Bugünlərdə "Elm və təhsil" nəşriyyatı tərəfindən çap edilərək oxucuların istifadəsinə verilən "Azərbaycan pedaqogikaşünaslığı" adlı iri həcmli, monumental bir kitab Azərbaycan elmi-pedaqoji ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.
888 səhifədən ibarət olan bu dərslik Azərbaycan Respublikası təhsil nazirinin 09 dekabr 2014-cü il tarixli, 1246 saylı əmri ilə təsdiq edilmiş proqrama uyğun olaraq ali pedaqoji təhsilin magistratura pilləsində təhsil alanlar üçün nəzərdə tutulub. Dərslik pedaqogika üzrə təhsil alan magistrantlardan başqa həm də gənc tədqiqatçılar, pedaqogika mütəxəssisləri üçün nəzərdə tutulub.
Dərslik tanınmış alimlər Əjdər Ağayev, Ramiz Əliyev, Əzizxan Tanrıverdiyev, Müseyib İlyasov, İramin İsayev və Kəmalə Quliyevanın rəyi əsasında çap edilib. Dərsliyin elmi redaktoru akademik Hüseyn Əhmədovdur.
Bu dərsliyin ümumi və vacib məziyyətlərindən biri budur ki, orada ilk dəfə Azərbaycan pedaqoji elminin təşəkkülü və inkişafını şərtləndirən amillər, sosial-siyasi zəmin və tarixi qaynaqlar üzə çıxarılır, təlim-tərbiyə və təhsil nəzəriyyəsinin, həmçinin xalqımızın zəngin tarixi-pedaqoji irsinin spesifik xüsusiyyətləri, qanunauyğunluqları araşdırılır.
Dərsliyin digər təqdirəlayiq məziyyətlərindən biri ondan ibarətdir ki, burada pedaqogika elminin bir sıra nəzəri və praktik problemləri ilk dəfədir ki, daha ətraflı tədqiq olunur, zəmanəmizdə humanist pedaqogikanın inkişaf perspektivləri tam və dolğun şəkildə müəyyənləşdirilir. Dərslik görkəmli pedaqoq alim Əjdər Ağayevin "Pedaqogikaşünaslığa töhfə" başlıqlı məqaləsi ilə açılır. Giriş məqaləsi hesab etdiyimiz bu yazıda müəllif dərslik müəllifinın - pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar Elm Xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, "Akademik Mehdi Mehdizadə", "Gənc alimlər" və "Qızıl qələm" mükafatları laureatı olan Fərrux Abbas oğlu Rüstəmovun gərgin yaradıcılıq axtarışlarını yüksək qiymətləndirir, onun yaradıcılıq yoluna nəzər salır, elmi-pedaqoji fəaliyyətinin mühüm məqamlarını səciyyələndirir, səriştəli tədqiqatçı, zəngin, məhsuldar və çoxşaxəli elmi yaradıcılıq kredosuna malik bir alim kimi oxucuya təqdim edir. Həqiqətən də professor F.Rüstəmov gənc olmasına baxmayaraq, çox məhsuldar alimdir. Bu günə qədər onun 35 monoqrafiya, kitab və kitabçası, 31 tədris proqramı, 200-dən çox elmi məqaləsi, 40 tezisi, 150-dən artıq elmi-pedaqoji və publisistik qəzet yazısı işıq üzü görüb. Onun son zamanlar nəşr etdirdiyi "Şərqdə pedaqogika tarixi", "Qərb pedaqogika tarixi", "Yeni dövrün pedaqogika tarixi", "Ən yeni dövrün pedaqogika tarixi" və digər əsərləri mütəxəssislərin stolüstü kitablarıdır. "Pedaqogika tarixi" adlı dərsliyi Fərrux müəllimin şah əsəri olmaqla onun elmi yaradıcılığının zirvəsini təşkil edir. "Azərbaycan pedaqogikaşünaslığı" kitabı ilə Fərrux müəllim sağlığında ikən özünə mənəvi abidə ucaldıb.
Dərsliyə müəllif tərəfindən yazılmış giriş məqaləsi məşhur alman filosofu F.Nitşenin (1844-1909) "Kimlər ki, gələcək üçün çalışır, onların keçmişi mühakimə etmək haqqı vardır" fikirləri ilə başlanır. Müəllif bir sıra tarixi şəxsiyyətlərin fikirlərinə istinad edərək göstərir ki, biz keçmişimizi tam dərk etməklə bu günümüzü anlayırıq, geriyə nəzər yetirməklə irəliyə addımlayırıq. Müəllifin ən böyük xidmətlərindən biri budur ki, o, bu kitabda məlum pedaqoji ideya, fikir və konsepsiyaları təhlil edərək yeni təfəkkür baxımından qruplaşdırır, "Azərbaycan pedaqogikaşünaslığı" anlayışını elmi dövriyyəyə daxil edir, onun məzmununu müəyyənləşdirir və yeni elm sahəsi yaratmağa müvəffəq olur.
