Suraxanı Gənclər Evində şəhid Elxan Misirxanovun xatirəsinə həsr olunmuş "Qəlbimizdə yaşa, Azərbaycan!" tədbiri keçirilib.
Şəhidin adını daşıyan 71 saylı məktəbin müəllimi Gülnar Şəbinin təşkilatçılığı ilə hazırlanmış tədbirdə tanınmış ziyalılar, məktəb rəhbərliyi, valideynlər, şəhidin ailə üzvləri və media nümayəndələri iştirak edib.
Tədbir iki hissədə keçirilib. Birinci hissədə məktəbin 1-ci sinif şagirdlərinin ifasında anaya, məktəbə, müəllimə aid şeirlər, mahnılar səslənib, səhnəciklər və rəqslər göstərilib. İkinci hissədə isə qonaqlar, şəhid Elxan Misirxanovun həyatı, xidməti və şəhid düşdüyü anla bağlı səhnələrə tamaşa edib.
Xalq şairi, ictimai xadim Sabir Rüstəmxanlı çıxışında məktəblərdə bu cür vətənpərvərlik mövzulu tədbirlərin, görüşlərin keçirilməsinin önəmindən danışıb. Qeyd edib ki, şagirdlərin düzgün tərbiyələnməsi, gələcəkdə cəmiyyətə faydalı nəslin yetişməsində belə tədbirlərin rolu əvəzsizdir. Xalq şairi bunun üçün məktəb rəhbərliyinə, xüsusən Gülnar müəllimə öz təşəkkürünü bildirib: "Məktəblərlə, şagirdlərlə görüş hər zaman xoşdur. Bu məktəb Bakının ən böyük, mötəbər məktəblərindən biridir. Mən istərdim ki, bütün uşaqlar burada iştirak edən balalarımız kimi böyüsünlər: sözlə, musiqi ilə, sərbəst, aktiv. Bizim Elxan Misirxanov kimi qəhrəman oğullarımız var. Bu vətən məhz onların sayəsində azaddır. Mən Elxanın valideynləri başda olmaqla, bütün şəhid ailələrinin qarşısında baş əyirəm, onlara səbr, dözüm arzu edirəm. Siz də sağ olun ki, unutmursunuz, unutdurmursunuz".
Şəhid E.Misirxanovun dayısı Səttar Allahverdiyev Elxanın döyüş yolu, şəxsiyyəti haqqında danışıb, ailəsi olaraq, hər zaman onunla fəxr etdiklərini deyib: "Elxan tankçı idi, Ukraynada xidmət keçmişdi. Ordudan təxris olunsa da, Qarabağda gedən müharibədə iştirak etməməsindən utanırdı. Ona görə də könüllü şəkildə birbaşa Qarabağa müharibəyə getdi. Yaralanmasına baxmayaraq, sağalmasını gözləmədən döyüş yoldaşlarını tək qoymamaq üçün yenidən orduya qayıdan bir oğul idi Elxan. Xalqımız müharibəyə həmişə hazırdı. Çünki tarix boyu bu dövlət müharibələr, savaşlar meydanı olub. Uşaqlara vətən sevgisi lap körpəlikdən aşılanmalıdı. Müstəqilliyi qazanmaq azdır, onu qoruyub saxlamaq lazımdır. Biz övladlarımızı məhz bu ruhda tərbiyə etməliyik".
Sabunçu rayonu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Elxan Mirzəyev tez-tez məktəblərdə görüşlərdə olduqlarını, şagirdlərlə milli ruhda söhbətlər apardıqlarını deyib. Həmçinin, o, Qarabağ müharibəsi veteranı kimi belə tədbirlərin gələcəyə olan inamını artırdığını da qeyd edib. Daha sonra E.Mirzəyev tədbirin təşkilatçısı Gülnar Şəbi müəlliməni təşkilatın adından Fəxri Fərmanla təltif edib.
Sonda 71 saylı məktəbin direktoru Qocayeva Mahirə və qabaqcıl müəllimləri çıxış edərək şəhidin ailəsinə başsağlığı verib, belə tədbirlərin daha tez-tez keçiriləcəyini qeyd ediblər.
Şahanə MÜŞFİQ