“Biz bu layihəyə qoşulmaqdan məmnunluq hiss edir və bildirmək istəyirik ki, ARDNŞ-nin dünya idmanı ilə əməkdaşlığı qürurverici bir hadisədir”.
Apasport.az saytının xəbərinə görə, bunu Dövlət Neft Şirkətinin marketinq və investisiyalar üzrə vitse-prezidenti, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov deyib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2016-cı il futbol üzrə Avropa çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsorları sırasına daxil olub. Bu barədə danışan Nəsirov bildirib ki, bu sponsorluq ARDNŞ-nin beynəlxalq profilini yüksəltmək üçün nadir imkanlardan biridir və enerji sektorunda şirkətin premium brendinin əsasının qoyulması yolunda ümumi mövqeyimizi əks etdirir: “Bu, 2012-ci ildə Azərbaycanda keçirilən FİFA U-17 Qadınlararası Dünya Çempionatından sonra bizim beynəlxalq sponsorluq sahəsində ikinci əməkdaşlıq təcrübəmizdir. Şirkətimiz Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əsas sponsoru olaraq respublikada futbolun inkişafına daim fəal dəstək göstərir. İdmana sponsorluq olduqca vacib bir amildir və bu cür genişmiqyaslı və həyəcanverici bir yarışı dəstəkləmək bizim üçün çox əhəmiyyətllidir”.
UEFA-nın marketinq direktoru Qay-Loran Epşteyn əməkdaşlığı müsbət qarşılayıb: “Biz ARDNŞ-i Avro-2016-ya və 2014-2017-ci illərdə keçiriləcək Avropa seçmə oyunları daxil olmaqla, UEFA-nın milli komanda yarışlarının rəsmi sponsorları arasında görməkdən böyük məmnunluq duyuruq. Bu sponsorluq platforması ARDNŞ-ə öz brendini daha geniş təbliğ etmək və hədəf auditoriyasını genişləndirmək üçün nadir imkan verir. ARDNŞ-in qlobal enerji şirkətinə çevrilmək məqsədi və bizim əməkdaşlığımız Avropa futbolunu daha geniş tamaşaçı kütləsinə təqdim etmək üçün böyük imkanlar yaratmış olacaq”.