|
|
|
|
Dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan mədəniyyəti və incəsənəti Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının ideya-fəlsəfi əsası kimi” adlı elmi-nəzəri konfrans keçirilib.
ADMİU-nun rektoru professor Timuçin Əfəndiyev müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi fəaliyyətindən və mədəniyyət sahəsindəki misilsiz xidmətlərindən söz açıb: “Tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünki ulu öndərin layiqli davamçısı İlham Əliyev müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir. Heydər Əliyevin miras qoyduğu sərvətlər içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur. Bu qiymətli irsin mühüm bir hissəsini onun mədəniyyət, ədəbiyyat və incəsənətin müxtəlif növ və janrları haqqında nəzəri konsepsiyaları müəyyənləşdirib”. Heydər Əliyevin irsi üzərində aparılan tədqiqatlardan danışan T.Əfəndiyev ulu öndərin bütün sahələrə – ədəbiyyata, teatra və kino sənətinə, musiqi və rəssamlığa dövlətçilik mənafeyi baxımından əhəmiyyət verdiyini bildirib.
Xalq artisti, professor Eldar Quliyev Azərbaycanda gedən quruculuq işlərindən, Heydər Əliyevin mədəniyyətə qayğısından danışaraq qeyd edib ki, ümummilli lider xalqımızın əsrlərlə yaşadıb yaratdığı mənəvi-əxlaqi dəyərlərə yüksək önəm verib: “Tarixi varlığımızı müasirlik müstəvisinə gətirməsi və onun Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi işinə xidmət etməsi Heydər Əliyevin mədəniyyət konsepsiyasında başlıca yer tutub”.
Filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayev “Mədəniyyət və incəsənətimizin Heydər Əliyev zirvəsi” adlı məruzə ilə çıxış edib. O, bildirib ki, Heydər Əliyev Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün qürur mənbəyi hesab etdirdi: “Heydər Əliyevin ədəbiyyat və incəsənət xadimlərinə – bəstəkarlara, rəssamlara, şairlərə, yazıçılara və başqa sənət xadimlərinə göstərdiyi qayğı onun gündəlik fəaliyyətinin ayrılmaz hissəsi olub. Bəxtiyar Vahabzadə və Xəlil Rza kimi həqiqətpərvər şairlərimizin Moskva təhlükəsizlik orqanları tərəfindən təqiblərinin qarşısının alınmasında da Heydər Əliyevin xidmətləri danılmazdır”.
Sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə Heydər Əliyevin Azərbaycan teatrına və teatr xadimlərinə qayğısından danışıb: “ Hələ 1969-cu ildə Azərbaycana rəhbər seçildiyi ilk gündən Heydər Əliyev respublikamızın həyatının başqa sahələri kimi mədəniyyət və incəsənətə də xüsusi diqqət yetirirdi. Onu tez-tez teatrlarda, konsert salonlarında, müxtəlif incəsənət sərgilərinin açılışında görmək olardı. Teatr sənətinə isə dahi şəxsiyyət xüsüsi qiymət verirdi. Premyeralardan sonra səhnə arxasında tamaşanın hazırlanmasında əməyi keçən bütün sənət adamlarıyla sahənin bilicisi kimi söhbət edərək fikirlərini bildirirdi. Heydər Əliyev ömrünün son günlərinə qədər bu ənənəni davam etdirdi”.
Konfransda professorlar Qərinə Kərimova, Nizaməddin Şəmsizadə və digərləri çıxış edərək Heydər Əliyevin mədəniyyət kosepsiyasından danışıblar. Üç bölmədən ibarət bu konfransda 60-dan artıq elmi məruzə dinlənilib.
Plenar iclasda “Heydər Əliyev: Mədəniyyət və əbədiyyət” (Təhsil 2013) adlı kitabın təqdimat mərasimi keçirilib. Sonda “Mədəniyyətin böyük hamisi” adlı sənədli film də nümayiş olunub.
Ceyhun ABASOV