|
|
|
|
Avqustun 19-da Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) H-IIA ağır raketdaşıyıcısı vasitəsilə “Miçibiki” rabitə süni peykini orbitə çıxarıb.
Raketin buraxılışı Kaqoşima prefekturasının cənub-qərbində yerləşən Taneqaşima kosmodromundan birbaşa yayımla translyasiya edilib.
Raketin buraxılması avqustun 11-nə planlaşdırılsa da əvvəlcə hava şəraitinə görə, növbəti dəfə isə texniki səbəblərə görə təxirə salınıb.
NHK telekanalının yaydığı məlumata görə, raketin buraxılışı uğurlu alınıb. Təqribən 420 kilometr hündürlükdə H-IIA raketdaşıyıcıdan ayrılan aparat Yerin ətrafında müəyyən edilmiş trayektoriya üzrə hərəkətə başlayıb.
Orbitə ilk belə aparat 2010-cu ilin sentyabrında, ikincisi isə cari ilin iyununda buraxılıb. Yaponiya hökumətinin planına əsasən, 2018-ci ildə qrupun süni peyklərinin sayı dördə çatdırılacaq və onlardan ABŞ-ın GPS qlobal mövqe müəyyənetmə sisteminə əlavə kimi istifadə ediləcək.
2023-cü ildə GPS-dən asılı olmayaraq çalışan “Miçibiki” aparatlarının sayının yeddiyə çatdırılması planlaşdırılır.
OZSS adı almış yapon mövqe müəyyənetmə sisteminin fərqli cəhəti onun qəbul etdiyi siqnalları yüksək səviyyədə açmasıdır. Belə ki, yeni sistemin yol verə biləcəyi yanlışlığın cəmi altı santimetr təşkil edəcəyi bildirilir.
Yapon mütəxəssislərin qənaətinə görə, GPS sisteminin bu yapon analoqunun tətbiqi gələcəkdə müvafiq bazarın ümumi məbləğinin 2 trilyon yen (təqribən 18,2 milyard dollar) səviyyəsinə qalxmasına imkan yaradacaq.
AzərTAc