|
|
|
|
TRT Sənədli Film Festivalının qalibləri açıqlanıb.
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, İstanbulda keçirilən təntənəli qapanış mərasimində çıxış edən TRT-nin baş direktoru İbrahim Şahin bu günə qədər 1467 sənədli filmin yarışdığı və bu il beşincisi keçirilən müsabiqəyə marağın hər il artdığını söyləyib. Sənədli filmin əhəmiyyətinin fərqində olduqlarını deyən İbrahim Şahin bu sahəyə dəstəyi davam etdirəcəklərini bildirib. Daha sonra baş direktor TRT Sənədli Film Festivalının fəxri mükafatına layiq görülən Həsən Özgənin mükafatını təqdim edib.
TRT Sənədli Film Festivalında beynəlxalq, milli professional və milli həvəskar olmaqla üç kateqoriyada mükafat verilib.
Milli həvəskar kateqoriyada ən yaxşı sənədli film mükafatını "45 gün" alıb. "Bir ümid" adlı sənədli film Ziraat Bankının, "Sərhədin o tayındakı gəlinlər" adlı film Mədəniyyət və Turizm Nazirliyinin, "Unudulmuşlar adası" adlı sənədli film isə Kadir Has Universitetinin xüsusi mükafatına layiq görülüb.
Milli professional kateqoriyada "Dom" ən yaxşı sənədli film seçilib. "Boğaziçi balıqları" və "Tutqu: Meriç Sumen" adlı filmlər Ziraat Bankının, "Şotlandiyadan gələn gerb" Mədəniyyət və Turizm Nazirliyinin xüsusi mükafatını qazanıb.
Beynəlxalq kateqoriyada ən yüksək mükafatı "Mürəkkəb" adlı film alıb. Ziraat Bankının xüsusi mükafatı "Çiy yeyən", Mədəniyyət və Turizm Nazirliyinin xüsusi mükafatı isə "Sofiyanın son ambulansı" adlı filmlərə verilib.