|
|
|
|
Ustad tarzən, Azərbaycanın Xalq artisti Ramiz Quliyevə ithaf olunur
Duyduqca ürəyim nur varaqlayar,
Dərər ümidlərim bar sarı simnən.
Elə pıçıldayar – kar da ağlayar,
Bayılar vicdanı kor – sarı simnən.
Asiman yoludur məğrur biləyi,
Pərdələr – muğamlı körpə bələyi,
Tardı millətimin Sevgi mələyi,
Hər qəlbin söhbəti var sarı simnən.
Ağlayan gözlərdə yaş dili bilər,
Çeşmələr dindirər, daş dili bilər,
Peyğəmbər xislətlim quş dili bilər,
Toxuyar al-əlvan xalları simnən.
Könüllər güldürər, qəmlər sildirər,
Dastanlar danışar, müjdə bildirər,
Ürəyi nəğməli ərlər-ərənlər
Yerinnən oynadar dağları simnən.
Xalqıma yad olan bəstələr, sürün!
Tar, sənə qurbanam, hər yerdə görün!
Mizrabda baxta bax! – sədəf ömrünün
Yaşana ən gözəl çağları simnən.
Gümüşü zildədir, qızılı bəmdə;
Hikmətlər görmüşəm yazılı simdə,
Qardaşım Ramizin tar sinəsində
Segaha çəkdirər ahları simnən...
30.04.2013