|
|
|
|
Gəncənin qədim Səfərabad məhəlləsində 19-cu əsrdə tikilən, Yusifbəylilər nəslinə aid olan bu ev görkəmli maarifpərvər və ictimai xadim, hələ 1903-ci ildə Azərbaycanda "Qeyrət" adlı ilk milli siyasi təşkilat yaratmış Yusif bəyin mülkü olub.
Bu ev, həmçinin onun ortancıl oğlu, Şərqdə ilk demokratik respublika ideyasının yaradıcılarından biri, Azərbaycan Cümhuriyyətinin (1918-1920) baş naziri Nəsib bəy Yusifbəyli və onun ailə üzvləri ilə yanaşı, hələ çar dövründə ilk ali təhsilli azərbaycanlı baytar həkim olmuş Mehdi bəy Cuvarlinski, həmçinin Azərbaycan elektro-energetika elminin banisi, akademik Çingiz Cuvarlı kimi şəxslərin adı ilə də bağlıdır.
Həmin şəxslərlə bağlı burda xeyli xatirələr yaşayır. Azərbaycan Cümhuriyyəti süqut etdikdən sonra 1920-ci ildə Nəsib bəy müəmmalı surətdə qətlə yetirilib. Onun böyük qardaşı, hələ çar dövründə Gəncədə Nizami və Puşkin adına ilk müasir kitabxana yaratmış maarifçi Həmid bəy uzunmüddətli məhbus həyatından sonra, 1942-ci ildə həbsxanada həlak olub. Kiçik qardaş Əyyub bəyin də ömrü sürgünlərdə keçib, evlənməyə belə macal tapmayıb.
Yusifbəylilərin kiçik bacısı Xanımın nəvəsi, 50 ildən çox həmkarlar ittifaqları sistemində çalışan, bir sıra sovet orden və medalları, həmçinin müstəqil Azərbaycanın Tərəqqi medalı daşıyıcısı Rəfat Cuvarlı bu ocağın tarixçəsinin qoruyucusu və yorulmaz tədqiqatçısıdır.
"Nənəm söyləyərdi ki, hələ 1905-ci ildə "Difai" milli partiyasının yaradılması üçün ilk məşvərətlər bu evdə keçirilib. Bu işə, həmçinin ermənilərin məkrli hərəkətlərinin qarşısının alınmasına kömək məqsədilə iclasların birinə məşhur qaçaq Dəli Alını da çağırıblarmış. Onun bizim evin həyətdən girişdəki pilləkənin yuxarısından öz atının belinə necə cəld hərəkətlə sıçraması nənəmin bizə söylədiyi sevimli xatirələrindən idi. 1975-ci ildə Nəsib bəyin Türkiyədə yaşayan qızı Zəhra xanımın bir neçə günlüyə ata ocağına gəlişi isə məni həmişə kövrəldən əziz xatirə kimi yaddaşıma hopub. Zəhra xanım lap uşaqlıqdan ayrıldığı bu evin pilləkənlərini, astanasını öpə-öpə, ağlaya-ağlaya içəri girmişdi" - deyə, Rəfat müəllim xatirələrini bölüşür.
Rəfat müəllim qeyd edir ki, Yusifbəylilərin daha bir bacısı Şükufə xanım çar dövründə Gəncədə ilk uşaq bağçası açan şəxs olub. Özü də o, sovet hökuməti gələrkən, cəld tərpənərək, həmin bağçanı bu evə köçürməklə Yusifbəylilər mülkünün müsadirə edilməsinin qarşısını ala bilib: "Bu ağıllı qadın həmin o qovhaqov, qaçhaqaçda naçar hala düşən ailə üzvlərindən tədbirli tərpənib. Bir andaca bağça uşaqlarını yığıb, bu evə gətirib. Deyib ki, bizim ev daha geniş olduğundan bura təlim-tərbiyə və istirahət üçün daha münasib yerdir".
