Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun 525.az-a müsahibəsi
“YAP-ın qurucuları və yaradıcıları ifadəsi düzgün deyil...”
-Eldar müəllim, bu günlərdə YAP-ın yaradıcılarından və qurucularından olan sabiq millət vəkili Maksim Musayev mətbuata müsahibəsində təşkilatın indiki rəhbərliyinə, xüsusilə, partiyanın sədr müavini və icra katibi Əli Əhmədova qarış sərt ittihamlar, ifadələr səsləndirib. O, hətta, daha irəli gedərək deyib ki, Əli Əhmədov bir bəladır düşüb YAP-a... Siz də YAP-ın qurucularından və yaradıcılarından birsiniz, məşhur “91-lər”dənsiniz. Elə isə doğrudanmı, Maksim Musayevin dedikləri əsaslıdır, yoxsa?...
-Əvvəla onu deyim ki, mən Maksim Musayevi uzun illərdir tanıyıram, ona hər zaman hörmətim olub və bu gün də var. İkincisi, Maksim Musayev həqiqətən də, 1992-ci ildə, o çətin günlərdə Naxçıvana gəlib və YAP-ın yaradılmasında, onun konfransında iştirak edib. Ancaq bu gün istər həmin, məlum müsahibə yer alan qəzetdə, istərsə də qəzetlərdə tez-tez yanlış olaraq belə bir fikir gedir ki, YAP-ın yaradıcıları, qurucuları...
Birmənalı şəkildə deyirəm, bu partiyanın bir yaradıcısı, bir qurucusu olub, o da ümummilli liderimiz Heydər Əliyevdir. Biz sadəcə, onun ətrafında olan və olmuş adamlarıq...Biz bu prosesdə iştirak edən və etmiş insanlarıq...Biz yaradıcı, qurucu ola və bu cür təqdim edilə də bilmərik...
“Heydər Əliyev dedi ki, Maksim Musayev kimdir, onu tanımıram...”
-Maksim Musayevin Naxçıvana gəlişini necə, xatırlayırsınızmı?
-Bəli, çox yaxşı xatırlayıram... O zaman Maksim Musayev Naxçıvana gəlmişdi və məndən xahiş etdi ki, danışıb, Heydər Əliyevə deyim, onu qəbul etsin... Mən də Heydər Əliyevə dedim, Heydər Əliyev də dedi, kimdir, tanımıram onu...Dedim ki, bəs sizin vaxtınızda Qaxın birinci katibi olub...Dedi ki, yaxşı, nə olar, qoy gəlsin, görüşək...Qəbul etdi, söhbətləşdilər, amma nə söhbət etdilər, onu bilmirəm... Sonra dediyim kimi, YAP-ın yaranması ilə bağlı Naxçıvanda konfrans keçirildi və qeyd edim ki, konfransın təşkilati məsələləri də mənə tapşırılmışdı... Yəni, kim gəlib, kim gəlməyib, kim harada qalıb, nə yeyib, nə içib, bütün bu məsələləri Heydər Əliyev mənə həvalə etmişdi, bu işlərlə mən məşğul olurdum...Düzdür, Maksim Musayev də digər yoldaşlar kimi, o zaman konfransda iştirak etdi, amma düzünü deyim ki, heç bilmədim Maksim Musayev konfrans salonunda harada əyləşmişdi... Çünki adam çox idi... İndi söhbət heç də bundan getmir, söhbət ondan gedir, daha doğrusu, Maksim Musayev müsahibəsində deyir ki, konfransda o, eləcə də, mərhum Samur Novruzov çıxış edib...
“Maksim Musayev və bəziləri “91-lər”-in müraciətinə imza atmadılar...”
-Düz demir ki?...
-Düz demir, onların heç bir çıxış etməyib, konfransda kimlər çıxış edib, o da bilir, mən də bilirəm...Yəni, o bu məsələdə düz və ədalətli danışmır...
