|
|
|
|
ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Riçard Hoqland Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı Azərbaycan mətbuatına açıqlamalar verib.
Amerikalı həmsədr "Trend"ə bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün münaqişə tərəfləri ilə işə sadiqdir. O qeyd edib ki, ərazilərin geri qaytarılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması, güc tətbiq edilməməsi və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələləri hərtərəfli həll prosesinin vacib tərkib hissələridir və tərəflər bunları müzakirə etməlidirlər: "Məhz buna görə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə çalışırıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü tez bir zamanda təşkil edək. Mən xatırlatmaq istərdim ki, həmsədrlər vasitəçidir. Biz tərəfləri yekun qərar qəbul etməyə məcbur edə bilmərik".
R.Hoqland onu da bildirib ki, yaxın həftələrdə və aylarda diplomatik fəaliyyətin genişlənəcəyi müddətdə həmsədrlər danışıqların yüksək səviyyədə təmin olunması üçün bir sıra bəyanatlar verəcək. Amerikalı həmsədr APA-ya açıqlamasında isə bildirib ki, həmsədrlər hər il etdikləri kimi, hazırda BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirlər: "Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tezliklə birbaşa danışıqları bərpa edəcəklər".
R.Hoqland prezidentlərin BMT Baş Assambleyası çərçivəsində görüşünün planlaşdırılması barədə məlumatı olmadığını söyləyib.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Riçard Hoqlandın son açıqlaması kifayət qədər tutumludur: "Ancaq elə başa düşürəm ki, amerikalı həmsədrin bu cür açıqlamasının əsas səbəbkarı "Trend"in jurnalistidir. Əgər Hoqland açıq danışan idisə, bundan bir az əvvəl APA-ya verdiyi açıqlamasında da bu ifadələri işlədə bilərdi. Görünür ki, "Trend"in əməkdaşı daha təcrübəli olduğu üçün Hoqlandan bu sözləri ala bilib".
M.Əhmədoğlu qeyd edib ki, həqiqətən münaqişənin tənzimlənməsi Dağlıq Qarabağ azərbaycanlıları öz torpaqlarına qayıtmadan mümkün deyil: "Bu sənəddə də yazılıb. Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmadan münaqişə tənzimlənə bilməz. Sadəcə olaraq bunlar həmişə Azərbaycan cəmiyyətini narahatlıqda saxlamaq üçün tənzimləmənin mahiyyətini axıra qədər açıqlamayıblar. İndi isə "Trend"in jurnalisti bu sözləri Hoqlandan ala bilib". Mərkəz sədrinin sözlərinə görə, amerikalı həmsədr son dövrlərdə ermənipərəstliyə yuvarlanıb: "Dağlıq Qarabağ münaqişəsi və eləcə də regional proseslərlə bağlı rəhbərlik etdiyim təşkilatın yanaşması olduqca ciddidir. Biz məsələyə, proseslərlə qiymət veririk. Yəni, bu gün hər hansı bir dövlət, hakimiyyət, rəsmi şəxs yaxşı söz deyib, müsbət addım atıbsa, biz buna uyğun şərhlər veririk. Sabah isə onlar pis addım atarlarsa, buna pis qiymət verəcəyik. Bu mənada, Hoqland ATƏT-in Minsk qrupuna həmsədr təyin olunandan onun haqqında yalnız müsbət fikirlər səsləndirmişəm. Çünki əlimdə buna əsas olub. Hoqland Nyu-Yorka gedib BMT rəhbərliyi ilə görüşərək bu nüfuzlu təşkilatı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb edib.
Son dövrlər BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə qədər mövqe nümayiş etdiribsə, hamısı pozitiv xarakterli olub, Azərbaycanın maraqlarına cavab verib. Ən əsası bunun səbəbkarlarından biri Hoqland idi. Bundan başqa, Hoqland İrəvana, daha sonra Dağlıq Qarabağa gedərək çox gözəl bir yanaşma ortaya qoyub. Amerikalı həmsədr iqtisadi parametrləri Dağlıq Qarabağ tənzimlənməsinə daxil edib. Məlumdur ki, həmin dövrdə ABŞ prezidenti Tramp xarici ölkələrə yardım büdcəsini kəsib azaltmışdı. Hoqland ermənilərə açıq-aşkar deyib ki, iqtisadi güc, pul mənbəyi Ermənistanın qonşusu Azərbaycandadır. Bununla o, erməniləri Dağlıq Qarabağ münaqişəsini həll edib Azərbaycanla münasibətləri qaydaya salmağa çağırıb. Lakin Riçard Hoqland Azərbaycan mətbuatına son açıqlamalarından bir az əvvəl "Amerikanın səsi" radiosuna verdiyi müsahibədə açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirib. O, həmin müsahibədə hərtərəfli tənzimləmə variantının olduğunu desə də, konkret fikirlər, həmin detalları bildirməyib. İndi isə "Trend" Riçard Hoqlandan hərtərəfli tənzimləmə planının detallarını öyrənə bilib. Amerikalı həmsədr deyir ki, hərtərəfli tənzimləmə variantı var, lakin ilk olaraq snayperlər geri çəkilməli, qoşunların təmas xəttinə müasir monitorinq qurğuları quraşdırılmalıdır. Yəni, Hoqland özü-özünə zidd gedir. Əgər tənzimləmə planı varsa, prosesə uyğun olaraq işğalçı erməni qoşunları Azərbaycan ərazilərini tərk edəcəklərsə, o zaman Hoqland deməlidir ki, müasir monitorinq qurğuları yeni təmas xəttində quraşdırılmalıdır. Ancaq amerikalı həmsədr deyir ki, bu qurğuları indiki təmas xəttinə yerləşdirilməlidir. Bu, ermənilərin şərtini diqtə etməkdir".
