RAYON SAKİNLƏRİ MÜVAFİQ QURUMLARDAN ƏSASI 1993-CÜ İLDƏ QOYULMUŞ, LAKİN 2003-CÜ İLDƏN FƏALİYYƏT GÖSTƏRMƏYƏN DƏMİR YOLU XƏTTİNİN BƏRPASINI XAHİŞ EDİRLƏR
Bu günlərdə bir qrup Ağcabədi rayon sakini redaksiyamıza müraciət edərək İmişli rayonunun Vətağa stansiyasından Ağcabədiyə qədər olan dəmir yolu xəttinin fəaliyyət göstərməməsindən narahatçılıqlarını bildiriblər. Onlar ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində müraciət etmələrinin səbəbini vaxtı ilə ümummilli liderin təşəbbüsü ilə əsası qoyulmuş Ağcabədi dəmiryol stansiyanın bu gün işlək vəziyyətdə olmaması ilə əsaslandırıblar.
Bu günlərdə bir qrup Ağcabədi rayon sakini redaksiyamıza müraciət edərək İmişli rayonunun Vətağa stansiyasından Ağcabədiyə qədər olan dəmir yolu xəttinin fəaliyyət göstərməməsindən narahatçılıqlarını bildiriblər. Onlar ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində müraciət etmələrinin səbəbini vaxtı ilə ümummilli liderin təşəbbüsü ilə əsası qoyulmuş Ağcabədi dəmiryol stansiyanın bu gün işlək vəziyyət olmaması ilə əsaslandırıblar.
Müraciətdə qeyd olunur ki, həmin dəmir yolu xəttinin bünövrəsi 1993-cü ildə qoyulub: “Ağcabədidən İmişlinin Vətağa stansiyasına cəmi 63 kilometrdir. 2003-cü ilə qədər bu dəmir yolu ilə rayonda yerləşən Pambıq zavodunun və Neft bazasının yükləri daşınıb. Hətta burada ikimərtəbəli stansiya da tikilib. Stansiyanın balansında qatarların daşınması üçün paravoz da var. Amma 2003-cü ildən bu dəmir yolunun fəaliyyəti dayandırılıb”.
Müraciət müəllifləri vurğulayıblar ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın hər bir bölgəsi, rayonları gün-gündən ikişaf edir: “Son illər Ağcabədi rayonunda da həm sosial, həm də iqtisadi baxımdan xeyli nailiyyətlər əldə olunub.
Lakin son dövrlər tez-tez baş verən avtomobil qəzaları bizi Ağcabədidə olan dəmiryol stansiyasının işə salınması məsələsinə gündəmə gətirməyə vadar etdi. Hesab edirik ki, stansiyanın işinin bərpası və sərnişin vaqonları ilə təmin olunması Ağcabədi royonunun əhalisinin paytaxta rahat gediş-gəlişinin təmin edilməsi baxımından çox vacibdir. Məsələ ilə bağlı rayon əhalsi ilə dəfələrlə görüşlər keçirilib, onlar da bu stansiyanın açılmasının, işlək vəziyyətə gətirilməsinin birmənalı tərəfdarı olduqlarını dilə gətiriblər. Eləcə də Milli Məclisdə Ağcabədi rayonunu təmsil edən deputatlarla, rayonun ziyalıları, alimlərlə ilə görüşlər təşkil olunub. Bu gün işləmək üçün Rusiyaya gedən həmyerlilərimizlə görüşlər zamanı onlar da bu dəmir yolu xəttinin fəaliyyətinin bərpasını arzuladıqlarını dilə gətiriblər.
Ağcabədi rayonu elə bir məkanda yerləşir ki, cəbhə xətti ilə rayonu 10-15 kilometrlik bir məsafə ayırır. Bu baxımdan rayon cəbhəyanı bölgə olduğundan bu dəmir yolunun istifadəsi çox əhəmiyyətlidir. Çünki yerli əhali ilə yanaşı, burada müxtəlif hərbi hissələrdə xidmət edən, eyni zamanda hospitalda müalicə alan əsgərlərin ailələri üçün dəmir yolundan istifadə həm ucuz, həm də sərfəli ola bilər.
Bu gün Ağcabədi rayonunda bir neçə ali və orta təhsil müəssisəsinin filialı fəaliyyət göstərir, rayonda ölkənin müxtəlif bölgələrindən xeyli tələbə təhsil alır. Bundan başqa təkcə Ağacəbədinin 150 mindən çox əhalisi var, 50-60 min nəfər Laçın rayonundan olan məcburi köçkün də Taxta Körpü ərazisində məskunlaşıb. Həmin dəmir yolu həm də Beyləqan rayonunun aşağı tərəfindən keçir. Gələcəkdə ərazidə əlavə stansiyanın açılması ilə Beyləqan rayonunun 80 min nəfərlik əhalisinin də bu dəmir yolundan istifadəsini təmin etmək mümkündür.
Bütün bunları nəzərə alaraq hesab edirik ki, Nəqliyyat Nazirliyi bu dəmiryol xəttini öz balansına qəbul etməklə problemi aradan qaldıra bilər”.
Müraciət müəllifləri məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində olublar. Görüş zamanı onlara bidirilib ki, həmin stansiya Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansında deyil. Bunun üçün Nəqliyyat Nazirliyinə müraciət olunmalı, yalnız nazirlikdə məsələyə baxıldıqdan, stansiya və dəmir yolu Azərbaycan Dəmir Yolları QSC-nin balansına verildikdən sonra məsələ öz həllini tipa bilər. Qeyd edək ki, bu dəmir yolu xətti hazırda Kənd Təsərrüfatı Nazirliyinin balansındadır”.
Müraciətin sonunda bildirilir ki, regionların iqtisadi inkişafına xüsusi dövlət qayğısının göstərildiyi bir vaxta bu problemin öz həllini tapması və əsası ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuş dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi həm də həmişə Azərbaycan dövlətçiliyini müdafiə edən Ağcabədi rayonu əhalisi üçün xoş bir töhfə olardı.
BƏXTİYAR