İkinci bir məsələ- Maksim Musayev müsahibəsində Əli Əhmədov haqqında olar-olmaz şeylər danışır, amma hər halda elə bilirəm ki, yenə də ədalətli danışmır... Axı, Maksim Musayevin şəxsən özünə müraciət olunmuşdu, eyni zamanda, adını çəkmək istəmədiyim bir şəxsə-çünki dünyasını dəyişib-, o cümlədən, başqa bir neçə nəfərə də mən özüm təklif etmişdim ki, Heydər Əliyevlə bağlı müraciətə, indi “91-lər” adlandırılanların müraciətinə qol çəkin, bunlar isə demişdilər ki, bizdən uzaq edin...
“Bu, həmin Əli Əhmədovdur ki...”
-Bundan Heydər Əliyevin xəbəri oldumu, ən azı sonralar...
-Niyə olmadı ki? Bunu mən özüm o zaman Heydər Əliyevə dedim...Heydər Əliyev də sonradan iclaslardan birində bunu dedi... Dedi ki, bəli, bir çox adamlara təklif olunub həmin müraciətə qol çəksinlər, amma onlar deyiblər ki, bizdən uzaq edin... Mən onları da başa düşürəm, onlar qorxurdular ki, bu müraciətə qol çəksələr, başlarına nə gələ bilər...
Amma fakt faktdır, ondan qaçmaz olmaz... Maksim Musayev sən də, adını çəkdiyin və çəkmədiyin digər bəzi şəxslər də axı, “91-lər”-in müraciərinə qol çəkməmisiniz... Amma indi “91-lər”dən olan Əli Əhmədova böhtan atırsınız, ədalətsizcəsinə deyirsiniz ki, bir bəladır düşüb YAP-ın canına...
Bu, həmin Əli Əhmədovdur ki, universitetin adi bir müəllimi idi, ancaq o zaman özündə cəsarət tapıb, Heydər Əliyevə istəyi, böyük məhəbbəti olub və “91-lər”-dən biri kimi həmin müraciətə imza atıb...Və sonra da universitetdə - hansı ki, ən güclü Xalq Cəbhəsi universitetdəydi, bizim əleyhimizə olan adamların əksəriyyəti ora toplaşmışdılar - heç kimdən qorxmadan, çəkinmədən YAP-ın ilk partiya təşkilatının yaradılmasında öncülərdən biri olub...
-Maraqlıdır, necə oldu ki, daha tanınmış və çəkili YAP-çılardan biri yox, nisbətən kənarda qalan və çox tanınmayan Əli Əhmədov məhz YAP-ın rəhbərliyinə, İcra Katibliyinə gətirildi?
“Əli Əhmədov Heydər Əliyevin öz seçimi idi...”
-Burada əvvəla, qəribə və təəccüblü heç nə yoxdur...İkinci bir tərəfdən, Əli Əhmədov Heydər Əliyevin özünün seçimi idi. Hər halda Heydər Əliyev hər birimizin savadını, qabiliyyətini bilirdi və qiymət verirdi... O özü belə məsləhət bildi ki, Əli Əhmədov YAP-ın icra katibi olmalıdır... İndi isə Maksim Musayev müsahibəsində heç bir əsas olmadan həm Əli Əhmədov, həm də Mübariz Qurbanlı haqqında ağzına gələni danışır...Maksim müəllim yenə düz danışmır, ədalətli deyil... Zamanında kimin harada olub-olmamasından asılı olmayaraq, partiyanın sədri və banisi Heydər Əliyevin məsləhəti ilə 1999-cu ildə YAP-ın İcra Katibliyi yaranıb və Əli Əhmədov da əvvəlcə icra katibi, sonra isə sədr müavini seçilib.. Bu gün də Əli Əhmədov partiyanın icra katibi və sədr müavini kimi bu işlərə uğurla rəhbərlik edir...
İndi onun Əli Əhmədovla aralarında nə ədavətləri varsa, artıq bunlar qəzet səhifəsinə çıxarılası məsələlər deyil... Özü də Maksim Musayevin 75 yaşı var, yaşının bu vaxtında nəyə lazımdır bu kimi qərəzli fikirləri mətbuata çıxarmaq... Əlbəttə, 75 yaşa qədər heç nə olmayıbsa, bundan sonra nə olacaq?...Axı, bu cür fikirləri söyləməklə o nə qazanır?...
