Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti daha bir beynəlxalq teatr festivalında uğurla çıxış ediblər.
Mayın 12-dən – 19-dək Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçirilən 29-cu Beynəlxalq Teatr Festivalında iştirak edən kollektiv görkəmli alman yazarı Patrik Züskindin psixoloji dram janrında hazırlanmış “Kontrabas” monotamaşası ilə ölkəmizi təmsil ediblər. Festivalda Azərbaycan və Rusiya daxil olmaqla, Türkiyənin ayrı-ayrı bölgələrindən ümumilikdə 18 qrupun müxtəlif janrları əhatə edən maraqlı tamaşaları nümayiş etdirilib.
Pamukkale Universiteti Hasan Kasapoğlu Mədəniyyət Mərkəzində açılışı elan olunan festivalda giriş sözü ilə çıxış edən Dənizli Bələdiyyəsinin başçısı Osman Zolan hər kəsi salamlayaraq 29 yaşlı festivalın həyata keçirilmə məqsədləri haqqında danışıb. Onun sözlərinə görə, nümayiş etdirilən tamaşalarda insan məfhumu və onu narahat edən problemlərin aşkara çıxarılması və bu həllin mesaj vasitəsilə birbaşa tamaşaçıya ötürülməsi festivalın əsas məramını təşkil edir. 1984-cü ildə ilk dəfə gerçəkləşdirilən və günümüzədək davam edən festivalın daha bir məqsədi isə Dənizliyə gələn insanların buranın mədəniyyət, turizm və digər sahələr üzrə yetərincə inkişaf etmiş olduğunu göstərməkdir.
Festival çərçivəsində iştirakçı qruplar şəhər boyu yürüş etmiş, daha sonra Dənizli Valisi Əbdülkadir Dəmir ve Dənizli Bələdiyə başçısı Osman Zolanla görüşüblər.
Ölkəmizi təmsil edən “Kontrabas” mayın 16-da Çatalçeşmə Teatr evində nümayiş etdirilib. Tamaşada kontrabasçı rolunu Əməkdar Artist Şövqi Hüseynov ifa edib. Kontrabasçının daxili psixoloji durumunu sərgiləyən dram tamaşaçılar tərəfindən maraqla qarşılanmış, festivalın mükafatına layiq görülüb.
Tamaşalar sözügedən universitet və Teatr Evi ilə yanaşı, Sevindik Etüd Mərkəzi, Ədalət Parkı açıq hava səhnəsində nümayiş etdirilib.
Məlumat üçün bildirək ki, festival Dənizli bələdiyyəsinin Mədəniyyət və Sosial işlər müdürlüyünün təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilir.
GÜNEL