https://525.az/img/pics/medium/2024-04/310144_cbvmt6qy3x.jpg “525-ci qəzet”in 16 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/310044_m0u195wue2.jpg Azərbaycan "yaşıl enerji" sahəsində yüksək beynəlxalq nüfuz qazanıb
https://525.az/img/pics/medium/2024-04/310090_xmw6ilx7l6.jpg "Səməd Vurğunun portreti" - "Bir rəsmin dedikləri"
search
15 Aprel 2024

“Bu, onların şəxsi maraqlarından irəli gəlir”

“ALPİNİZM FEDERASİYASINI ƏLƏ KEÇİRƏNLƏR DAĞÇILIQ İDMANININ İNKİŞAFINA BÖYÜK MANEƏDİRLƏR" 

Bu günlərdə dağçılıq idman veteranları tərəfindən redaksiyamıza məktub daxil olub. SSRİ idman ustalığına namizəd, əməkdar məşqçi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti, əməkdar müəllim Valeri Bağırov, dağ idman növləri üzrə SSRİ idman ustası, Aviasiya Akademiyasının baş müəllimi Nizami Mursaqulov, veteran-dağçı, bələdçi Mövlud Əzizov, veteran-dağçı, bələdçi İlqar İsrafilov tərəfindən imzalanan müraciətdə bir çox diqqətçəkici məqamlara yer verilib. Onların sözlərinə görə, Alpinizm Federasiyası adını özəlləşdirməyə cəhd edən, lakin özünü cəmiyyətdən izolyasiya edən şəxslərin açıqlamaları idmanın, xüsusilə də öz spesifikliyi ilə fərqlənən dağçılıq idmanının inkişafına böyük maneə yaradır. Şikayətçilər iddia edirlər ki, bu kiçik qrup idman xarakterinə yaraşmayan intriqalara əl atırlar: “Bu kiçik qrup dəfələrlə dövlət qurumlarının, Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının (FAİREX) ünvanına məntiqsiz, paxıllıq və ədabazlıqdan qidalanan iddialar səsləndirir, idmana, idmançıya gərək olmayan və bilavasitə dağçılıq idmanının xarakterinə yaraşmayan intriqalara yol verirlər. Biz belə məntiqsiz ittihamlara heç bir əsas görmürük, çünki bir daha əmin olduq ki, süni surətdə ortaya atılan söz-söhbətlər hökmranlıq iddiasında olan Alpinizm Federasiyasını ələ keçirənlərin şəxsi maraqlarından irəli gəlir. Gəldiyimiz qənaət belədir və fikirlərimizi də faktlarla təsdiqləmək istəyirik. Məsələn, bu qrupa daxil olan şəxslər hansısa yarışların ələ keçirilməsindən boş-boş danışırlar, necə deyərlər ağ yalan danışmaqdan utanmırlar. Nəzərinizə çatdırırıq ki, dağçılıqla bağlı bütün respublika yarışlarını-təbii qayayadırmanma, buzadırmanma, süni qayayadırmanma milli çempionatlarını FAİREX 2006-cı ildən təşkil edib keçirməyə başladı. Bu yarışlar onilliklər idi ki, heç kəsin yadına belə düşmürdü və yaxud bilərəkdən keçirilmirdi. Bu gün üçün müstəqil Azərbaycanda 6 qayayadırmanma, 5 buzadırmanma üzrə ölkə çempionatları keçirilib ki, bunların da hamısını FAİREX təşkil edib. Elə isə soruşmaq istəyirik, bu yarışları keçirməyə sizlərə nə mane olurdu? Başınız ələ keçirdiyiniz federasiyanın malını satıb talamağamı qarışmışdı? Siz bunu etmirdiz və etmək fikriniz də yox idi. İndi problem nədədir? Ölkə gəncləri oturub sizi gözləməli idi, nəyi gözləməli idi? Mursaqulov Alpinizm Federasiyasının bütün əmlakını satdı qurtardı. Aşurlu isə özünə yaradılan biznes imkanlarının ödənci kimi bizi aparıb başqa bir ölkəyə yamaq etmək istəyir. Ona görə də ictimaiyyət bilməlidir: FAİREX bu yarışları heç kimdən almayıb, əksinə öz qüvvəsi ilə, böyük zəhməti bahasına quru yerdən, tozun içindən yüksəkliklərə qaldırıb. Bu cür yarışlar və idman tədbirləri çox yüksək səviyyədə indi də davam etdirilir. Belə qısa zamanda nail olunan irəliləyişlərə, gördüyü inanılmaz uğurlara ölkəmizə gələrkən Beynəlxalq İdman Dırmanma Federasiyasının (İFSC) vitse-prezidenti Helmut Knabl da təəccüblənib və buna görə də 2013-cü ilin