Müasir Azərbaycan ədəbiyyatında və ictimai mühitində özünəməxsus yer tutan tanınmış yazıçı və dramaturq, millət vəkili, professor Hüseynbala Mirələmovun sabah - iyunun 25-də 72 yaşı tamam olur.
Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Rusiya Mədən Akademiyasının, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, çoxsaylı bədii və elmi əsərlərin müəllifi H.Mirələmov ölkəmizdə həm yazıçı kimi ardıcıl, məhsuldar yaradıcılığı, həm də fəal vətəndaş mövqeyilə seçilən simalardandır.
Azərbaycan və dünya ədəbiyyatının üstün ənənələrinə söykənərək ədəbi fəaliyyətdə ciddi uğurlar əldə etmiş yazıçı-dramaturq xüsusən son onilliklərdə bir çox önəmli əsərə imza atıb. “Babadil əfsanəsi”, “Gəlinlik paltarı”, “Qırxıncı otaq”, “Yanan qar” romanları, “Xəcalət”, “Cəza”, “Qumru yumurtaları” povestləri, “Vicdanın hökmü”, “Gəncə qapıları” pyesləri və digər əsərləri maraqla qarşılanıb, müəllifə geniş oxucu və tamaşaçı auditoriyası qazandırıb. Bu məhsuldar və dəyərli ədəbi fəaliyyətinə görə o, “Qızıl qələm”, “Qızıl dərviş”, “Abdulla Şaiq” və “Rəsul Rza” ədəbiyyat və sənət mükafatlarına, eləcə də başqa ödüllərə layiq görülüb.
H.Mirələmovun yaradıcılığının müstəsna mərhələsi sayılan, haqlı olaraq, publisistik fəaliyyətinin zirvəsi adlandırılan üç mühüm nəşr isə onun müəllif imzasına daha böyük sanbal gətirib. Bunlar Moskvanın məşhur “Molodaya qvardiya” nəşriyyatının “Görkəmli adamların həyatı” seriyasından nəşr olunan “Heydər Əliyev”, “İlham Əliyev: tərcümeyi hal davam edir” və “Zərifə Əliyeva” əsərləridir. Həmin kitablar təkcə Azərbaycanda deyil, xaricdə - Rusiyada, keçmiş Sovet məkanında və başqa ölkələrdə də siyasi publisistikanın seçilən nümunələri hesab edilir.
Ədəbi və ictimai həyatda daima aktivliyi ilə fərqlənən H.Mirələmov, son günlər səhhətində yaranmış problemə rəğmən, yenə də bədii sözlə nəfəs alır, ümumən xalqının və parlamentdə təmsil etdiyi seçicilərinin qayğıları ilə yaşayır. İnanırıq ki, o, zamanın, həyatın çox sınaqlarından mətanətlə, uğurla çıxmış bir insan kimi, bu çətin günləri də arxada qoyaraq hər kəsi sevindirəcək.
Bu doğum günü - 72 yaşının tamamı münasibətilə Hüseynbala müəllimi ürəkdən təbrik edir, hörmətli ədibimizə möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq!