https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
https://525.az/img/pics/medium/2024-04/310543_yeq9t8hpxw.jpg Tanqo terapiyası nədir?
search
19 Aprel 2024

Böyük futbola yol uşaq futbolundan başlanır

Böyük futbola yol uşaq futbolundan başlanır

Son illər ölkəmizdə futbolun inkişafına diqqət və qayğı artırılıb. Dövlət başçısı İlham Əliyevin sərəncamlarına uyğun olaraq, uşaq futbolu sahəsində də ciddi dönüş yaradılıb.

Bu sahəyə münasibət, demək olar ki, kökündən dəyişilib. Hazırda respublikanın bölgələrində də bu istiqamətdə mühüm addımlar atılır.

Əyalətdə uşaq futbolunun təşkili sahəsində görülən işlərin vəziyyətini öyrənmək məqsədi ilə Ağcabədi rayon uşaq-gənclər idman məktəbinin direktoru Rauf Musayevə müraciət etdik. Əvvəllər adıçəkilən bölgədə fəaliyyət göstərən "Məhsul" cəmiyyətində uşaq idman məktəbinə rəhbərlik etmiş təcrübəli mütəxəssisin sözlərinə görə, respublikanın hər yerində olduğu kimi, Ağcabədidə də uşaq futboluna bu günün tələbləri baxımından yanaşılır. Bu səbəbdən bölgədə uşaqların futbola cəlb olunması daim  diqqət mərkəzində saxlanılır. Uşaq-gənclər idman məktəbində bütün yaş qurupları üzrə yaradılmış komandalarda müntəzəm məşğələlər aparılır, məşqlər keçirilir. Burada uşaqlar futbolun əlifbasını öyrənirlər. Onların müxtəlif yarışlara qatılmalarına da geniş imkanlar yaradılır.R. Musayevin qənaətinə görə, AFFA-nın təşkilatçılığı ilə keçirilən respublika birincilikləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, məktəbin 5 yaş qrup üzrə komandası həmin birinciliyin  Mingəçevir şəhərində təşkil olunan zona yarışlarında daim uğurla iştirak edir. Sözügedən zona yarışlarına hər ilin sentyabrından start verildiyini,bu yarışlara ciddi hazırlıq işləri aparıldığını vurğulayan mütəxəssis uşaqların məşqlərdə iştirakı üçün idman məktəbində hər cür şərait olduğunu qeyd edib.

Rauf müəllim bildirib ki, AFFA-nın təşkil etdiyi turnirlərlə yanaşı, ulu öndər Heydər Əliyevin xatirəsinə, eləcə də Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş rayon ümumtəhsil məktəbləri və uşaq-gənclər idman məktəbinin komandaları arasında keçirilən futbol yarışları da xüsusi önəm daşıyır. Bu cür yarışlar, bir növ, qüvvələrə baxış xarakteri daşıyır. Oyunlara marağı artırmaq üçün qalib komandalar fəxri fərmanlar, diplom  və kuboklarla mükafatlandırılır. Şübhəsiz, bu yarışlar komandaların respublika birinciliklərində fəal iştirakına ciddi təkan verir. Elə bunun nəticəsidir ki, uşaq-gənclər idman müəssisəsinin 12-13 yaşlarından ibarət komandası ötən il Mingəçevir şəhərində Beynəlxalq Futbol Günü münasibəti ilə keçirilən respublika futbol turnirində üçüncü yer tutub. Digər yarışlarda əldə olunan nəticələr də gələcək uğurlardan xəbər verir.

T.Musayev söhbət zamanı rayonun ayrı-ayrı ümumtəhsil məktəbləri tərəfindən futbol yarışlarına böyük maraq göstərildiyini vurğulayıb. Bu səbəbdən də şəhər, Köyük, Təzəkənd, Hacıbədəlli, Nəcəfqulubəyli və digər kənd məktəblərindən komandalara cəlb olunan futbolçular daha yaxşı oyun sərgiləyirlər. Futbolçuların hazırlanmasında, yarışların təşkil olunmasında idman məktəbinin müəllim-məşqçiləri Namiq Quliyev, Eldar Rüstəmov, Məmməd Məmmədov və Rüfət Cəbrayılov öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. R.Musayevin qeyd etdiyi kimi,  müəllim-məşqçilərin səyləri nəticəsində əvvəllər idman məktəbinin bir çox futbolçusu “Neftçi” və “İnter” klubları nəzdində fəaliyyət göstərən uşaq komandalarının heyətində inamlı təsir bağışlayıblar. Gənc futbolçular Məhəmməd Yusifli və İsmayıl Əliyev məhz belələrindəndir. Son vaxtlar da belə futbolçuların üzrə çıxarıldığını  soyləyən direktor təəssüf edib ki, nədənsə həmin uşaqların valdeynləri onların komandalarda oynamalarına icazə vermirlər. Mingəçevirdə keçirilən zona yarışlarında 43 top vurub birinciliyin bombardiri olmuş Yusif Hüseynovun taleyi də məhz belə olub.

Rauf müəllim söhbətində  fəaliyyətini çoxdan dayandırmış "Aran" futbol komandasının bir vaxtlar rayonda futbolun inkişafında mühüm rol oynadığını dilə gətirib. Mütəxəssisin qənaətinə görə, rayonda belə bir komandanın olmaması uşaq futbolçuların böyük futbola vəsiqə qazanmaq şanslarını,demək olar ki azaldır. Odur ki, "Aran" futbol komandasının fəaliyyətinin yenidən bərpa olunmasına zəruri ehtiyac yaranıb.

Direktor söhbətinin sonunda keçmiş sovetlər dönəmində məhəllə komandaları arasında "Sevinc" və "Sünbülcük" kubokları uğrunda keçirilən yarışların böyük əhəmiyyətindən də söz açıb .Onun özünün bilavasitə rəhbərliyi ilə hazırlanmış rayonun iki komandası 1989-cu ildə Semipalatinsk və Donetsk şəhərlərində keçirilən ümumittifaq yarışında respublikamızı layiqincə təmsil edərək  üçüncü yerə yüksəlib.

Yəhya PAŞAZADƏ

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.