7 fəsildən, nə az, nə çox 958 adda zəngin ədəbiyyat siyahısından ibarət olan bu monumental əsəri vərəqlədikcə oxucuda haqlı olaraq belə bir fikir oyanır ki, belə bir əsəri yazıb ərsəyə gətirmək tək adamın işi deyil. Lakin bu, həqiqətdir. Kitabın müəllifi həqiqətən də bir Elmi Tədqiqat İnstitutunun və ya onun bir şöbəsinin, bir kafedranın görə bilmədiyi bir problemi özü təkbaşına həll etməyə nail olub.
Bu əsərin fəsillərinin təhlilinə keçməzdən əvvəl bir vacib cəhəti də qeyd etmək istərdik. İlk öncə oxucuda belə bir təəssürat da yaranır ki, bu əsər öz məqsədindən əlavə daha iki vəzifəni yerinə yetirmişdir. Birincisi, bu əsər gələcəkdə müasirlərımiz tərəfindən yazılacaq iki cildlik "Azərbaycanın pedaqoji ensiklopediyası" üçün bir növ hazırca tikinti materiallarıdır. Bu əsərin ikinci və ən böyük əhəmiyyəti həm də budur ki, bu əsər gələcəkdə hazırlanacaq üçcildlik "Azərbaycan pedaqoji antologiyasının" üçüncü cildi üçün də dəyərli materialdır. Başqa sözlə desək, "Azərbaycan pedaqogikaşünaslığı" kitabı yazılmasını arzuladığım çoxcildliklərin müəyyən mənada mündəricatını təşkil edir.
Əsərin I fəsli Azərbaycanda pedaqoji elmin inkişafını şərtləndirən sosial-siyasi zəmin və tarixi qaynaqların araşdırılması ilə başlayır. Müəllif çox haqlı olaraq belə bir fikri xüsusi vurğulayır ki, pedaqoji elmin inkişafını sosial-siyasi, iqtisadi, mədəni-mənəvi zəmin şərtləndirsə də, o, milli pedaqoji fikrimizdə tarixi düşüncənin yaranma və inkişaf ənənələri ilə bağlıdır. Həmin ənənələr öz kökləri etibarı ilə bir tərəfdən ilk pedaqoji təsəvvürlərin təşəkkül tapdığı, xalqımızın qədim adət və ənənələrinə, mərasim və ayinlərinə, əyləncə və oyunlarına, şifahi xalq ədəbiyyatına - xalq pedaqogikasına, digər tərəfdən klassik bədii ədəbiyyata, ümumislam ədəbi-tarixi kontekstində formalaşan Qətran Təbrizinin, Ə.Bəhmənyarın, Əfzələddin Xaqaninin, Xətib Təbrizinin, Nizami Gəncəvinin, Nəsrəddin Tusinin, Əvhədi Marağayinin, Əssar Təbrizinin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin və başqalarının təmsil olunduğu nəzəri məktəbə gedib çatır. İlk vaxtlar təsviri xarakter daşıyan və empirik faktlara istinad Orta əsrlərdə Azərbaycanda ümumislam mədəniyyəti kontekstində pərvəriş tapan pedaqoji fikir XIX əsrin 30-cu illərindən mütərəqqi rus pedaqoji fikrinin aktiv təsiri nəticəsində bir elm kimi formalaşdı. XIX əsr Azərbaycan ziyalılarının, maarifçilərin bütöv bir nəslinin fəaliyyəti nəticəsində Azərbaycan pedaqoji elmi formalaşdı. Bu fəsildə Azərbaycanda pedaqogika elminin təşəkkülü və inkişafının əsas tendensiyaları səciyyələndirilir, yüksək ixtisaslı pedaqoji kadr hazırlığındakı problemlərdən və onun həlli yollarından söhbət açılır, Azərbaycanda pedaqoji elmin inkişafını şərtləndirən əlverişli sosial-siyasi, mədəni-mənəvi zəminin yaradılması vurğulanır.
Bu fəslin sonrakı yarımfəsillərində pedaqogikanın metodoloji prinsiplərindən, onların təşəkkülü və deformasiyasından, pedaqoji cərəyanlarından bəhs edilir. Əsərin fəsilləri arasında ciddi varislik və elmilik diqqəti cəlb edir. Belə ki, sonrakı fəsillərin hər biri digərini tamamlayır. II fəsil tərbiyə nəzəriyyəsinin, III fəsil didsktik fikrin inkişafına, IV fəsil isə tarixi-pedaqoji irsin və sahə pedaqogikalarının tədqiqinə həsr edilib.
