|
|
|
|
Keçən həftə Bakıda "Caucasus İnternational" jurnalının nəşrinin 5 illiyinə həsr edilmiş "Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət" mövzusunda keçirilən beynəlxalq konfransda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza da iştirak edirdi.
Metyu Brayza qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır.
Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması zərurətini bütün beynəlxalq vasitəçilər anlayır. Buna baxmayaraq, bu məqsədlə Ermənistan hakimiyyətinə təzyiq etmirlər. Metyu Brayza da həmsədr işlədiyi dövrdə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini Ermənistan hakimiyyətinə izah etmədi.
Bu barədə fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Metyu Brayza Bakıdakı konfransda bir başqa fikir də işlədib: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ABŞ-la Rusiya arasında razılığın əldə olunması vacibdir. Bu razılıq olmadan münaqişəni həll etmək mümkün olmayacaq".
Politoloq hesab edir ki, Brayzanın bu fikri mübahisə doğurur: "Birincisi, son illər ABŞ-ın Azərbaycana və Ermənistana təsir imkanları azalıb. Azərbaycanın ABŞ-dan nə siyasi, nə də maliyyə asılılığı var. Donald Tramp administrasiyası Ermənistana da maliyyə yardımını azaldıb. İkincisi, Barak Obama prezident olduğu 8 ildə onun administrasiyası Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmədilər. Bu, Metyu Brayzanın həmsədr olduğu illərə təsadüf etdi. Donald Tramp administrasiyasının da Cənubi Qafqazdakı hadisələrə, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həllinə marağı yoxdur".
Mərkəz sədrinin fikrincə, Azərbaycana və Ermənistana Rusiyanın təsir imkanları böyükdür: "Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Kremlin Vaşinqtonla dialoqa ehtiyacı yoxdur. Tam əksinə, Vaşinqton nəzəri baxımdan Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərsə belə, Rusiya bu prosesə mane ola bilər. Digər tərəfdən, ABŞ-la Rusiya arasında bir çox mövzuda - Ukrayna, Suriya, İran və digərləri ətrafında fikir ayrılığı var. Belə şəraitdə ABŞ-ın Rusiya ilə Qarabağ məsələsində razılaşacağı mümkün deyil".
Rusiyanın tanınmış siyasətçisi, millətçi fikirləri ilə tanınan Vladimir Jirinovskinin Rusiyanın televiziya kanallarının birində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunmasına diqqət çəkən E.Şahinoğlunun sözlərinə görə, jurnalist soruşub ki, güclənən Azərbaycan Qarabağı geri qaytarmaq üçün müharibəyə başlasa, Rusiya nə edəcək, kimin tərifini tutacaq. Jirinvoski bir neçə dəfə təkrarladığı fikri söyləyib: "Bu halda Dağlıq Qarabağda Rusiya bayrağı sancılmalı və Rusiya qoşunları bölgədə yerləşdirilməlidir ki, Azərbaycan və Ermənistan heç nə edə bilməsin". Jirinovski Kreml rəsmilərinin düşüncələrini dilə gətirir. 10 il bundan əvvəl heç kim Rusiyanın Krımı işğal edəcəyini proqnozlaşdıra bilməzdi. Ancaq o illərdə məhz Jirinovski bunun baş verəcəyini bildirirdi. Demək, Jirinovskinin sözlərini ciddi qəbul etmək lazımdır".
Politoloq qeyd edib ki, Rusiya ordusunun Dağlıq Qarabağda yerləşdirilməsi Ermənistana sərf edir: "Azərbaycana isə bu sərf etmir. Dağlıq Qarabağ vaxtilə orada məhz SSRİ, sonra isə Rusiya qoşunlarının dəstəyi ilə işğal edildi. Dağlıq Qarabağdakı erməni separatçılarına silahları və hərbi texnikanı məhz oradakı Rusiya hərbi birləşmələri verib. 1992-ci ildə Xocalı qətliamının həyata keçirilməsində və planlanmasında da Rusiya birlikləri iştirak edib. Ona görə də Jirinovskinin dediyi kimi, Rusiya ordusunun yenidən Dağlıq Qarabağa qayıdışı işğalın rəsmiləşdirilməsi demək olacaq. Buna görə də rəsmi Bakı uzun illərdir Rusiyanın "sülhməramlı qüvvələr" adı altında Dağlıq Qarabağda yerləşdirilməsi təklifinə razılaşmır".
Ceyhun ABASOV