Politoloqun fikrincə, Hoqland özbaşına ermənipərəst olmayıb: "Hazırda ABŞ-la Rusiya arasında geosiyasi mübarizə gedir. Görünür, ermənilər ABŞ-ı inandıra biliblər ki, onlar Amerikanın əlində Rusiyaya qarşı ən güclü əlatlərdir. Vaxtilə ermənilər ABŞ-ın əlində alət olaraq SSRİ-nin dağılmasında necə iştirak ediblər, indi də Rusiyanın dağılmasına qarşı alət kimi istifadə ediləcəklər. Amerikalılar buna inanıblar. ABŞ Dövlət Departamentində bütün bu məsələlərə baxan Con Hefferndir. Bu şəxs Riçard Millzdən qabaq ABŞ-ın Ermənistanda keçmiş səfiri olub. İndi Heffern ABŞ Dövlət Departamentində Viktoriya Nolandın vəzifəsini icra edir. Bu, çox böyük vəzifədir. Heffern rəsmi şəkildə təsdiq olunmasa da, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edir. Görünən odur ki, Heffern də Hoqlanda təsir edib".
Milli Məclisin deputatı Sahib Alıyev isə bildirib ki, Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland artıq Azərbaycanla Ermənistan arasında qarşılıqlı güvən yaratmağın zamanının gəlib çatdığını bildirib. S.Alıyev bildirib ki, Hoqlandın dediyinə görə, Minsk qrupuna həmsədrlik edən Rusiya da bu fikirləri bölüşür.
Deputat hesab edir ki, ABŞ-Rusiya arasında son 25 ildə heç vaxt indiki qədər ziddiyyət və güvənsizlik olmayıb: "Bu iki ölkənin əl-ələ verib bizim regionda qarşılıqlı güvən yaradacaqları təəssüf ki, ağlabatan deyil. Bunun da iki səbəbi var. Birinci səbəb ermənilərlə bizi barışdırmaq istədiklərini deyənlərin özlərinin arasında böyük güvənsizliyin olmasıdır. İkinci və ən əsas səbəb isə həmsərdlərin bilərəkdən odu qoyub tüstüylə oynamalarıdır".
S.Alıyevin sözlərinə görə, qarşılıqlı güvən yaranması üçün işğalçı işğal altında olan Azərbaycan torpaqlarını qaytarmalıdır: "Əgər Ermənistan bunu etmirsə, bizə qarşı düşmənçilik siyasəti yeridirsə, ona necə güvənə bilərik? Nəinki Ermənistana, onun işğalçılıq siyasətinə dözümlü nədir, hətta himayədarcasına yanaşan həmsədrlərin özünə belə bu gün Azərbaycanda çox təbii olaraq heç bir güvən yoxdur və cənab Hoqland da bunu bilməmiş deyil. Ona görə də həmsədr ölkələr ilk növbədə buna çalışmalıdırlar ki, biz azacıq da olsa, onlara güvənə bilək. Bunun üçün çox yox, azacıq da olsa, ədalətli davranmalı, öz maraqlarından deyil, beynəlxalq hüquq normalarından çıxış etməlidirlər. Həmsədrlər Ermənistana geosiyasi alət və forpost yox, işğalçı gözüylə baxmalıdırlar".
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın Minsk qrupundakı həmsədri R.Hoqland "Amerikanın səsi" radiosuna verdiyi müsahibədə qeyd etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərin etimadın möhkəmləndirilməsi istiqamətində addım atmalarının vaxtı çatıb. O, ümid etdiyini bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə müəyyən addımlar atılacaq: "Mən başa düşürəm ki, hazırda tam demilitarizasiya mümkün deyil. Lakin biz hərbi toqquşma ehtimalını aşağıya endirməliyik. İlk növbədə təmas xəttindən və sərhəd zonasından snayperlər geri çəkilməli, müşahidəçilərin sayı artırılmalı və xüsusi avadanlıqlar yerləşdirilməlidir. Əgər iki silahlı tərəf üz-üzə durubsa, hərbi toqquşmanın mümkünlüyü hər zaman var. Mən ümid edirəm ki, prezidentlərin növbəti görüşü zamanı tərəflər həmrəylik nümayiş etdirəcək və hətta tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığını elan edəcəklər".
Hoqland bildirmişdi ki, münaqişənin həlli ilə bağlı çərçivə sazişi, onunla əlaqəli addımlar və mərhələlər mövcuddur: "Nizamlanmanın əsasında isə regionun əhalisinə sülh, təhlükəsizlik və rifah gətirəcək, vəziyyəti demilitarizasiya edəcək kompromisin axtarılması dayanır".
Amerikalı həmsədr Rusiya-ABŞ münasibətlərinin danışıqlar prosesinə təsiri məsələsinə də toxunmuşdu: "İki ölkə arasında yaranmış gərginliyə baxmayaraq, ABŞ Rusiya ilə bu məsələdə işləməyə davam edir. Bizim işimizdə bir-birimizlə münasibətdə heç nə dəyişməyib. Siyasətçilər öz aralarında toqquşa bilərlər, lakin biz işimizi davam etdirmək niyyətindəyik".
Ceyhun ABASOV