Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması təkcə ölkə ictimaiyyəti yox, bütövlükdə dünya azərbaycanlıları tərəfindən dərin narahatlıqla qarşılanıb.
Diaspor təşkilatlarının Rusiya Ali Məhkəməsinin konqresin qeydiyyatının ləğvi ilə bağlı qərarına etirazları davam edir. Sevindirici haldır ki, Rusiyada fəaliyyət göstərən ayrı-ayrı qeyri-hökumət təşkilatları da Azərbaycan icmasına öz dəstəyini nümayiş etdirir.
Tomskda fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi Rusiya Ədliyyə naziri Aleksandr Konovalova müraciət ünvanlayıb. Müraciətdə Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarından narahatlıq ifadə olunub. Qeyd olunub ki, ÜAK həmişə fəaliyyətilə iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafına öz töhfələrini verib.
Azərbaycanın Tomskdakı diasporu Rusiya Ədliyyə nazirindən Ümumrusiya Azərbaycanlıları Konqresinə qarşı çıxarılan qərarın ləvğ olunması, Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının bərpa olunması üçün öz köməkliyini göstərməsini xahiş edir.
Varşavada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi isə bəyanat yayaraq ÜAK-ın qeydiyyatının ləğvindən narhatlıqlarını bildirib.
Qeyd olunub ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi xəbərindən təəssüf hissi keçiriblər: "Rusiyada yaşayan azərbaycanlılar bu ölkənin tamhüquqlu vətəndaşlarıdır. Onlar Rusiyanın ictimai-siyasi həyatında öz aktivliyi ilə seçilir, ölkə iqtisadiyyatına öz töhfələrini verirlər. Həmçinin, ÜAK Rusiya-Azərbaycan münasibətlərinin inkişafında, eləcə də iki ölkə xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsində müstəsna rol oynayır".
Bildirilib ki, Rusiyada kifayət qədər qeyri-hökumət təşkilatlarının ayrı-ayrı ölkələrin diaspor qurumlarının fəaliyyət göstərdiyi halda, yalnız Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi azərbaycanlılara qarşı etnik ayrı-seçkilik kimi qəbul olunur.
Varşavadakı Azərbaycan Mədəniyyət Mərkəzi Rusiya rəhbərliyini təxribatlara uymamağa, düşünülməmiş qərarlar verməməyə çağırır: "Bu hadisə çoxmillətli Rusiya Federasiyasının beynəlxalq nüfuzuna xələl gətirir".
Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən Qazax diasporunun Moskva Fondu Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb. Məsələ ilə bağlı öz fikrini bildirməyi vacib sayan bəyanat müəllifləri qeyd edirlər ki, Rusiyada nüfuzlu ictimai təşkilatlardan biri kimi ÜAK-la yarandığı gündən əməkdaşlıq edilib. Təşkilat fəaliyyət göstərdiyi müddətdə xalqlar arasında dostluq ənənələrinin və Rusiya, eləcə də keçmiş ittifaqın digər respublikalarının xalqları arasında anlaşmanın qorunub saxlanılmasında, dövlətlər arasında konstruktiv əməkdaşlığın inkişafında maraqlı olub.
Rusiyanın Ali Məhkəməsi tərəfindən təşkilatın qeydiyyatının ləğv edilməsinin təəssüf doğurduğunu vurğulayan qazax diasporunun nümayəndələri bildirirlər ki, baş verənlərin arxasında postsovet məkanındakı dövlətlər arasında anlayışın qorunmasında maraqlı olmayan və Rusiya ilə Azərbaycan, ruslarla azərbaycanlılar arasında münasibətlərə xələl gətirməyə çalışan qüvvələr dayanır.
Rusiyadakı qazax diasporunun nümayəndələri hesab edirlər ki, Rusiya vətəndaş cəmiyyətinin subyekti olaraq ÜAK-ın ləğvi məsələsi vətəndaş sektorunda əməkdaşlığa və xalqlar arasında anlaşmanın, dostluğun möhkəmlənməsinə kölgə sala bilər.
Misirdəki Azərbaycan diasporunun Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanatında isə bildirilir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib: "Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərərək, bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib".
Azərbaycanda rus xalqının hüquqlarının qorunduğunu xüsusi vurğulayan bəyanat müəllifləri qeyd edir ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımlar atıb və bu siyasət hazırda da davam etdirilir: "Rusiyada isə bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir".
Bəyanat müəllifləri ÜAK-ın bağlanması üçün göstərilən əsasların tam subyektiv olduğunu, həmin "dəlillərin" hər hansı qurumun ləğvi üçün yetərli olmadığını düşünür: "Bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq yanlış addımdır. Biz Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırırıq".
Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə ünvanlanmış müraciət yayıb. Bəyanatda bildirilir ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır Ümumrusiya Azərbaycanlıları Konqresi ilə əməkdaşlıq edir: "Bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə xeyli işlər görülüb".
Bəyanatda, həmçinin vurğulanır ki, ictimai təşkilat olan ÜAK-ın yaradılması Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin adı ilə bağlıdır, 2004-cü ildə ÜAK-ın II Qurultayında Rusiya Federasiyasinin Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak edib.
Rusiya Dövlət Sosial Universiteti ÜAK-ın qeydiyyatı, təşkilatın gələcək taleyi ilə əlaqədar öz narahatlığını ifadə edir: "Belə təşkilatların fəaliyyəti Rusiya və Azərbaycan xalqı arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi, habelə Azərbaycan diasporunun Rusiyanın ictimai həyatında layiqli iştirakı üçün zəruridir".
İsveçrədə Azərbaycanlıların Mədəniyyəti Dərnəyi isə Rusiya Federasiyasının prezidenti, Rusiya Federasiyasının Ali Məhkəməsi, Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat ünvanlayıb.
Bəyanatda ÜAK-ın qeydiyyatının ləğvi məsələsi ilə bağlı dərin təəssüf hissi ifadə olunub: "İsveçrədə yaşayan azərbaycanlıları birləşdirən böyük bir təşkilat kimi bilirik ki, diasporla işin qurulması, vətənlə mədəni əlaqələrin qorunub saxlanılması çətindir. Ümumrusiya Azərbaycanlıları Konqresinin də işinin necə çətin olduğunu bilirik".
Müraciətdə daha sonra deyilir: "İnsanların ruh yüksəkliyi ilə yaradılan, öz mədəni əlaqələrini qoruyub saxlayan və ölkənin qanunları ilə cəmiyyətdə harmoniya şəklində yaşamağı arzulayan bir təşkilat kimi sizi bu qərarın nəticələri barədə düşünməyə çağırırıq. Bu qərarla siz Rusiya Federasiyasının ərazisində yaşayan insanları dilini və mədəniyyətini öyrənməkdən, bayramlarını qeyd etməkdən və tarixi vətənlə mədəni əlaqələrini qoruyub saxlamaqdan məhrum edə bilərsiniz".
Bəyanatda Rusiya Federasiyasının dövlət strukturlarının bütün millətlərə və etnik qruplara tolerant münasibətini bilərək bu anlaşılmazlığın tezliklə həll olunacağına, Ümumrusiya Azərbaycanlıları Konqresinin yenə də Rusiyada Azərbaycan diasporunu fəxrlə təmsil edəcəyinə inam ifadə olunub.
Ceyhun ABASOV