Yeri gəlmişkən, çox yaxşı yadımdadır, bir dəfə giley etdi ki, ona vəzifə verilmir, mən də o zaman Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyən Arif Rəhimzadə ilə danışdım, dedim ki, Arif müəllim bəs ona da-YAP-ın yaradılmasında iştirak edən, əməyi olan bir şəxs kimi vəzifə verin...Dedi ki, kənd təsərrüfatı nazirinin müavini vəzifəsini təklif edirik, qəbul etmir, deyir ki, nazir olmalıyam...Gedərdin nazir müavini, sonra da olardın nazir... O isə deyirdi ki, yox, mən ancaq nazir olmalıyam...Maksim müəllim ümumiyyətlə, həmişə ambisiya ilə yaşayan adam olub və özünü də hamıdan yuxarıda bilir... Amma ondan da qat-qat əziyyət çəkən insanlar var idi, olublar və bu gün də var...Onlar isə heç danışmırlar-dinmirlər... Sən o zaman Naxçıvana gəlmisən, lap yaxşı etmisən, partiyanın yaradılmasında da iştirakın olub... Amma sonra partiyanı atdın, YAP-a gəlmədin...Axı, sən haçan gəlmisən və sənə deyiblər ki, partiyaya, bu tədbirə gəlmə...
“Hətta, bir dəfə Nizami Xudiyev dedi ki, Maksim Musayev məndən əl çəkmir ki, həmin kadrı niyə efirə verirsiniz...”
-Ancaq Maksim Musayev israrla deyir ki, bir çox tanınmış YAP-çılar kimi onu da partiyanın tədbirlərinə dəvət etmirlər...
-Yenə ədalətli danışmır... Deyir ki, məni dəvət etməyiblər, əksinə, dəfələrlə deyiblər, çağırıblar, amma gəlməyib... İndi bunun dalınca bir maşın da göndərəsi, qolundan da tutub gətirəsi deyillər ki?! Sən də bu partiyanın üzvüsən, dəvət edilən yerə niyə gəlmirsən? Özü də bu partiyanın yaradılmasında iştirak edən hər bir insan ona sonacan sədaqətli olmalı, onu qoruyub saxlamalıdır...Mən də bəzən inciyərəm, amma nə olsun ki?.. Mən bu partiyaya nədənsə inciməyə görə gəlməmişəm ki?...Əgər mən bu partiyanın yaradılmasında iştirak edən adamamsa, o zaman ona ömrümün axırına kimi də - vəzifədə oldum-olmadım - qulluq edəcəm, xidmət göstərəcəyəm... Nə vaxt qolumdan tutub partiyadan qovsalar, bu başqa məsələ... Onda deyərəm ki, məni qovdular, düz hərəkət etmədilər...Amma Maksim Musayev sənə bir söz deyən varmı? Yoxdur, axı? İndi nə olub, yaşının bu vaxtında belə ədalətsiz sözlər danışırsan... Bu yerdə bir məqamı da deyim. 1992-ci ilin 18 mayında Ali Sovetin sədri seçilərkən mən Heydər Əliyevin namizədliyini irəli sürdüm, məndən sonra isə Maksim Musayev durub Etibar Məmmədovun namizədliyini irəli sürdü... Düzdür, insafən belə bir söz də işlətdi ki, Heydər Əliyevin fikrini öyrənmək üçün içlas dayandırılsın... Amma sonra niyə mənim arxamca gəlmədin, Heydər Əliyevlə əlaqə yaratmağa çalışmadın?...Bunlar da axı, gözümüzün qabağında olub və dəfələrlə həmin səhnə televiziyada nümayiş etdirilib... Hətta, bir dəfə Nizami Xudiyev dedi ki, Maksim Musayev məndən əl çəkmir ki, həmin kadrı niyə efirə verirsiniz... O vaxt belə hərəkət etməməydin, səni də göstərməyəydilər...Amma çox ədalətsiz şəkildə bu gün Əli Əhmədovu, Mübariz Qurbanlını ittiham edirsən. Sənə yaraşmaz, axı?
