PEYĞƏMBƏRİN MERACI VƏ İLK NAMAZI
Peyğəmbərlər yetirən
Pak diyarda – Qüdsdə,
Yer üzünün gözü üstə;
Uzanmışdı Məhəmməd.
Hələ özü bilmirdi,
Peyğəmbərlik haqqını
Qazanmışdı Məhəmməd.
Allah eşqi qanında,
Yaşıl işıq qoynunda,
İndi merac edirdi;
Göyün hər bir qatında
Bir peyğəmbər dururdu,
Xoşgəldin – ovqatında:
Onu salamlayırdı,
Onu uğurlayırdı.
Allah astanasında
Aləm nura boyandı.
Onun gözü qamaşdı,
Səcdə qıldı, dayandı.
Qəlbində səs eşitdi
–Nə istəyirsən dilə.
–Allahım, sən alisən
Hümmətimə rəhm elə...
–Aləmə ümid olur
Yanan balaca bir şam.
Mən tövbə qapıların
Sizə açıq qoymuşam...
O ilk dəfə eşitdi
Ulduzlar arasından
Bir azan avazını,
Göyə Məhəmməd getdi,
Yerə peyğəmbər endi,
Qıldı ilk namazını.
SƏBR VƏ DÖZÜM
ALLAH YOLUDUR
Ekizdilər xeyirlə-şər,
İkisi də dəymədüşər.
Onlar deyir bu dünyanı
Düzəltmək də bizə düşər.
Gecə-gündüz hey döyüşər,
Döyüşlərdə yer dəyişər.
Biri deyər qarnım acdı,
Biri deyər ruhum acdı.
Deyən olmaz gözlə, bişər...
İnsan kamala yetməyib;
Yetişməyib hələ bəşər.
Heç kəs heç vaxt deməsin ki,
Bütün vədlər yalan oldu.
Zor ağıla qalib gəldi,
Mədəviyyat plan oldu,
Mənəviyyat talan oldu.
Azadlığı satan oldu,
Azadığı alan oldu.
Gələn gəldi, gedən getdi,
Qalan qaldı, olan oldu.
İnsan ağlı çox cavandı,
Qoca dünya köhnə yoldu.
Ağlımızın yolu zaman.
Bu zamanda ömür bir an.
Ha qışqır ki, “zaman dayan!”
Hələ ağla dolmamışam,
Hələ adam olmamışam,
Nə dayanar, nə gözləyər
“Vallah-billah bu ağılla
Qorxuram bizə göz dəyər”.
Yaxşı olmaq istəyənlər
Hər zaman yaxşı söz deyər.
Döymə səndən aşağını,
Söymə səndən yuxarını.
Zaman diri su kimidi
Zaman tapar axarını.
Çalış bir az da döz – deyər.
ALLAHIN MUSAYA ZARAFATI
Musa peyğəmbər qırx il
yəhudiləri gəzdirdi,
Səhraları, çölləri,
sahilləri bezdirdi.
O yerləri bəyənmədilər
Bura pis qoxuyur – dedilər,
dayanmadılar.
Üç min il sonra
Onun neft qoxusu
olduğunu anladılar.
Özlərini, talelərini danladılar.
O zaman bir ölü balığın
dirildiyi yerdə
məskən salmışdılar.
Kök salıb qalmışdılar
Bu dəfə dəniz
ölü dəniz çıxmışdı.
Dənizdən balıq, su əvəzinə
duz çıxmışdı.
Üç min ildir dünyanı dolanır,
yenə o sahilə gəlir
yəhudilər.
Yaradanın bu zarafatına
hələ də ağlayır, gülür yəhudilər.