorusun".

Sonra İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser çıxış edərək bildirib ki, Azərbaycanın paytaxtında möhtəşəm idman və dostluq bayramı başa çatdı: "Bakı dövlətlərimizin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələrimizi qeyd etmək məqsədilə yaradılmış gözəl şəraitləri təmin etdi.

Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, "Bakı-2017"nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu. Mən İslam Həmrəyliyi İdman Federasiyası adından idmançılara oyunlarda iştirak etdiklərinə, könüllülərə "Bakı-2017"yə verdikləri töhfəyə və Azərbaycan xalqına göstərdiyi fədakarlığa, çox böyük qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm".

Bununla IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə yekun vuruldu.

Ümumilikdə 54 ölkənin iştirakıyla keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə apardılar. Azərbaycan millisi bütün rəqiblərini qabaqlayaraq İslamiadanın qalibi oldu. İdmançılarımız 75-i qızıl, 50-si gümüş, 37-i bürünc olmaqla, ümumilikdə 162 medal qazandılar. Aktivinə 195 medal yazdıran Türkiyə qızıl əyarına görə millimizdən geri qaldı. İran isə 98 medalla yarışları üçüncü pillədə başa vurdu. Ölkəmiz qızıl medalların sayına görə, İslamiadanın mütləq rekordçusu oldu. İslam Həmrəyliyi Oyunları tarixində indiyədək 75 qızıl medal qazanan olmamışdı.

Son dövrlər Azərbaycanda baş tutan Birinci Avropa Oyunları, "Formula-1" üzrə Bakı qran-prisi, Dünya Şahmat Olimpiadası ilə ölkəmiz idman yarışlarını ən yüksək səviyyədə keçirməklə bağlı mövcud imkanlarını təqdim etmişdi. İndi isə İslam Həmrəyliyi Oyunları ilə dövlətimiz qısa zaman kəsiyində beynəlxalq əhəmiyyətli idman oyunlarına peşəkarlıqla hazırlaşmağın mümkünlüyünü bir daha ortaya qoydu. Əlbəttə, unutmaq olmaz ki, bu müddət ərzində ölkəmiz təkcə idman sahəsində deyil, eləcə də siyasi, iqtisadi, humanitar və digər istiqamətləri əhatə edən beynəlxalq tədbirlərə evsahibliyi etdi və bəşəriyyətin gələcəyi üçün olduqca əhəmiyyət kəsb edən sivilizasiyalararası dialoq mühiti yaratdı. İstər dini, istərsə də etnik zəmində baş verən münaqişələr, müharibələr fonunda Azərbaycanın ayrı-ayrı sivilizasiyaları bir platforma ətrafında birləşdirməsi, dünya insanını sülhə, əmin-amanlığa çağırması beynəlxalq birlik ölkələri tərəfindən də yüksək qiymətləndirilir. Bu mənada, ölkəmizdə keçirilən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq əhəmiyyətli yarışlar da idmanla bağlı olsa da, sülhü, dostluğu tərənnüm edir. Xüsusilə, Azərbaycan dövləti idman yarışlarında bu ideyanın önə çıxarılmasına həmişə önəm verir. Təsadüfi deyil ki, "Gücümüz həmrəylikdədir" devizi altında keçirilən "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları bunu əyani şəkildə bütün dünya ictimaiyyətinə nümayiş etdirə bildi: həmrəyliklə başlayan idman oyunları elə bu əhval-ruhiyyədə də başa çatdı.

Mövzu ilə bağlı fikilərini bildirən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisinin deputatı Aydın Mirzəzadə qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə Azərbaycan ilk növbədə özünün siyasi nüfuzunu bir daha təsdiq etmiş oldu. O, SİA-ya bildirib ki, bu oyunlar İslam dəyərlərinə malik olan ölkələrin müasir inkişaf  potensialının çox böyük olduğunu göstərdi: "Azərbaycanın evsahibliyi etdiyi möhtəşəm idman tədbiri bir daha göstərdi ki, istənilən həmrəylik oyunları, idman yarışları sülhə, xalqlar arasında dostluğa, birliyə gətirib çıxarır. Bu gün Azərbaycanın dövlətçilik təcrübəsi digər İslam Əməkdaşlıq Təşkilatının üzvləri üçün kifayət qədər maraqlıdır. Bu baxımdan İslam oyunlarında iştirak etmək üçün Azərbaycana gələn 54 ölkənin nümayəndələri müasir, inkişaf edən, eyni zamanda, islami dəyərlərin qorunduğu bir ölkə gördülər".

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan ev sahibi kimi öz üzərinə düşən vəzifələri yüksək səviyyədə həyata keçirdi: "Artıq bundan sonra ciddi sürətdə beynəlxalq aləmdə Azərbaycan standartları deyilən bir anlayış barədə tez-tez eşidəcəyik".

Milli Məclisin deputatı Siyavuş Novruzov qeyd edib ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda yüksək səviyyədə keçirildi və ölkəmiz bir daha yüksək təşkilatçılıq qabiliyyətini göstərdi.

O, "Trend"ə bildirib ki, ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını elə səviyyədə təşkil etdi ki, bu oyunları keçirəcək ölkələr Azərbaycan standartına uyğun keçirmək haqqında düşünəcəklər: "Bizdən əvvəl İslam Həmrəyliyi Oyunlarını keçirən ölkələr Azərbaycanda oyunların necə yüksək səviyyədə keçirildiyinin şahidi oldular. İnanmıram ki, gələcəkdə hansısa ölkə bu oyunları Azərbaycan kimi yüksək təşkilatçılıqla, bu cür həmrəyliklə keçirə bilsin. 57 İslam ölkəsinin 54-ü bu oyunlarda iştirak etdi. İndiyə qədər keçirilən İslam Həmrəyliyi Oyunlarında bu qədər ölkənin iştirakı ən yüksək göstəricilərdən biridir. Azərbaycan İslam Həmrəyliyi Oyunlarının keçirilməsində yeni standartları müəyyən etdi".

Deputat vurğulayıb ki, böyük dövlətlərin yüzilliklər boyu keçdiyi yolu Azərbaycan qısa müddətdə keçdi və bu gün Azərbaycan Yay Olimpiya Oyunlarının keçirilməsinə də hazırdır: "Hesab edirəm ki, gələcəkdə belə bir qərar qəbul olunsa, Azərbaycan ən yüksək səviyyədə bunu həyata keçirməyə qadirdir".

S.Novruzov deyib ki, İslam Həmrəyliyi Oyunlarınının Azərbaycanda keçirilməsi eyni zamanda, turizmin inkişafına mühüm töhfə verəcək: "Bu gün Azərbaycana kifayət qədər turistlər gəlir. Təbii ki, bu qədər turistin gəlməsində belə yüksək səviyyədə oyunların keçirilməsinin də böyük rolu var. İdman yarışları dünyanın aparıcı televiziya və digər mətbuat orqanları vasitələri ilə dünyada yayımlanır, ölkəmizin gözəllikləri dünyaya göstərilir, insanlar ölkəmizi daha yaxşı tanıyır və turist kimi ölkəmizə üz tuturlar. Getdikcə ölkəmizə daha çox turist gələcək. Belə böyük tədbirlər ölkəmizin dünyada daha da yaxşı tanınması üçün bir vasitədir".

Deputat İslam Həmrəyliyi Oynlarınının açılış və bağlanış mərasimlərinin də yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Ceyhun ABASOV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.