https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
25 Aprel 2024

Azərbaycan yeni standartlar yaratmağı bacaran müasir müsəlman ölkəsidir

"BAKI-2017" IV İSLAM HƏMRƏYLİYİ OYUNLARI ÖLKƏMİZİN İDMAN TARİXİNƏ NÖVBƏTİ UĞUR KİMİ YAZILDI

Azərbaycan yeni standartlar yaratmağı bacaran müasir müsəlman ölkəsidir

IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi edən Azərbaycan mötəbər idman tədbirinin yeni standartlarını müəyyənləşdirdi.

Yarışlar zamanı ölkəmizdə səfərdə olan xarici qonaqlar, idman mütəxəssisləri də bunu təsdiq etdilər, İslamiadanın yüksək səviyyədə təşkilinə görə öz minnətdarlıqlarını bildirdilər.  Əcnəbilər ölkəmizdə idmana olan dövlət səviyyəsində qayğıdan, idmançılar üçün yaradılan yüksək şəraitdən heyranlıqlarını da gizlədə bilmədilər. Bu onu deməyə əsas verir ki, Azərbaycan gələcək illərdə daha böyük idman tədbirlərinə, o cümlədən, Olimpiya Oyunlarına yüksək səviyyədə evsahibliyi etmək imkanına malikdir.

Ümumiyyətlə, son dövrlər təkcə idman sahəsində deyil, eləcə də siyasi, iqtisadi, humanitar və digər sahələrdə beynəlxalq tədbirlərin təşəbbüskarı kimi çıxış edən Azərbaycan bəşəriyyətin gələcəyi üçün olduqca əhəmiyyət kəsb edən sivilizasiyalararası dialoq mühiti formalaşdırdı. İstər dini, istərsə də etnik zəmində baş verən münaqişələr, müharibələr fonunda Azərbaycanın ayrı-ayrı sivilizasiyaları bir platforma ətrafında birləşdirməsi, dünya insanını sülhə, əmin-amanlığa çağırması beynəlxalq birlik ölkələri tərəfindən də yüksək qiymətləndirilir. Bu mənada, idman sahəsində ölkəmizdə keçirilən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq əhəmiyyətli tədbirlər də məqsəd etibarilə sülhü, dostluğu, bərabərliyi və həmrəyliyi tərənnüm edir. Xüsusilə, Azərbaycan dövləti idman yarışlarında bu ideyanın önə çıxarılmasına həmişə önəm verir. Təsadüfi deyil ki, "Gücümüz həmrəylikdədir" devizi altında keçirilən "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları bunu əyani şəkildə bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Mayın 12-də rəsmi açılış mərasimi ilə dünyanın 4 qitəsindən ölkəmizə gələn idmançıları yüksək qonaqpərvərliklə qəbul edən Azərbaycan elə həmin əhval-ruhiyyə ilə möhtəşəm bağlanış mərasimi təşkil edərək növbəti idman bayramına yekun vurdu.

Mayın 23-də isə prezident İlham Əliyev İslamiadada qalib gələn idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirdi. Ölkə başçısı mərasimdə çıxış edərək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsini ölkəmiz üçün tarixi hadisə adlandırdı. Prezident qeyd etdi ki, mötəbər idman tədbirin ölkəmizdə təşkili İslam dünyasının Azərbaycana olan böyük hörmətinin və inamının təzahürüdür: "IV İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyini gücləndirəcək. Bu oyunların keçirilməsinin başlıca məqsədi İslam dünyasının idmançıları arasında təması gücləndirmək, onları bir-birinə daha da yaxınlaşdırmaq, dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdir".

IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsinin Azərbaycanın gücünü, qüdrətini göstərdiyini deyən İlham Əliyevin sözlərinə görə, Azərbaycan istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə və eyni zamanda, öz standartlarını tətbiq edə bilər: "54 ölkənin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanan Azərbaycan böyük tarixi qələbəyə imza atdı. Bir daha təsdiq olundu ki, Azərbaycan dünya miqyasında güclü idman dövlətidir. IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qələbəsi göstərdi ki, Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət bütün sahələrdə, o cümlədən idmanda öz bəhrəsini verir".

