Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində 18 may-Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə ithaf olunmuş lirik janrda işlənmiş süjetli xalçalardan ibarət sərgi açılıb.
Foyedə bu muzeyin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin XII-XX əsrlərə aid dünya və ölkə əhəmiyyətli abidələrdən (qalalar, karvansaralar, hamamlar, məscidlər, yaşayış evləri) ibarət “İçərişəhərin tarixi abidələri” fotosərgisi nümayiş etdirilib.
Tədbirdə muzeyin elmi katibi Fəridə Quliyeva bildirmişdir ki, Beynəlxalq Muzeylər Şurası (İCOM) builki Beynəlxalq Muzeylər Günü və “Avropa Muzeylər Gecəsi”ni “Muzeylər (yaddaş+yaradıcılıq)=sosial dəyişikliklər” devizi ilə keçirilməsini elan edib. Bu münasibətlə Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin rəyasət heyəti respublika muzeylərində “Şəxsiyyətimiz ... Sərvətimiz” mövzusunda müxtəlif yönümlü tədbirlər keçirilməsini qərara alıb.
Qeyd edilib ki, bu il xalqımızın görkəmli şəxsiyyətlərinin yubileyləri qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin “Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 16 yanvar tarixli Sərəncamına müvafiq olaraq həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncəviyə həsr olunmuş tədbirlər keçirilir. Bugünkü tədbir də bu silsilədən biridir.
“İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Tarix Muzeyinin direktor müavini Musa Musayev Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, tarixinə, milli mənəvi dəyərlərimizə həmişə xüsusi diqqət göstərdiyini vurğulayıb. Bu siyasətin nəticəsidir ki, Azərbaycanın mədəniyyəti və tarixi abidələri getdikcə dünya miqyasında daha yaxından tanınır. İçərişəhərdə yerləşən abidlərimiz bəşəri əhəmiyyətli abidələrdir. Bu mədəni sərvətimizin dünyada tanıdılmasında Ulu Öndərin layiqli davamçısı dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri ölçüyəgəlməzdir.
Sonra tədbir iştirakçıları sərgiyə baxıblar.
Sərgidə tanınmış şairə Məhsəti Gəncəvinin şeirlərindəki mövzulardan ilham alan xalçaçı sənətkarların toxuduğu xalçalar nümayiş etdirilib. Miniatürlər əsasında toxunan Qarabağın XX əsrə aid “Ağaclı”, Qarabağın “Məhəbbət” (1911-ci il), “Süjetli xalça”ları (1928-ci il), “Ana torpaq” (A.İsmayılov, 1984-cü il), xalçaçı rəssam Eldar Mikayılzadənin lirik səpkidə işlədiyi “Leyli və Məcnun” (2010-cu il) eskizi diqqəti cəlb edib.
Sonra muzeyin uşaq teatrının ifasında “Xalçaların bəhsi” musiqili-tamaşası göstərilib.
GÜNEL