Yeri gəlmişkən, başqa bir məqamı da xatırladım...1994-cü ildə o vaxtkı Milli Şurada iki yer boşalmışdı...Heydər Əliyev mənə təklif etdi ki, həmin yerlərdən birini də mən tutum... Düzünü deyim ki, həmin vaxt Asya xanım Manafova ilə həmin bu Maksim Musayev işsiz idilər, mən isə Naxçıvanda yüksək dövlət vəzifəsində işləyirdim. Həmin vaxt mən Heydər Əliyevin bu təklifinə cavab olaraq, ondan xahiş etdim ki, Asya və Maksim işsizdirlər, onlara da iş vermək lazımdır... Heydər Əliyev də bununla razılaşdı və hər ikisi də Milli Şuraya üzv seçildilər, mən isə bunun üstündən xeyli müddət keçəndən sonra həmin Milli Şuraya üzv seçildim. Yəni, bunlar hamısı Heydər Əliyevin öz seçimi idi... O, kimisə nazir, kimisə icra başçısı, kimisə millət vəkili, kimisə partiyanın sədr müavini və icra katibi kimi görürdü... Biz onun özünün seçimi idik... İndi Maksim Musayev bu cür davranışları ilə bir növ Heydər Əliyevin seçiminə hörmətsizlik etmiş olur ki, buna da heç cür haqq qazandırmaq mümkün deyil... Bu gün ona da, müsahibədə adını çəkdiyi, kişi qeyrətli Asya xanıma da, digərlərinə də YAP-da böyük hörmət var, nə vaxt gəlsələr, partiyada onlara hörmətlə yanaşılacaq. Bu, həm də o, Asya xanımdır ki, heç nədən qorxmadan yeganə qadın olaraq, Naxçıvana, YAP-ın konfransına gəldi və onun bu xidmətləri əvəzsizdir, danılmazdır... İndi nəyəsə görə kənarda durub dayanmaq düzgün deyil. Onlara hər zaman böyük hörmət-ehtiram olub və bu gün də var... Bununla yanaşı, Əli Əhmədovun da, Mübariz Qurbanlının da YAP-ın bu səviyyəyə gəlib çatmasında, beynəlxalq aləmdə nüfuzunun artmasında xüsusi xidmətləri var. Zamanında partiyamızın banisinin, indi isə YAP-ın indiki sədrinin, ölkə Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə Əli Əhmədov sədr müavini və icra katibi kimi YAP-a uğurlu rəhbərlik edir. YAP-ın inkişafında onun əməyi danılmazdır, o çox güclü təşkilatçı və çox mədəni, qayğıkeş, hər bir partiya üzvünə çox diqqətlə yanaşan insandır. Demək istəyirəm ki, bu şəxslərlə bağlı fikir söyləyərkən ədalətli və obyektiv olmaq lazımdır. Ona görə də Maksim müəllim, Əli Əhmədov bir bəla deyil düşüb YAP-a, əksinə bu gün YAP-a və Əli Əhmədova böhtan atanlar YAP-a bəladır....
“Maksim Musayev qəti əmin olsun...”
-Maksim Musayev onu da iddia edir ki, YAP-ın indiki rəhbərliyi, ələlxüsus, Əli Əhmədov və Mübariz Qurbanlı ilə növbəti prezident seçkilərini udmaq çətin olacaq...
- İlk öncə deyim ki, YAP-ın seçkilərdə növbəti dəfə namizədi ölkə Prezidenti, partiyamızın sədri cənab İlham Əliyev olacaq. Dəfələrlə dediyim bir fikri yenə də təkrarlamaq istəyirəm, İlham Əliyevin prezidentliyə ehtiyacı yoxdur, amma bizim, YAP-ın, bütövlükdə, Azərbaycan xalqının onun prezidentliyinə ehtiyacı var. Ona görə ki, 10 illik prezidentliyi dövründə İlham Əliyevin gördüyü işlər göz qabağındadır və ilk seçkidə dediyi kimi o, hər bir azərbaycanlının prezidenti oldu... Bu baxımdan inanıram ki, elə Əli Əhmədovun, Mübariz Qurbanlının istər 2003 və istərsə də 2008-ci illərdə prezident seçkilərində siyasi bacarığını hamı gördü. Biz 600 minlik YAP üzvlərinin və bütövlükdə Azərbaycan xalqının iştirakı və böyük dəstəyi ilə İlham Əliyev növbəti seçkilərdə yenidən ölkə Prezidenti seçiləcək. Çox istərdim ki, Maksim Musayev də buna tam, qəti əmin olsun.
Kamil Həmzəoğlu