İlham Əliyev vurğuladı ki, idmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir: "Son illər ərzində idmanın inkişaf etdirilməsi sahəsində atılmış addımlar bugünkü yüksək nəticələrin əsasında dayanan başlıca amildir. IV İslam Həmrəyliyi Oyunları ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi, tamaşaçılar böyük coşqu ilə idmançıların qələbələrini alqışladılar. Azərbaycan idmançılarının qələbəsi ölkədə idmanın inkişafını stimullaşdırır, gənc nəslin idmana daha güclü meyllənməsinə müsbət təsir göstərir".

Dövlət başçısı hesab edir ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi İslam dininin mütərəqqiliyini, elm, mədəniyyət, sülh, mərhəmət dini olduğunu nümayiş etdirdi: "Açılış mərasimi Azərbaycan xalqının zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə və dünyaya göstərdi. IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. İki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları keçirilməsi bunu bir daha təsdiq edir. Azərbaycan xalqı öz milli və dini dəyərlərinə sadiqdir, onları qoruyur. Eyni zamanda, dünyaya açıqlıq və inkişaf Azərbaycanın müasirliyini təcəssüm etdirir. Bu gün Azərbaycanda milli-mənəvi köklər üzərində müasir dövlət qurulur. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə, həmçinin, müsəlman aləmində böyük rəğbətə layiq ölkədir".

Mövzu ilə bağlı fikirlərini bildirən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın komanda hesabında uğur qazanması gözlənilən və təbii idi. O APA-ya bildirib ki, Azərbaycan son illərdə iştirak etdiyi beynəlxalq səviyyəli idman yarışlarında, I Avropa Oyunları da daxil olmaqla, ardıcıl qələbələr qazanır: “Azərbaycan bir daha sübut etdi ki, sözün əsl mənasında idman ölkəsidir. Azərbaycan bir daha sübut etdi ki, bu vaxta qədər qazandığı uğurlar təsadüfi olmayıb".

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə, idman yarışlarına toxunan Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan bu tədbirləri çox yüksək səviyyədə təşkil edir: "IV İslam Həmrəyliyi Oyunları səviyyəsinə görə heç də Olimpiya Oyunlarından geri qalmır. Digər tərəfdən, biz indiyə qədər belə yüksək səviyyəli yarışları keçirmək üçün xaricdən ekspertlər, mütəxəssislər dəvət edirdik. Artıq Azərbaycan son illərdə bu oyunları təşkil edə biləcək mütəxəssislər yetişdirdi. IV İslam Həmrəyliyi Oyunlarında əsas təşkilatçılar da yerli mütəxəssislərdən ibarət idi. Könüllüləri də xüsusi qeyd etmək istəyirəm. Mən əminəm ki, növbəti dəfə belə yarışlar hansı ölkədə keçirilirsə keçirilsin, Azərbaycan mütəxəssislərinin imkanlarından istifadə edəcəklər. IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın İslam ölkələri arasında aparıcı ölkə olduğunu sübut etdi. Nəinki IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən İslam ölkələrində, dünyanın digər ölkələrində də aparıcı media vasitələri oyunların gedişi ilə bağlı geniş məlumat verdilər. Eyni zamanda, Azərbaycan tarixi, mədəniyyəti, turizm potensialı ilə bağlı da informasiyalar verildi. Bu, xaricdə Azərbaycanın müsbət imicinin formalaşmasına kifayət qədər güclü təkan verdi".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə APA-ya bildirib ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunları ilə dünyaya İslam həmrəyliyi ilə bağlı ciddi mesaj verib. Baş redaktor Avropa mətbuatında İranda baş tutmayan İslam Həmrəyliyi Oyunları əsas götürülərək, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının baş tutmayacağı barədə fikirlərin yer aldığını da xatırladıb: "Amma Azərbaycan İslam Həmrəyliyi Oyunlarının yeni modelini, standartını təqdim etdi. 2015-ci ildə Birinci Avropa Oyunları keçirərək, Avropa Oyunlarının standartını yaratmışdı və dünyəvi dövlət kimi bir uğur ortaya qoymuşdu. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında isə sübut etdi ki, öz ənənələrinə sadiq qalaraq, müsəlman dünyasına bir töhfə verdi. Böyük idman yarışları tək idman deyil, eyni zamanda, siyasət, iqtisadiyyat, mədəniyyətdir. Beləliklə, Azərbaycan yenə də dünyaya güclü, qüdrətli, stabil dövlət olduğunu nümayiş etdirdi. Azərbaycana gələn idmançılar, əcnəbi tamaşaçılar Azərbaycanın inkişafının, uğurlarının şahidi oldular".

