|
|
|
|
Gənclər üçün Təhsil Mərkəzi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Qızlar Seminariyası" proqramının növbəti qonağı Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova olub.
Təşkilatdan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin baş katibi Gülnar Xəlilova bildirib ki, Azərbaycan qadını tarixin bütün dövrlərində qəhrəmanlığı, sədaqəti, zəngin mənəvi keyfiyyətləri ilə hər zaman fərqlənib:
“Bu gün Azərbaycan qadınları cəmiyyətin, dövlətimizin ictimai-siyasi həyatında fəal iştirak edir. Belə qadınlardan biri də Azərbaycan Respublikasının əməkdar artisti, milli mədəniyyətimizin fəal təbliğatçısı Aybəniz Haşımovadır”.
Daha sonra Aybəniz Haşımova “Azərbaycan qadını üçün vətən anlayışı” mövzusunda çıxış edərək keçdiyi həyat yolundan, şəhid Xaliq Quliyevin həyat yoldaşı kimi torpaqlarımızın ərazi bütövlüyü uğrunda onunla çiyin-çiyinə apardığı mübarizədən söhbət açıb. Əməkdar artist mədəniyyətimizin təbliği ilə yanaşı hər il müxtəlif ölkələrdə keçirilən “Xocalıya Ədalət “ kampaniyasının fəal iştirakçısı kimi haqq mübarizəmizin aparılması istiqamətində gənc xanımları maarifləndirib.
Qeyd edək ki, 2 ay davam edəcək “Qızlar Seminariyası” layihəsində dövlət və özəl sektorda çalışmaq istəyən xanımların idarəetmə bacarıqlarına yiyələnməsi yönümündə təlimlərin keçirilməsi nəzərdə tutulur.