iyununda idman dırmanması üzrə Dünya Kuboku yarışlarının Bakıda keçirilməsini təklif edib. Yəni bütün dünya ictimaiyyəti görülən bu qədər işi görür və qiymətləndirir. Biz və bizim kimi bütün veteran dağçılar da yaxşı bilir ki, adını alpinist qoyan bu qrupun acgözlüyü və deyərdik ki, öz aralarındakı intriqaların ucbatından yüzlərlə idmançı dağ idmanından kənarda qalmışdı. FAİREX-in  formalaşmasından sonra bu idmançıların hamısı bu federasiyada birləşiblər. Alpinizm Federasiyasını zəbt edənlər hazırda nazir, intriqant, sözünü tuta bilməyən cılızlar və onun-bunun xidmətində duran manqurtlar minlərlə gəncin bu idmana gəlişindən, mütəmadi yarışların keçirilməsindən, idman bazalarının yaradılmasından gözlənildiyi kimi yaman dilxor olublar. Çünki bunları heç vaxt özlərindən başqa heç bir şey maraqlandırmayıb. Bir də yəqin ki, dağçılıq idmanını özəlləşdirmək cəhdləri boşa çıxdığına görə. Amma bir gün Azərbaycanın idman ictimaiyyəti öz haqqını qaytarmalı idi və bunu FAİREX vasitəsi ilə etdi. Nə qədər ki FAİREX yaranmamışdı, alpinizmi inhisara almış bu cılız qrupun varlığından heç kimin xəbəri belə yox idi. Bu işlə maraqlananlar isə bilir ki, bunlar intriqalarla, bir-birini müxtəlif günahlarda ittiham etməklə məşğul idilər. İş o yerə çatmışdı ki, yeganə yarı diri, yarı ölü klub mövcud idi ki, onu da Mursaqulov necə deyərlər “fırladırdı” və ayrı-ayrı dövlət orqanlarından vəsait qoparmaq üçün istifadə edirdi. FAİREX yaradılandan sonra dağlara yürüşlər təşkil olunmağa başlanıldı. Elə bu hüquqlarının pozulmasından dəm vuran möhtəkir Mursaqulov mətbuatda “bizim (yəni Mursaqulovun) icazəmiz olmadan nə əsasla FAİREX idmançıları dağlara aparır” tezisini geninə-boluna səsləndirirdi. Ancaq Allaha şükür ki, karvanımız bunlara fikir vermədi və indi ölkəmiz dağçılıq idman növlərində sürətlə inkişaf edir. Əslində bu qrup ilk gündən idmanı yox, özünü və özünə vurğunluqdan doğan idmana yad, lakin bunlar üçün əsas olan maraqları güdüb. Baxın, işlərini guya canlandırmaq üçün və əslində FAİREX-in fəaliyyətindən narahat olub saxta bir seçki keçirirlər, 20 iştirakçı ilə. FAİREX bunları təbrik edir, əməkdaşlıq təklif edir, hesab edərək ki, hər kəsin istədiyi idman növü ilə məşğul olmağa, istədiyi təşkilatda birləşməyə hüququ var. Yarana biləcək anlaşılmazlıqları aradan qaldırmaq üçün koordinasiya şurası yaratmağı təklif edir və belə bir şura yaradılır. Bəs bunlar nə edir? İlk gündən bu şuranın işini pozur, milli yarışlara qatılmır, onların pozulması üçün uğursuz cəhdlər edir, adi oğru kimi idmançılarımızı oğurlamaqla məşğul olur. Bizim Qusardan olan idmançılarımızı nə federasiyamızın, nə də müvafiq klubun xəbəri olmadan nə məqsədlə aldadıb, nələr isə vəd edib Dağıstana aparırsız? Bunun arxasında nə durur? FAİREX-in alicənablığından istıfadə edərək beynəlxalq təşkilatda yer bölüşmək razılığından heç istifadə də yox, sui-istifadə edirsiniz? Ölkənin beynəlxalq yarışlara idmançı çıxarmaq hüququnu yaşadığınız və biznes qurduğunuz başqa ölkəyə verməyə sizə kim haqq verib? Son beş ildə bunların fəaliyyəti idmanla yox, intriqalarla, qarayaxmalarla, söyüş və dedi-qodu yaymaqla məşğuliyyətdən ibarət olub.  Başa düşmürlər ki, bunlar belə işlərlə məşğul olduğu zaman FAİREX ölkədə minlərlə idmançı yetişdirirdi. Onlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycan dilində danışır, bu ölkəni Ana Vətənləri olduğu üçün sevir. Daha bunlar kimi hansısa başqa ölkənin nümayəndəsinin əlaltısı kimi aparmır özlərini”.