Azərbaycanda pedaqogika elminin inkişafını şərtləndirən amillərə həsr edilmiş V fəsildə bir sıra pedaqoji problemlərdən, o cümlədən, elmi-pedaqoji tədris ədəbiyyatının hazırlanmasından, pedaqoji jurnalistikadan, pedaqoji tənqiddən və müvafiq kadr hazırlığından bəhs edilir.
Əsərin VI fəsli özünün orijinallığı və aktuallığı ilə seçilir. Burada pedaqoji elmlərin inkişafında beynəlxalq əlaqələrin rolu yüksək qiymətləndirilir, Rusiya, Zaqafqaziya, Şimali Qafqaz və Orta Asiya Respublikaları ilə elmi-pedaqoji əlaqələr geniş təhlil edilib.
"Humanist-pedaqogika: problemlər, perspektivlər" adlanan sonuncu VII fəsil özünün müasirliyi ilə seçilir. Kitabda həm də XX əsrdə və zəmanəmizdə hazırlanan milli-pedaqoji kadrların (pedaqogika üzrə elmlər doktorlarının və pedaqogika üzrə fəlsəfə doktorlarının) siyahısı, onların müdafiə etdiyi mövzular, ad göstəricisi, əlifba sırası ilə öz əksini tapıb. Məlum olur ki, Azərbaycanda 1927-ci ildən bu günümüzə qədər ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə 40 nəfər elmlər doktoru, 466 nəfər elmlər namizədi - pedaqogika üzrə fəlsəfə doktoru hazırlanıb. Onlardan 35 nəfəri professor Ə.Seyidovun, 4 nəfəri akademik M.Mehdizadənin, 12 nəfəri professor M.Muradxanovun, 2 nəfəri V.V.Komarovskinin, 16 nəfəri professor N.Kazımovun, 52 nəfəri akademik H.Əhmədovun, 13 nəfəri professor Y.Talıbovun, 16 nəfəri professor Ə.Həşimovun, 5 nəfəri professor A.Kərimovun, 16 nəfəri professor Y.Kərimovun, 11 nəfəri professor R.Mustafayevanın, 17 nəfəri professor B.Əhmədovun, 22 nəfəri professor Z.Qaralovun, 51 nəfəri professor Ə.Ağayevin, 16 nəfəri professor F.Sadıqovun, 27 nəfəri professor A.Abbasovun, 8 nəfəri professor M.Həsənovun, 16 nəfəri professor F.Rüstəmovun və başqalarının elmi rəhbərliyi ilə hazırlanıb. Elmi rəhbərlərin özlərinin də müdafiə etdikləri illər, mövzular haqqında verilən məlumatlar da maraqla oxunur.
Dərsliyin çox mühüm məziyyətlərindən biri də müəllifin Azərbaycanda pedaqoji elmin inkişafında az və ya çox dərəcədə xidmətləri olan elm adamlarının, maarifçilərin şəklinin kitaba daxil edilməsi, onların həyatı və fəaliyyəti haqqında yığcam və zəruri məlumatın verilməsidir.
Əsərin sonunda müəllifin gəldiyi nəticələr də diqqəti çəkir. Müəllif haqlı olaraq qeyd edir ki, XX əsrdə Azərbaycanda pedaqogika elmi zəngin inkişafda keçmiş, özünün bütün ziddiyyətli təbiətinə, sosializm çərçivəsində məhdudluqlarına, xüsusilə milli-mənəvi zəmin və ənənələrdən bəzən uzaqlaşmasına baxmayaraq, diqqətəlayiq nailiyyətlər qazanıb.
Bununla yanaşı, əsərdə pedaqogika ilə bağlı aparılan araşdırmalarda yol verilən nöqsanlar göstərilir.
Pedaqogika elmi daim məktəbin nəbzini tutmalı, orada gedən prosesləri təhlil etməli, təlim-tərbiyə işinin səmərə və keyfiyyətini yüksəltməyə istiqamət verməli, milli və ümumbəşəri dəyərlərin mənəvi dəyərlərindən sintezindən ibarət tərbiyə nəzəriyyəsi yaradılmalı, pedaqogika kursunun strukturu təkmilləşdirilməli, pedaqogikanın digər elmlər sistemində yeri müəyyənləşdirməli, əməkdaşlıq pedaqogikası inkişaf etdirilməlidir.
Müəllifin fikrincə, bu mürəkkəb və həm də çətin vəzifələri həyata keçirmək, dövlətin təhsil siyasətini elmi-pedaqoji əsaslarla reallaşdırmaq üçün pedaqoq və psixoloqların qüvvəsini eyni məcraya yönəltmək məqsədilə Müstəqil Təhsil Akademiyası yaradılmalıdır.
Fikrimizcə, çox gözəl və faydalı təklifdir. Son söz aidiyyatı qurumlarındır.
Hüseyn ƏHMƏDOV
akademik