Çağdaş poeziyamızın öncül nümayəndələrindən olan Xalq şairi Fikrət Qocanın bugünlərdə növbəti doğum günü qeyd edildi.
Söz xəzinəmizə onlarla parlaq poetik nümunə, yüzlərlə dəyərli əsər bəxş etmiş, bu gün də əzmlə, ilhamla yazıb-yaradan Fikrət Qoca, haqlı olaraq, ədəbiyyatımızın canlı klassiki, gerçək korifeyi sayılır.
Yeni yaşı münasibətilə Xalq şairini ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ömrünün bundan sonrakı illərində də böyük yaradıcılıq uğurları arzulayırıq. Bu əlamətdar günlə bağlı onun bir neçə seçmə şeirini oxucularımızın diqqətinə çatdırırıq.
Mən kiməm
I
Mən ayaq açıb anamın yanından
məzarıma kimi gedən bir yolçuyam.
Atamın məsləkinə, anamın laylalarına
qarovulçuyam.
II
Məni yandırıb-yaxan
ən böyük hicranımın səbəbi
görüşlərimdir.
Böyük, kiçik, yaxşı, pis
bütün əməllərim
yolüstü gördüyüm işlərimdir.
lll
Evim-avtobuslar, vaqonlar, təyyarələr.
Kəndlər, şəhərlər, səyyarələr-
dayanacağım.
Milyon kilometrlərlə ömür yaşamışam.
Kim bilir,
harada dayanacağam.
Xəstə və həkim
- Bir az ömür istəyirəm,
bir az, bir az da...
Bir əsr də azdır, beş əsr də,
On əsr də azdır.
Həkim heyrətlə
xəstənin nəbzindən
çəkdi əlini.
Bəs nə qədər?
- Beş gün də olsa,
bilməyim qədərini.
Səkilər
Çalın-çarpaz küçələr,
düyün-düyün səkilər.
Sinənizdə quş kimi
döyündüyüm səkilər.
Çox da öyünməyin siz,
dağılardı səkiniz,
Küçələrdən keçsəydi
qəlbimizdən keçənlər.
İnfarkt
Ürək doğuldu,
böyüdü, yaşa doldu,
İnfarkt oldu.
Yüz yana yozdular səbəbini,
Axtardılar çarəsini də.
Əsl səbəbi
ani intizar idi
“hə” ilə “yox” arasında.
Gecə yaman uzundur
Gözümün işığına
hər kirpik bir yük olur.
Gecə yaman uzundur.
Bəzən bir ömürdən də
bir gecə böyük olur.
Gecə yaman uzundur.
Qəlb vüsalın möhtacı,
Göz yuxunun möhtacı,
Gecə yaman uzundur.
İndi yəqin yuxuda
Xumar-xumar gülürsən,
Eh... sən hardan bilirsən
Gecə yaman uzundur.
İnsanam
Ömrümün sonuna doğrudur
atdığım hər addım.
Hələ üstəlik,
Atom bombası, böhtan, nüvə silahı, tənə
Bunları da
özümü öldürmək üçün yaratdım.