Müraciətdə daha sonra bu məqamlar yer alıb: “Əlbəttə, idman siyasətinə cavabdeh olan Gənclər və İdman Nazirliyi də bir gün bu vəziyyəti təhlil edib, müvafiq qərar verməli idi. Bəli, idman haqqında  qanun var. Bu qanunla da müvafiq idmanı ölkədə doğrudan-doğruya inkişaf etdirən, cəfa çəkən təşkilat milli idman təşkilatı statusu ilə fəaliyyət göstərir. Buna müvafiq qərar da, ölkə idmançılarının 98 faizini əhatə edən mövcud dağçıların qanun-qayda ilə seçilmiş nümayəndələrinin qərarı ilə tamamilə qanuni şəkildə qəbul olunub. Müstəqil fəaliyyət göstərmək istəyən təşkilatlar isə milli statusa malik deyil və müvafiq assosiasiyada birləşib, öz məsələlərini həll edə bilər. İstərsə əgər, istəməzsə, özü bilər. Vəssalam. Hər şeyin əldən çıxdığını, ictimaiyyət arasında bütün mövqelərini itirdiklərini bildiklərindən görün bu qrup nələrə əl atır? Görün kim FAİREX-i Gənclər və İdman Nazirliyinin vəsaitlərini özünə yönəltməkdə ittiham edir? Mursaqulov sarıdan. O Mursaqulov ki, Gənclər və İdman Nazirliyindən 20-30 idmançı ilə Heydər Zirvəsinə qalxmaq üçün bir neçə on min manat vəsait tələb edir.  Halbuki FAİREX 400-ə yaxın idmançının “Heydər zirvəsi”nə yürüşünü təşkil edib, 3200 metr yüksəklikdə baza-düşərgə yaradıb, 10 gündən çox müddətdə bu düşərgəni saxlayıb, mayın 10-da isə sürətlə dağadırmanma üzrə ilk Azərbaycan çempionatını təşkil edib və bütün bu işlər üçün heç yerdən qara qəpik də almayıb... Buna görə deyirlər, utanmasan oynamağa nə var ki... Utanmırlar, öz qarın və ambisiya davalarını cəmiyyətə sırıyırlar. Artıq onu da bilirik ki, bu bir qrup şəxsə dağçılıq idmanı, onun inkişafı lazım deyil. Əgər lazım olsaydı, rəhbərlik etdikləri idmançılara mayın 3-dən 10-dək keçirilən mötəbər bir dağ yürüşündə iştirak etmək üçün müraciət edib, icazə, maliyyə dəstəyi alandan sonra onu boykot etməzdi. Onlar əgər özlərini peşəkar sayırlarsa, çox yaxşı bilirlər ki, bu yürüş dağçı idmançılar üçün həm də bir təlim-məşq toplanışı xarakteri daşıyır. Səbəbsiz yerə indiyə kimi haray salınırdı ki, guya bu qrupu dağlara buraxmırlar. Əgər elədirsə, sırf idman maraqları varsa onda niyə əvvəlcə məktubla 30-dan çox idmançının yürüşdə iştirakı məqsədilə icazə üçün müraciət edirlər, onların məktubuna müsbət baxılır, icazə verildiyi halda isə bir nəfər də olsun gəlmir, əvəzində sərsəm bəyanat və xırda hisslərlə dolu məqalə sifariş edirlər. Digər tərəfdən, heç də dağçıları təmsil etməyən, bu, əslində kiçik bir qrup olduqca saxta görünən bəyanatlarla Azərbaycanda dağçılıq idmanının inkişafını ehtiva edən və ölkədə  dağçılıq idmanı ilə məşğul olan yeganə milli statuslu təşkilatda fəaliyyət göstərməyə belə qısqanclıqla yanaşır? Bunların qarnı vəzifə üçün ağrıyır, belə görünür, dağ idmanının inkişafı üçün yox. Halbuki ölkənin aparıcı dağçı idmançılarının iştirakı ilə Gənclər və İdman Nazirliyində keçirilən toplantıda vahid bir təşkilatda birləşmək barədə qərar qəbul olunub. Necə olur ki, bir klubun 20 nümayəndəsinin iştirakı ilə toplantı keçirib Alpinizm Federasiyasını ələ keçirirlər, hətta FAİREX-in qonaq kimi iştirak edən nümayəndəsinə mandat verərək səsvermədə iştirak etdirirlər. Gənclər və İdman Nazirliyi buna etiraz etmədiyi üçün bu qanuni sayılır, yüzlərlə dağçının, o cümlədən bunların bir çox fəallarının iştirakı ilə həmin Gənclər və İdman Nazirliyində keçirilən toplantıda əleyhinə bir nəfər də çıxış etməyən vahid milli dağçılıq təşkilatı barədə qərar qəbul olunur və bu qanunsuz olur? Bu necə seçmə yanaşmadır belə? Razı olmaya bilərsiniz, bu sizin şəxsi işinizdir. Amma ayaq altında dolaşmayın və milli işimizə mane olmayın. Burda deyərlər ki, bunların şəxsi ambisiyalardan doğan iç üzü ortaya çıxır. Azərbaycan Alpinizm Təşkilatını ələ keçirənlər, onun malını-mülkünü satıb talayanlar, Azərbaycan bayrağını ayrı-ayrı ölkələrin oyunlarında oyuncağa çevirən kiçik bir qrup məqsədli, şüurlu surətdə provakasiyalarla məşğul olur. Deməli, bu federasiyanın adından istifadə etmək bunlara maddiyyat naminə, xəstə ambisiyalar naminə, müxtəlif təsir qüvvələrinin iradəsini yerinə yetirməyə vasitə kimi lazımdır...”

AQİL 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.