B.Quliyev qeyd edib ki, böyük idman yarışları həm də xalqların birliyini, həmrəyliyini nümayiş etdirir: "Azərbaycan xalqı dövlətinə dəstəyini bir daha nümayiş etdirdi. Könüllülərin fəaliyyəti də bunun bir təzahürüdür. Azərbaycan bu oyunlarda İslam ölkələrini bir araya gətirməklə sübut etdi ki, bütün islam aləminin həmrəyliyi mümkündür. Azərbaycan prezidenti də xüsusi qeyd etdi ki, Azərbaycanda aralarında müəyyən problemlər olan İslam ölkələrinin idmançıları bir-birinin əlini sıxdı. Azərbaycan İslam aləmində həmrəylik yarada bildi".

Baş redaktor qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın komanda hesabında birinci yeri tutması ölkədə idmana diqqətin nəticəsidir: "İdmançıların əksəriyyəti məhz Azərbaycanın müstəqillik illərində yetişiblər. İdmançıların əksəriyyətinin 20-25 yaşı var. Bu onu göstərir ki, müstəqillik illərində siyasi, iqtisadi sahələrdə, dövlətçiliklə bağlı  olduğu kimi idman sahəsində də böyük işlər görülüb. Bu uğurlar da onun nəticəsidir. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm".

B.Quliyev birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilati Komitəsinin fəaliyyətini də yüksək qiymətləndirib.

Deputat Hikmət Babaoğlu isə qeyd edib ki, Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilk növbədə ölkəmizin idman həyatında, mədəni həyatında mühüm hadisələrdən bir kimi yadda qalıb. O "Trend"ə bildirib ki, İslam Həmrəyliyi Oyunları ən yeni tariximizin çox mühüm hadisələrindən birinə çevrilib: "Bu hadisə mədəni-iqtisadi sahədən başlayaraq sosial-siyasi sahəyə qədər, həyatımızın bütün sferalarına nüfuz edib, hər bir azərbaycanlının qürur və fəxarətlə yad edəcəyi bir tədbir olub, cəmiyyətimizin hər bir fərdinin sosiallaşmasına və cəmiyyətdaxili inteqrasiyanın təmin olunmasına öz töhfələrini verib".

H.Babaoğlu vurğulayıb ki, idmançılarımız özlərini əsl ev sahibi kimi hiss edərək İslamiadada birincilik qazanıblar: "Qalib olan hər bir idmançı ailəsinin büdcəsində və maddi vəziyyətində mühüm dəyişiklik baş verib. Fərqlənə bilməyən idmançılarımızda isə daha əzmlə gələcək yarışlara hazırlaşmaq həvəsi oyanıb. Bu mötərəb tədbir ölkəmizin turizm həyatının canlanmasına səbəb olub. Ən mühümü isə bu gün beynəlxalq aləm tərəfindən küncə sıxışdırılmağa çalışılan müsəlman cəmiyyətində yeni və əsaslı inteqrasiya meylləri yaranıb. Əgər həmrəylik olarsa, İslam sivilizasiyasının nə qədər böyük gücə çevrilə biləcəyini hər kəs anladı. Əlbəttə, bütün bunlarla bərabər, oyunlar Azərbaycanın modern bir müsəlman ölkəsi kimi yeni standartlar yaratmağı bacaran mühüm əməkdaşlıq və tərəfdaşlıq platforması olduğunu önə çıxarıb. İslamiada Azərbaycanın bir neft ölkəsindən daha çox bir idman, bir mədəniyyət, bir turizm, bir sənaye ölkəsi olduğunu göstərib".

Deputat qeyd edib ki, 50-dən çox ölkədə İslam Həmrəyliyi Oyunları yayımlanıb və ölkəmiz haqqında mühüm informasiya təbliğatı aparılıb: "İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri, birinci vitse-prezident Mehriban Əliyeva bir daha nümunəvi təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək sözün həqiqi mənasında idman oyunlarının, beynəlxalq tədbirlərin keçirilməsində bir Azərbaycan standartı yaratdığını sübut edib. Prezident İlham Əliyev çox haqlı olaraq qeyd edib ki, biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Biz Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim edib. Yəni bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Ümumilikdə, İslam Həmrəyliyi Oyunları ölkəmizə və İslam dünyasına öz töhfələrini verməklə İslam svilizasiyasının nə qədər böyük bir svilizasiya olduğunu bir daha bütün dünyaya nümayiş etdirib".

Ceyhun ABASOV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.