Həmsöhbətimiz Nəsib bəyin bacısı oğlu Çingiz Cuvarlıdan da söhbət açaraq, onun repressiya edilənlər nəslinin nümayəndəsi kimi çəkdiyi min bir əziyyətlərə baxmayaraq, elm yolunda ən yüksək məqamlara çata bildiyini, bir akademik kimi, Azərbaycan ziyalısı adını şərəflə daşıdığını da vurğulayır. O qeyd edir ki, ağır 90-cı illərdə alim bir sıra xarici dövlətlərdən ona gələn yüksək gəlirli iş təkliflərini "xalqın çətin günündə onu tərk etməzlər" prinsipini əsas götürərək, qəbul etməyib. "Buranın, çətin vəziyyətə düşmüş bu Vətənin 1 manatı mənim üçün xaricin milyonlarından əzizdir - bu, onun sözləridir"-deyə, Rəfat müəllim əmisinin nəcib xüsusiyyətlərini vurğulayır.
Yusifbəylilərin evində Nəsib bəy və onun həyat yoldaşı Şəfiqə xanımla bağlı bir neçə yadigar əşyalar da qorunur. Hər il mayın 28-də, Azərbaycan Cümhuriyyətinin yarandığı tarixdə Yusifbəylilərin evinə qonaq getsəniz, möhkəm ağacdan düzəldilmiş qədim stolun üstünə ağ-mavi rəngli süfrənin salındığını görərsiniz. Məhz həmin bayram günündə həmin stolda, bu süfrə üzərində çay içmək mümkündür.
"Bu stol 1889-cu ildə düzəldilib, həmin vaxt da elə bu süfrə alınıb. Bu stolun üstündəki çay servizi isə Şəfiqə xanımın cehizidir" -deyə, Rəfat müəllim izah edir.
Rəfat müəllim daha bir yadigarı da təqdim edir. Bu, 20-ci əsrin əvvəllərində buraxılmış "Quran" kitabıdır. Onu bu evə Türk dünyasının görkəmli ictimai xadimi, Nəsib bəyin qaynatası İsmayıl mirzə Qasprinski, Gəncəyə gələrkən, 1912-ci ildə hədiyyə edib və özü kitabın açılış səhifəsinə xatirə sözləri yazıb.
Nəsib bəyin kiçik qardaşı ilə bağlı xatirələr də bu ocağın bir əsl-nəcabət nümunəsi olduğunu xarakterizə edən qabarıq bir misaldır. Hərbi təhsil görmüş, Azərbaycan ordusunun zabiti Eyyub bəy bolşeviklərin ilk repressiya dalğalarının qurbanı olaraq, yeni hökumətin ilk illərindən həbs edilib, sonrakı onilliklərdə də bir neçə dəfə sürgün olunub. Nəhayət, ömrünün son on-on beş ilində onu rahat buraxıblar.
"1966-cı il idi, mən Leninqrada ezamiyyətə gedirdim. Eyyub dayı məndən onun üçün bir dəst "troyka" kostyum, "skoroxod" ayaqqabı, qalstuk və təzə əsa alıb gətirməyimi istədi. Mən onun xahişini yerinə yetirdim. Geyindi-keçindi, sonra qonşuludakı bir sürücünü çağırdı. Ona dedi: Səndən xahiş edirəm, məni Sərdar bağına apar. Görürsən, geyinib-keçinmişəm. Bağda bir hərlənəcəm, bəzi adamlar var, qoy görsünlər ki, Gəncənin bəyləri hələ ölməyiblər" - deyə, Rəfat müəllim daha bir kövrək və qürurlu xatirəni yada salır.
Yusifbəylilərin evinin qarşısına burada adlarını çəkdiyimiz və çəkmədiyimiz, istiqlal, maarifçilik və elm tariximizə öz töhfələrini vermiş, nə az, nə çox düz 8 nəfərin barelyefi vurulub. Həqiqətən də hazırda Nəsib bəy Yusifbəylinin adını daşıyan küçədəki bu ev milli tariximizdə öz izi olan bir ocaqdır.
Zakir MURADOV
Gəncə